Türkiyə 20 il əvvəl daha çox aqrar və xidmət sektorları üzrə ixtisaslaşmışdırsa, indi müasir sənaye dövlətinə çevrilməkdədir. Hazırda bu dövlət hərbi, avtomobil sənayesində xüsusi üstünlüyə malik ölkə kimi diqqət çəkir.
Azərbaycan Prezidenti İlham Əliyev bu il martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündəki çıxışında Türkiyənin son 20 ildə böyük və şərəfli yol keçdiyini, qardaş ölkənin dünyada söz sahibi olduğunu, güc mərkəzinə çevrildiyini, dünyada Türkiyə ilə hesablaşıldığını və ona hörmət edildiyini bildirib. Dövlətimizin başçısı daha sonra deyib: “Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün türk dünyası üçün önəmli şərtdir”.
Həqiqətən də Türkiyə bu gün həm də müdafiə sənayesinin inkişafı ilə diqqət çəkir. Məsələn, qardaş ölkənin hazırda səsdən sürətli raketi hava, quru və dəniz platformaları ilə inteqrasiya edir. Xatırladaq ki, bu silahların analoqsuz xarakterə malik yerli istehsal olması və Türkiyənin silah idxal etmək asılılığını aradan qaldırması baxımından mühüm önəm daşıyır. Onu da deyək ki, havadan zərbələr kateqoriyasında Türkiyənin “Bayraktar”, “Aksunqur”, “Akıncı” və “Kızılelma” da daxil olmaqla pilotsuz döyüş aparatları beynəlxalq hərbin fırlanma oxuna təsir edir.
Beləliklə, Türkiyədəki ballistik raketlər, hədəfi dəqiq vuran “ağıllı” sursatlar, hava hücumundan müdafiə sistemləri, tanklar, hava-yer tipli səsdən sürətli raketlər, döyüş gəmiləri və s. beynəlxalq gücləri qardaş ölkə ilə məsafəli davranışa məcbur edir. Ümumiyyətlə, Türkiyənin “Baykar”, “ASELSAN”, “ROKETSAN”, “HAVELSAN” kimi müdafiə sənayesi şirkətlərinin istehsal etdikləri hərbi məhsulların siyahısına əlavələr etməsi Azərbaycan üçün də zəruridir.
Qeyd edək ki, xarici ticarət potensialı 500 milyard dollara çatan Türkiyə müdafiə sənayesi üzrə öz tələbatını qarşılamaqdan başqa, “İHA”, “SİHA”, “Akıncı”, quru vasitələri, dəniz platformaları başda olmaqla, 170 ölkəyə müdafiə sənayesi məhsulları ixrac edən bir ölkə səviyyəsinə yüksəlib, sənaye və texnologiya istiqamətində qurulan 152 yeni sənaye zonası, 29 sənaye zonası və 94 texnoparkla istehsal gücünü artırıb.
Türkiyənin hərbi gücü barədə son vaxtlar beynəlxalq mediada da bir sıra yazılar verilməkdədir. Belə ki, dünyanın bir çox ölkəsinə ixrac edilən və müharibənin gedişatını dəyişməyə qadir olan qardaş ölkənin pilotsuz uçuş aparatları bu dəfə ABŞ mətbuatının gündəmindədir. Türkiyə müdafiə sənayesinin qabaqcıl şirkətlərindən biri olan “Baykar”ın istehsal etdiyi pilotsuz təyyarələrə diqqət çəkən “Forbes” jurnalı maraq doğuran təhlili yazı dərc edib. Həmin materialda Türkiyə–Misir arasında problemlər həll olunmağa başlayan kimi, bu ölkənin “Bayraktar TB2” pilotsuz uçuş aparatı ala biləcəyindən bəhs olunub.
“Forbes” daha sonra Türkiyənin dron sənayesinə diqqət çəkib: “Türkiyə pilotsuz uçuş aparatları sənayesi və dünyanın onlarla ölkəsinin tələb etdiyi “Bayraktar TB2” pilotsuz uçuş aparatı sayəsində yüksəlişdədir”. Təhlildə qeyd olunub ki, Türkiyənin Misirə “Bayraktar TB2” pilotsuz uçuş aparatı satması üçün heç bir maneə yoxdur. Çünki hər iki ölkə bir neçə regional rəqibin izinə düşərək yaxın gələcəkdə münasibətləri düzəldə biləcəkləri üçün bu fikirdə həmrəydir.
Xatırladaq ki, “Bayraktar TB2” kəşfiyyat missiyaları üçün orta hündürlükdə uzun müddət havada qala bilən taktik silahlı pilotsuz uçuş aparatıdır. O, tam avtonom uçuş, eniş və müşahidə imkanlarına malikdir. “Bayraktar TB2”nin uğuru dünyanın bir çox böhran bölgələrində ön plana çıxıb və bir çox ölkə Türkiyə PUA-larını əldə etmək üçün növbəyə yazılıb.
Türkiyənin hərbi sənaye sahəsində əldə etdiyi uğurlardan danışarkən bir məqamı da xatırlatmaq istərdik. Belə ki, qardaş ölkənin hərbi-müdafiə gücü Azərbaycanın da qüdrətlənməsini, təhlükəsizliyini şərtləndirir. Bu amil “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” imzalanan Şuşa Bəyannaməsində də öz aydın ifadəsini tapır. Bəyannamə əsasən, Cənubi Qafqazı sülh regionuna çevirmək məqsədi daşıyır. Belə bir tarixi əhəmiyyət daşıyan sənəddə bir sıra məsələlərlə yanaşı, iki qardaş ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunması istiqamətində sıx əməkdaşlığı da nəzərdə tutulur. Eyni zamanda, bəyannamədə bu məqsədlə səlahiyyətli struktur və qurumların qarşılıqlı əlaqəli fəaliyyətinin təmin edilməsi vurğulanır.
Ümumiyyətlə, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ndə Azərbaycan və Türkiyə arasındakı ikitərəfli münasibətlərin daha da genişləndirilməsi perspektivləri diqqət mərkəzində saxlanılaraq, bir sıra sahələrdə, o cümlədən müdafiə sektorunda imkan və potensiallarının birləşdirilməsi, dərinləşdirilməsi xüsusi yer tutur. Eyni zamanda, bu sırada müştərək maraq daşıyan regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsi də prioritet vəzifələrdən biridir.
V.BİNYƏTOĞLU,
“Xalq qəzeti”

