Dünən Xalçaçı Günü münasibətilə İçərişəhərdə “Azərxalça”nın nümayiş və satış salonunda ümummilli lider Heydər Əliyevin 100 illiyinə sənət hədiyyəsi olan “Heydər Əliyev 100” adlı xatirə xalçasının təqdimat mərasimi keçirilib.
“Azərxalça” ASC-nin “Can Azərbaycan” MMC ilə birlikdə təşkil etdiyi təqdimatda əvvəlcə “Azərxalça” ASC İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov bildirib ki, xalçaçılar öz peşə bayramlarını əlamətdar bir dövrdə - milli dəyərlərimizin hamisi, ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində qeyd edirlər. Belə bir tarixi günün təsis edilməsi ümummilli liderin qədim xalça sənətinə və onu yaşadan fədakar insanlara verdiyi yüksək qiymətin ifadəsidir. “Heydər Əliyev 100” adlı xatirə xalçasının yaradılması isə ümummilli lider Heydər Əliyevin əziz xatirəsini məhz dəyər verdiyi, böyük diqqət göstərdiyi xalça sənəti vasitəsilə, əsl Azərbaycan xalçası ilə yad etməkdən ibarətdir.
Təqdim olunan nadir xalçanın ideya müəllifi, Əməkdar artist Tahir İmanov bu gözəl təşəbbüsdən danışaraq bildirib: “Ulu öndərlə ünsiyyətdə olmuş insan kimi düşündüm ki, mən də Heydər Əliyevin 100 illiyi ilə bağlı nə isə edə bilərəm və ideya yarandı. Bu gün təqdim olunan layihə Azərbaycanın xəritəsi ilə bağlıdır və ümumilikdə düşünürəm ki, ulu öndər Heydər Əliyev Azərbaycanın özüdür”.
Bildirilib ki, bu özəl 100x100 ölçüsündəki yun xalça yalnız 100 nüsxədə toxunub. Xalçanın üzərində Azərbaycanın bölgələrinə xas xalça növlərinin göstərildiyi xəritə, ümummillili liderin hər zaman sevə-sevə səsləndirdiyi Səməd Vurğunun "Azərbaycan" şeirindən sətirlər, Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” sözləri və onun 3D formatında imzası yer alır. Xalça təqdim olunduğu gündən etibarən satışa çıxarılacaq və bu seriya bir daha istehsal olmayacaq.
“Xalq qəzeti”