Biz türklər tarix boyu qadınlarımızı Vətənimiz qədər çox sevmişik. Çünki yaranışdan üstündə gəzdiyimiz torpağa ANA torpaq, ANA Vətən demişik. Döyüşçü, qılınc qurşanıb at minən hökmdar, sərkərdə qadınlarımız, qızlarımız olsa belə, nədənsə, qolumuzda qüvvət, ürəyimizdə təpər olduqca, düşmən çəpəri olan oğullarla döyüşüb qadınlarımızı müharibə meydanından uzaq saxlamağa çalışmışıq...
Bu, Azərbaycan tarixindəki son davamızda da belə oldu. Birinci Qarabağ savaşında qadınlar batalyonunun yaradılmasına etiraz etdik. Amma o qəhrəman əsgər anaları, şəhid bacıları dediklərini etdilər. O savaşda neçə döyüşçüyə dayaq olan, neçə yaralı əsgəri həyata qaytaran qadınlarımız, döyüş meydanında böyük cəsarətlə, qeyrətlə savaşan qızlarımız da oldu... Zamanında bu məsələdə mənim fərqli yanaşmam var idi. Hələ Azərbaycan Dövlət Televiziyasında çalışarkən cəbhədə tez-tez olan jurnalist kimi qızlarımızın da ora getməsini təklif edərdim. Fəqət, hər dəfə də hamı bu təklifə “Bir qadının, qızın cəbhədə nə işi var?!” – deyə ağız büzərdi...
Sonralar Müdafiə Nazirliyinin Sənədli Filmlər Kino-telestudiyasında xidmətdə olarkən yenə də rəhbərliyə bir qadın jurnalistə ehtiyac olduğunu dedim. Fikrimi də “Cəbhədəki əsgərlərin xidmətinə bir ana, bacı yanaşması olarsa, verilişlər daha səmimi, sözümüz daha tutarlı olar”, – deyə əsaslandırırdım. O məqamlarda vaxtı ilə AzTV-də “Xoş gördük” səhər proqramında bir yerdə çalışdığım Ağanisə Sultanova mənə Müdafiə Nazirliyində yeni yaratdığımız hərbi studiyada çalışmaq istəyini bildirmişdi. Ağanisə xanım gəldi, rəhbərliyə təqdim etdim, razılıq alındı, amma Baş Qərargahdan “Bu qədər kişi ola-ola qız müxbirə nə ehtiyac var!” – deyə bu işə etiraz gəldi. Yeri gəlmişkən, Ağanisə xanım sonra indi mənim də çalışdığım “Xalq qəzeti”ndə müxbir kimi çox məhsuldar fəaliyyət sərgilədi. Və məncə, qadınlarımızı, qızlarımızı döyüşlərdən, savaşdan uzaq tutmağa çalışarkən ən əsası, “Hər türk qadını bir qəhrəman doğar” misalını unutduq. Qəhrəman dünyaya gətirən qadın özü də bir qəhrəmandır!.. Şair Mehmet Emin Yurdakul qadınların həyatımızdakı, mübarizəmizdəki ruhverici gücü haqda gözəl yazıb:
“Sənin səsin hayat üçün döyüşməyə səsləyər,
Sənin sevgin Vətən üçün fədakarlıq öyrədər,
Sənin üzün insan üçün bir mərhəmət duyurar;
Sənin ilə insanoğlu yer üzünü fəth edər.”
Bu misalları bizə illərlə sonra, İkinci Qarabağ savaşında qəhrəman jurnalist, ən qaynar nöqtələrdə, mərmilərin, bombaların yağış kimi yağdığı bölgələrdən xəbər verən türk qızı Fulya Öztürk daha gözəl isbatladı. Cəbhənin od-alovu içindən anbaan xəbər çatdıran Fulya həm də arxada QƏLƏBƏ xəbəri gözləyən xalqımıza, raket, mərmi yağışı altında qalan vətəndaşlarımıza, addım-addım irəliləyən döyüşçülərimizə arxa-dayaq oldu. Fulya “Bir qız müxbir cəbhədə nə edə bilər ki?!” tərəddüdümüzü alt-üst elədi. Onu İkinci Qarabağ savaşında izlədikcə kaş ki, “Birinci Qarabağ savaşında da bizimlə çiyin-çiyinə informasiya cəbhəsində “döyüşəydi” – deyə düşünürdüm.
Fulya cəsarəti, insansevərliyi, həqiqətin yanında mərd duruşu ilə müharibə adlı qorxulu bir kabusa meydan oxudu. Vətənimizin ağır günlərində Azərbaycanı doğma Vətəni kimi sevərək ağır yükümüzün altına çiynini verib cəbhəyanı ərazilərimizdəki soydaşlarına, doğma torpağında işğala, hücuma məruz qalan insanlara arxa, dayaq oldu, xəbər gözləyən əsgər doğmalarını cəbhədən xəbərsiz qoymadı. Üzbəüz görüşməsək də, Vətən müharibəmizdən verdiyi xəbərlər əsnasında tanımaq istədim onu. Doğum tarixinə baxanda Azərbaycanın çətin, təkləndiyimiz günləri yadıma düşdü. Ölkəmizin müstəqillik uğrunda mübarizə apardığı ildə doğulub Fulya – 1989-cu ildə. Kim bilərdi ki, Azərbaycanın elan olunmamış bir müharibəyə, cəlb olunduğu, işğala məruz qaldığı bir vaxtda doğulan Fulya illərlə sonra o yerlərin azad olunmasının xəbərini verəcək, neçə əsgər anasını sevindirəcək, yurdundan didərgin düşənlərə o yerlərin işğaldan azad olunma xəbərini Ali Baş Komandanla, az qala, səs-səsə verib çatdıracaq.
Yeri gəlmişkən, yaxın günlərdə Türkiyədə səfərdə olan Prezidentimiz İlham Əliyevin Fulyanın müsahibəsi əsnasında qardaş ökənin Cumhurbaşqanı R.T.Ərdoğanla bir yerdə qəhrəman həmkarımızın fədakarlığını dəyərləndirmələri də çox təsirli anlar oldu. O dialoqda iki dövlət rəhbərinin verdiyi dəyər bir jurnalist üçün ən böyük mükafat idi...
Prezident Rəcəb Tayyib Ərdoğan: Bu qızı tanıyırsan?
Prezident İlham Əliyev: Təbii ki, tanıyırıq. Bu, bizim qızdır. İkinci Qarabağ savaşında ən təhlükəli yerlərə gedən jurnalistdir. Bizimlə kədərləndi, bizimlə sevindi, Qələbəni də bizimlə qeyd etdi. Bu qız bizim qızımızdır...
Bir jurnalistin iki böyük ölkənin rəhbərindən bu cür alqış almasına, düzü, bir az da həsədlə baxdım. Fulya bizim ondan öncə keçdiyimiz yolda daha önə keçdi. O bu alqışı, tərifi jurnalist, telereportyor bacarığından çox cəsarəti, insansevərliyi, milli təəssübkeşliyi ilə qazandı. Zaman-zaman bəzi həmkarlarımla mübahisə mövzusuna çevrilən məsələ – bir jurnalistin tərəfsiz, soyuqqanlı, yalnız xəbər çatdırmaq xatirinə fəaliyyətindənsə, Fulya kimi Vətən, millət sevgisi ilə davranmaq daha dəyərli və təqdirəlayiq imiş.
Fulya qandaşlarına, soydaşlarına, qardaş ölkəyə çətin anda elə bu ifadənin hər iki mənasında “göz-qulaq” oldu. Gözü kor olan dünyanın qulağına Azərbaycan həqiqətlərini uca səslə çatdırmağa çalışdı. Var olasan, fədakar həmkarım, müharibə jurnalistikasının şəfqət bacısı! İnşallah Türk dünyasının daha böyük uğur və qələbələrinin də carçısı olarsan!
Rahib QƏRİB, “Xalq qəzeti”

