Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanlarının Mərkəzi Bank tərəfindən təqdimat mərasimi keçirilib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov mərasimdə çıxış edərək, ulu öndərin iqtisadi inkişaf strategiyasından danışıb. Mərkəzi Bankın sədri Taleh Kazımov ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərin dövlətçilik tariximizdəki yerindən söz açıb.
Bildirilib ki, bütün bu addımlar sayəsində müasir dövlət, güclü iqtisadiyyat və inklüziv cəmiyyət hədəfi bu gün artıq reallığa çevrilib. Heydər Əliyev dövlətçilik məktəbi müstəqil Azərbaycanın dayanıqlı inkişafının daim ideoloji əsası olacaqdır.
Sonra “Heydər Əliyev – Vətənə, xalqa həsr edilən ömür” filmi nümayiş etdirildi.
Daha sonra çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, “AzərGold” QSC-nin İdarə heyətinin sədri Zakir İbrahimov və Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev ölkəmizin inkişaf strategiyasının işlənməsində və həyata keçirilməsində Heydər Əliyevin rolundan bəhs etdilər.
Çıxışlardan sonra yeni pul nişanları barədə videoçarx təqdim olundu.
Taleh Kazımov ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanlarının tədavülə buraxılmasını elan etdi.
Qeyd olundu ki, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkəmizin tarixində ilk dəfə olaraq yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış investisiya məqsədli pul nişanlarının mayın 10-dan etibarən tədavülə buraxılmasını elan edib. Eyni zamanda, Mərkəzi Bank ənənəsinə sadiq qalaraq ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik tarixinin əbədiləşdirilməsi məqsədilə yubiley pul nişanlarını da tədavülə buraxır. Bu pul nişanları xüsusi dövlət tədbirləri üçün nəzərdə tutulub.
Pul nişanlarının əsas dizayn elementləri kimi ön tərəfində ulu öndərin portretinin profil görüntüsü, imzası və “Heydər Əliyev” yazıları, arxa tərəfində isə “Azərbaycan Respublikası” sözləri, Dövlət Gerbinin təsviri, pul nişanının nominalı və milli naxışlar əks olunub.
“Xalq qəzeti”