Ulu öndər və gənclərin milli-mənəvi tərbiyəsi

post-img

Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır.

Heydər ƏLİYEV,
Ümummilli lider

Heydər Əliyev gənc nəslin tərbiyəsinə, təhsilinə, özlərinin milli mənsubiyyətini yüksək tutmasına, ölkəmiz üçün layiqli varislər olmasına həmişə böyük diqqət yetirmişdir. Ulu öndər gənclərə lazımi kömək göstərmiş, onlara müdrik tövsiyələrini, məsləhətlərini vermişdir. İstər müxtəlif illərdə tələbə olmuş gənclərlə görüşlərində, istər yeni dərs ilinin başlanması münasibətilə məktəblərdə keçirdiyi tədbirlərdə, istər ali məktəblərdə olduğu vaxtlarda və istərsə də gənclər forumunda etdiyi məruzə və çıxışlarında gənclərin fəaliyyətlərini yüksək qiymətləndirmişdir. O, Azərbaycan gəncliyinə həmişə nikbin nəzərlərlə baxmış, bugünkü gənclərin gələcəkdə ölkəmizi idarəedənlər olacağına inamını ifadə etmişdir. 

Ümummilli lider 2 fevral 1996-cı ildə Azərbaycan gənclərinin Birinci forumun­da etdiyi məruzədə gənclərə xitabən demişdir: “Hər bir Azərbaycan gənci cə­miyyətdə, Vətəndə, ölkədə öz vəzifələrini layiqincə yerinə yetirməyə çalışmalıdır. ...Azərbaycanın müstəqil gələcəyini tə­min etmək üçün Vətəni sevməlidir, ölkəni sevməlidir, torpağı sevməlidir, xalqımızı sevməlidir, millətimizi sevməlidir, dilimi­zi sevməlidir, dinimizi sevməlidir, milli ənənələrimizi sevməlidir.”

Heydər Əliyevin gənclərimizə verdi­yi dəyərlər, onların qarşısına qoyduğu vəzifələr və etdiyi tövsiyələr həm dövlət müstəqilliyimizdən əvvəlki illərdə (1969-1990), həm də müstəqillik əldə edildik­dən sonrakı illərdə (1991-2003) özü­nün mahiyyətinə görə milliliklə bəşəriliyi özündə birləşdirən bir xətt üzrə inkişaf edir. Bunlar ulu öndərin gənclərimizi təh­silli, mənəviyyatlı, ləyaqətli, vətənpərvər, yüksək amallar uğrunda mübariz və s. dəyərlərə yiyələnmiş əsl vətəndaşlar kimi görmək arzusundan qaynaqlanır. 

Ulu öndər gənclərin milli-mənəvi tər­biyə və milli ləyaqət hissinin çoxfunksiyalı və çoxistiqamətli konsepsiyasını vermiş­dir. Bu konsepsiyada milli-mənəvi tər­biyə, milli ləyaqət hissi heç də bir ifadə, bir məzmun və bir istiqamətlə məhdud­laşmır. Bu, bütöv və bütövləşmiş şəxsiy­yətin mahiyyətini özündə əks etdirən və bir-biri ilə bağlı olan mənəviyyat komp­leksini özündə birləşdirir. Milli mənəviy­yat, milli ləyaqət məhz onların birliyi zə­minində formalaşır və inkişaf edir. Sanki bir sapa düzülən incilər kimi bu komplek­sə daxil olan kommponentləri aşağıdakı kimi xarakterizə etmək olar. 

Mükəmməl təhsil

Heydər Əliyev gənclərin təhsil alması­na, eyni zamanda, yaxşı təhsil almasına həmişə yüksək qiymət verməklə yanaşı, həm də buna böyük qayğı və diqqətlə ya­naşmışdır. Təhsili millətin gələcəyi hesab etməklə Vətənin gələcəyinin gənclərimi­zin yaxşı təhsil almasından bilavasitə ası­lı olduğunu qeyd edən böyük öndər hələ müstəqilliyimizdən çox-cox əvvəllər (27 avqust 1977-ci iı, Tələbələrin respublika fəalları ilə görüşü) deyirdi: “Tələbələrin vəzifəsi yeniliklə ayaqlaşmaqdan, arası kəsilməyən artan informasiya axınından bacarıqla baş çıxarmaqdan, elmə dərin­dən, səylə, yaradıcılıqla yiyələnməkdən ibarətdir”. 

Tələbəlik illərində alınan biliyi profes­sional fəaliyyətin bünövrəsi hesab edən ulu öndər gələcəkdə cəmiyyətin inkişafı üçün daha səriştəli, daha bilikli və daha məlumatlı kadrlara tələbatın olacağını qeyd edərək göstərirdi ki, kamil mütəxəs­sislər kimi yetişmək, təhsili başa vurduq­dan sonra fəal surətdə əməli fəaliyyətə qoşulmaq, cəmiyyətə, xalqa böyük fay­da vermək üçün hələ tələbəlik illərindən buna hazırlaşmaq, bu illərin imkanların­dan maksimum səviyyədə istifadə etmək lazımdır. Tələbəlik illərində bilik ehtiyatı toplanmalı, dərin və möhkəm bilik uğrun­da mübarizə aparılmalıdır. Təhsildə, elm­də qələbə çalmaq üçün yorulmadan hər gün nə isə yeni bir şey öyrənməyə can atmaq lazımdır. 

Heydər Əliyev müstəqilliyimizin ilk illərində respublikamızın bugünü və gələcəyi üçün yüksək təhsili və mədə­niyyətə malik, dövrün tələblərinə cavab verə bilən mütəxəssislər hazırlanmasını xalqımızın qarşısında duran günün vacib vəzifələrdən biri hesab edirdi. Türkiyəyə təhsil almağa gedən tələbələr qarşısında çıxışında (5 oktyabr 1992-ci il, Naxçıvan və 7 fevral 1994-cü il, Bakı) bu tələbələrin Azərbaycanın gələcəyi üçün göndərildiyi­ni, bununla bərabər, onlara xalqımıza xas olan mədəniyyət və mənəviyyat nümunə­si göstərmələrini də tövsiyə edirdi. Qeyd edirdi ki, Azərbaycanın dövlətini, dövlət siyasətini, iqtisadiyyatını və mədəniyyəti­ni yalnız həqiqi ali təhsil, həqiqi bilik almış şəxslər inkişaf etdirə bilərlər.

Fəal həyat mövqeyi

Gənclərimizin fəal həyat mövqeyinə malik olması, demək olar ki, Heydər Əli­yevin gənclərə bütün tövsiyələrinin nəti­cəsi, məsləhət və göstərişlərinin yekun müddəası kimi özünü göstərir. Yaxşı təh­sil almaq və ölkənin həyatında fəal iştirak edə bilmək, üzərinə düşən məsuliyyəti axıra qədər dərk etmək, iradə zənginli­yinə, mənəvi düşüncəyə sahib olmaq, qətiyyətli hərəkət etmək, ümumbəşəri mənəvi sərvətlərlə özünün daxili aləmini zənginləşdirmək və s. Bütün bunlar ulu öndərin gənclərin fəal həyat mövqeyinə malik ola bilmələri üçün onların yiyələn­məli olduqları keyfiyyətləri özündə tə­cəssüm etdirən fəaliyyətin məzmununu təşkil edir. Hələ 1979-cu ildə Bakıda ke­çirilən Ümumittifaq elmi-praktik konfrans­da etdiyi məşhur məruzəsində Heydər Əliyev bu problemə böyük önəm verərək, bunun üçün insanların mənəvi-əxlaqi, əmək-estetik, vətənpərvərlik-beynəl­miləlçilik, ideya-siyasi və s. tərbiyəsinə malik olmağı yüksək qiymətləndirmişdir. 28 avqust 1982-ci ildə tələbə gənclərlə ənənəvi görüşündə o, gənclərə həyatın çətinliklərinə qarşı mübarizə aparmaq və cəmiyyətin faydalı üzvü olmaq üçün pak olmağı, əsl həyat qanunlarını öyrənmə­yi, əməkdə fədakar olmağı, yaradıcılıq axtarışları aparmağı, öz üzərlərində çox işləməyi məsləhət görürdü.

Mənəvi saflıq 

“İnsan cəmiyyətində ən yüksək yer­də mənəviyyat durur” – deyən ulu öndər mənəvi tərbiyəni şəxsiyyətin formalaş­masında əsas amil hesab etmiş, ona yiyələnməyin vacibliyini qeyd etmişdir. Mənəvi tərbiyəni təməl mədəniyyəti kimi şəxsiyyətin kimliyini, necəliyini müəyyən­ləşdirən başlıca meyar kimi dəyərləndir­mişdir. “Mənəvi tərbiyəni daim artırmaq lazımdır və gənclərimizi yüksək mənəviy­yat ruhunda tərbiyələndirmək lazımdır” – tövsiyəsini verən böyük öndər “mənəviy­yat olmayan yerdə heç bir şey ola bilməz” – demişdir.

“Nə qədər böyük alim olursansa-ol, nə qədər böyük mütəxəssis olursansa-ol, nə qədər böyük dövlət xadimi olursan­sa-ol, əgər, mənəviyyatca şikəstsənsə, sənin heç bir qiymətin yoxdur” – Azər­baycan Tibb Universitetinin 70 illik yubile­yində etdiyi çıxışda Heydər Əliyev dediyi bu sözlərlə mənəviyyatın insanlar üçün ən yüksək, ali dəyər olduğunu, insanı və insanlığı yüksəltdiyini qeyd edir. Bunlarla yanaşı, böyük şəxsiyyət mənəviyyatı qo­rumağın da vacibliyini diqqətə çatdırır. 

Heydər Əliyev gənclərin mənəvi tər­biyə probleminə olduqca həssas mövqe­dən yanaşır və demək olar ki, onun bü­tün tərəflərinə toxunur. Mənəvi borc kimi anlayışın gənclərimizin şüurunda forma­laşmasına mühüm qiymət verməklə ya­naşı, gənclərdə yaşlılara hörmət etməyi, cəmiyyətdə nümunəvi davranışa malik olmağı, həssaslıq nümayiş etdirməyi, laqeydliyə və mənəvi yoxsulluğa qarşı mübariz olmağı zəruri hesab edirdi.

Bütün həyatı və fəaliyyəti dövründə müəllimə, onun şəxsiyyətinə böyük qiy­mət verən, “Şəxsən mən müəllimdən yüksək ad tanımıram” – deyən ümum­milli lider, bununla yanaşı, təhsilalanların mənəvi-əxlaqi simasının formalaşdırıl­masında müəllim şəxsiyyətinin çox qüd­rətli amil olduğunu da qeyd etmişdir. 

Böyük öndər bu keyfiyyətlərin ali məktəb müəllimlərində olmasını da zə­ruri sayır və göstərirdi ki, əgər tələbə öz müəllimlərinin, professorunun dərin bilik­li, çalışqan, mənəvi cəhətdən saf, yüksək vətəndaşlıq məsuliyyəti olan bir insan ol­duğunu görürsə bu, onun tərbiyəsinə də güclü təsir göstərəcəkdir, tələbə bu key­fiyyətlərin təsiri altında tərbiyələnəcəkdir. Ali məktəb müəllimləri tələbə –gənclər üçün müsbət nümunə olmalıdırlar.

Vətənpərvərlik

Heydər Əliyev alovlu vətənpərvər və Vətənə, xalqa bağlı şəxsiyyət idi. O, gənclərimizə də vətənpərvər olmağı, Vətəni sevməyi mənəvi tərbiyənin əsas atributlarından biri kimi yüksək qiymət­ləndirir, gənclərimizin bu hisslərə yiyələn­məsini vacib hesab edirdi. Hələ 1978-ci ildə Azərbaycan müəllimlərinin VI qu­rultayında etdiyi nitqində “Hər bir gənc vətəndaş öz ölkəsinin alovlu vətənpərvəri olmalıdır” – deyən Heydər Əliyev gənc­lərlə görüşlərindəki bütün çıxışlarında bu tövsiyəni, demək olar ki, bu və ya digər formalarda təkrar etmişdir. Ulu öndər vətənpərvərliyi ali dəyər kimi qiymətlən­dirmiş və özü böyük vətənpərvər, böyük vətəndaş olduğu kimi, gənclərimizin də bu keyfiyyətlərə malik olmasını zəruri hesab etmişdir.

Ulu öndər vətənpərvərlik anlayışına olduqca geniş prizmadan yanaşırdı: “İn­san gərək həyatının hər dövründə, fəa­liyyətinin bütün sahələrində öz Vətəninin, ölkəsinin qayğısı ilə yaşasın, həm onun iqtisadiyyatının, həm siyasətinin, həm də mədəniyyətinin qayğısı ilə yaşasın. Bun­lar hamısı vətənpərvərlikdən doğan bir şeydir. Vətəni qorumaq, torpaqlarımızı müdafiə etmək üçün hər bir gəncin hazır olmasını tərbiyə etmək lazımdır” – deyir­di.

Milli vətənpərvərliklə xalqımızın tarixi­nin sıx bağlı olduğunu nəzərə çarpdıran ümummilli lider keçmiş tariximizi düz­gün qiymətləndirməyi və bunu gənclərin vətənpərvərlik hissinin artırılmasında mühüm amil sayırdı. Bununla yanaşı, İs­lam dininin mənəvi dəyərlərindən düzgün istifadə etməyi və bu dəyərlərin mənim­sənilməsinin vacibliyini də qeyd edirdi. 

Azərbaycançılıq məfkurəsi

Ümummilli liderin milli leksikonumuza deyil, Azərbaycan məfkurəsinə gətirdiyi “Azərbaycançılıq” ideyası xalqımızı bir­ləşdirən mənəvi bağlılıq simvolu kimi bö­yük fəlsəfi, tarixi, siyasi, sosial və mənəvi mahiyyət daşıyır. Bu ideya xalqımızın, o cümlədən gənclərimizin təkcə tariximi­zi bilmək baxımından deyil, onlar üçün, həmçinin gələcək yol xəritəsi kimi böyük tarixi əhəmiyyətə malikdir. “Azərbaycan torpağında ən qədim zamanlardan indiyə qədər müstəqil dövlətlər olmuşdur. Biz bununla fəxr edirik və fəxr edə bilərik. Azərbaycançılıq hissiyyatını gənclərdə yaşatmaq lazımdır. Azərbaycanı sev­mək, azərbaycançılıq hissiyyatını özün­də cəm etmək deməkdir”, – deməklə ulu öndər həm də bu məfkurənin mahiyyətin­də müstəqilliyimizin dayandığını və Azər­baycana sevginin vacib olduğunu qeyd edir. 

Tarixi irsimiz

Heydər Əliyev gənclərimizin tariximi­zi, keçmişimizi və tarixi köklərimizi öyrən­mələrinə və yaxşı bilmələrinə, çox böyük önəm verirdi. Mənəviyyatın əsas kökləri, rişələri məhz tarixi keçmişimizdən qay­naqlandığından və bunları dərindən bil­məklə sıx bağlı olduğundan, bunu həm də gənclərimizin bu günü və gələcəyi ilə bağlayırdı. Böyük öndər deyirdi: “Tarixi­mizi, tarixi köklərimizi yaxşı bilmədən, onlara hörmət etmədən müstəqil dövləti­mizi gələcəkdə yaxşı qura bilmərik. Ona görə də gənclər gərək öz köklərini, res­publikamızın, xaqımızın tarixini bilərək bu gün də, gələcəkdə də vətənpərvərlik, Vətənə xidmət, Vətənə qayğı hissi ilə ya­şasınlar.”

Xalqımızın zəngin tarixi olduğunu dönə-dönə vurğulayan ulu öndər bu tarixi, xalqımıza məxsus mədəniyyəti, mənəviyyatı, milli dəyərləri gənc nəslə çatdırmağı və onları bu ruhda tərbiyə et­məyi müəllimlərin, məktəbin müqəddəs borcu hesab edir və bunun çox vacib ol­duğunu qeyd edirdi. 

Ulu öndər ta qədimdən bu günə qədər olan tariximizi, ədəbiyyatımızı gənclərin vətənpərvərlik, vətəndaşlıq, milli mənsu­biyyəti ilə fəxr edə bilmək hissləri ilə sıx bağlı olduğunu göstərir, bunların bir-biri ilə qarşılıqlı əlaqədə, vəhdətdə olduğunu qeyd edirdi. O, hər bir Azərbaycan gən­cinə tariximizi və Azərbaycan ədəbiyya­tını yaxşı bilməyi tövsiyə edir və bildirirdi ki, tariximizi, tarixi keçmişimizi dərindən öyrənmədən vətənpərvər olmaq müm­kün deyil. 

Milli dəyərlərimiz

Ümummilli lider gənclərə ümum­bəşəri dəyərlərə malik olmağı tövsiyə etməklə yanaşı, onlar tərəfindən milli­liyin qorunmasını, milli adət-ənənələrə yiyələnməyi vacib bilir, bunların itməsi­ni, adət-ənənələrin yaddan çıxarılma­sını millət üçün böyük təhlükə hesab edirdi: “Ümumbəşəri dəyərlər, Azərbay­can xalqının milli-mənəvi dəyərləri hər bir gənc tərəfindən mənimsənilməlidir. Gənclərimiz milli ruhda tərbiyə olunma­lıdırlar, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidirlər. Gəncləri­miz bizim tariximizi yaxşı bilməlidir, keç­mişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi yaxşı bilməli­dir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvərlər ola bilməz.” Azər­baycan Respublikası gənclərinin Birinci forumunda böyük öndərin dediyi bu söz­lər həm də gəncliyimizin qarşısında qo­yulan bir proqram yol xəritəsi idi. 

Ulu öndər deyirdi ki, əsrlərin də­rinliyindən bu günə qədər gəlib çatan adət-ənənələrimiz həmişə adamları saf­lığa, təmizliyə dəvət etmişdir. Milli və dini adət-ənənələrimiz məhz bu prinsipə əsaslanır. Bu gün biz də gəncləri paklıq, saflıq, yüksək əxlaq, yüksək mənəviyyat ruhunda tərbiyə etməliyik. Bununla biz nəinki cəmiyyətimizi qoruyacağıq, həm də gələcək nəsli sağlam saxlayacaq və həmin nəsildə cəmiyyətimiz, xalqımız üçün zərərli halların kök salmasının qar­şısını alacağıq”.

Milli mənsubiyyətimiz

“Hər bir adamın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – Bu qiymətli fikirlər Heydər Əliyev tərəfindən gənclərimizə belə bir fəxarət hissini özlərində tərbiyə etmələri və bunu fəaliyyətləri ilə sübut edə bilmələri üçün sanki bir çağırış və nümunədir. Bu ifadəni bu gün fəxrlə hər yerdə deyə bildiyimiz üçün onu bizə ya­şadanlara “Əbədi eşq olsun!”– deyirik.

Heydər Əliyev xarici ölkələrdə müstəqil dövlətimizin rəmzləri olan Azər­baycan Bayrağını görəndə, bu bayraq altında Azərbaycan Himni çalınarkən sevindiyini, yüksək əhval-ruhiyyədə ol­duğunu, bundan çox böyük qürur hissi keçirdiyini, iftixar hissi duyduğunu qeyd edirdi. Xüsusi olaraq vurğulayırdı ki, biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim Vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir. 

Vətəndaş şərəfi

Heydər Əliyev Vətənin çiçəklənmə­si, onun inkişafı və dünya dövlətləri içə­risində layiqli yer tutması üçün hər bir azərbaycanlının yüksək vətəndaşlıq key­fiyyətlərinə malik olmasını zəruri hesab edirdi. “İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsədi Azərbaycan vətəndaşı hazırlamaqdır. Hər bir insan gərək, eyni zamanda, vətəndaş olsun. Mütləq vətəndaş olsun! Sadəcə ona görə yox ki, Azərbaycan vətəndaşıdır. Gərək dövlətinə sadiq, millətinə sadiq, ənənələ­rinə sadiq, xalqına sadiq vətəndaş ol­sun”. 

Ulu öndər xarici ölkələrdə təhsil al­mağa gedən tələbələri Azərbaycanın səlahiyyətli nümayəndələri adlandırır və onlara Azərbaycan həqiqətlərini xarici ölkə vətəndaşlarına dönə-donə çatdır­mağı, bu istiqamətdə yorulmadan fəa­liyyət göstərməyi tapşırırdı. Bunlar təkcə tövsiyələr deyil, həmçinin Azərbaycan gənclərinin gedəcəkləri ölkələrdə özlə­rini bir sivil Azərbaycan vətəndaşı kimi ləyaqətlə təmsil etmələrinə dair onların qarşısına qoyulan vəzifələr idi. 

Ana dilimizə sevgi

Dil xalqın varlığı, onu birləşdirən dəyər və kimliyini təsdiq edən əsas va­sitələrdəndir. “Ananın südü bədənin mayası olduğu kimi, ana dili də ruhun qidasıdır” (F.Köçərli); “Dilini sevməyənin ürəyində millətpərvərlik duyğusu aramaq istiotdan bal dadı gözləməyə oxşar. Öz dili, öz ədəbiyyatı olmayan millət öz var­lığından utanmalıdır” (Ö.F.Nemanzadə); “Dil xalqın namusu, tarixi, vicdanıdır. Dil xalqın böyük bir sərvəti və dövlətidir” (S.Vurğun). Görkəmli Azərbaycan ziyalı­larının doğma dilimiz haqqında dedikləri bu dəyərli sözlər və ölməz kəlamlar ulu öndərimiz Heydər Əliyev tərəfindən həm tövsiyə xarakteri, həm də özünün məna tutumu ilə daha da zənginləşir. Ümum­milli lider Azərbaycan dilini xalqımızın və millətimizin ən böyük, ən əziz sərvəti, mil­li sərvəti adlandırırdı. 

Eyni zamanda, gənclərə başqa dil­ləri öyrənərkən öz ana dilini heç vaxt unutmamağı, bu dili başqa heç bir dilə dəyişməməyi özünün müdrikliyi və uzaq­görənliyi ilə bir daha tövsiyə edir: “Gənc­lərimiz nə qədər çox dil bilsələr, bir o qə­dər zəngin dünyagörüşə malik olacaqlar. Bu, müasir dünyanın tələbidir. Amma ən yaxşısı ondan ibarətdir ki, hər bir Azər­baycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini - Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir”. 

Heydər Əliyev öz çıxışlarında ana dili haqqında danışarkən onu haqlı ola­raq tariximizlə bağlayır və onunla sıx əlaqələndirir. Göstərir ki, ana dilini sev­məyən adam öz tarixini, ədəbiyyatını yaxşı bilməyəcəkdir. Mədəniyyətimizi, milli-mədəni ənənələrimizi bilməyəcək­dir, vətənpərvər olmayacaq və onda milli vətənpərvərlik duyğuları, hissiyyatı olma­yacaqdır. Dilini unudan adam, şübhəsiz ki, milli keyfiyyətlərini də yavaş-yavaş unudacaqdır. Böyük öndər bunu yolveril­məz hesab edirdi. 

Dövlət müstəqilliyimiz dönməzdir, əbədidir 

Heydər Əliyev Azərbaycanın müstəqilliyini müqəddəs bir əmanət kimi qoruyub saxlamağı xalqımızın, o cüm­lədən müasir gəncliyimizin şərəfli borcu və vəzifəsi olduğunu bəyan edirdi. Azər­baycan gənclərinin Birinci forumunda etdiyi dərin məzmunlu çıxışında demiş­di: “Hər bir azərbaycanlı gəncin şərəfli borcu Azərbaycan Respublikasının döv­lət müstəqilliyini qoruyub saxlamaqdan, inkişaf etdirməkdən ibarətdir. Bu, bizim çoxəsirlik tariximizdə böyük, şərəfli və ta­rixi nailiyyətdir”.

Heydər Əliyev müstəqilliyimizin bö­yük tarixi, hüquqi, siyasi, iqtisadi, mənəvi əhəmiyyətə malik olduğunu diqqətə çat­dırmaqla onun hər bir Azərbaycan vətən­daşının mənəviyyatı olması, iradəsi və fikrinə çevrilməsini zəruri hesab edirdi. Bu gün fəxrlə deyə bilərik ki, ümummilli lider Heydər Əliyevin bu müqəddəs tap­şırığı xalqımızın böyük oğlu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik daxili və xarici siyasəti sayəsində Azərbaycan xalqı və gənclə­rimiz tərəfindən ləyaqətlə yerinə yetirilir. 

Ulu öndər müstəqilliyimizin qorunub saxlanılması üçün Vətənimizin ərazi bü­tövlüyünün təmin edilməsini və onu qoru­mağı əsas vəzifələrdən biri hesab edirdi. Heydər Əliyevin bu tapşırığı görkəmli sərkərdə, cənab İlham Əliyevin başçılığı ilə on minlərlə vətənpərvər oğullarımız, üç mindən artıq şəhidimiz, minlərlə qa­zilərimiz tərəfindən şərəflə yerinə yetiril­di. Onlar öz cəsarətləri, Vətən sevgisi, qanları və canları ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızı erməni barbarlarının işğalından azad edərək müstəqilliyimizin yeni bir mərhələsinin zəfər təməlini qoydular. Bu gün Azərbay­can müstəqil dövlət kimi artıq dünya döv­lətləri içərisində öz layiqli yerini tutaraq böyük bir inkişaf yolu ilə inamla irəliləyir. 

44 günlük Vətən müharibəsində ölü­mün gözünə dik baxan, düşmənlərin üzə­rində misli görünməmiş tarixi qələbə ça­lan, bu gün respublikamızda və dünyanın bir sıra qabaqcıl ali təhsil ocaqlarında təh­sil alan, Azərbaycanın sərhədlərini şərəf­lə qoruyan, Azərbaycan Bayrağını xarici ölkələrdə yüksəkliklərə qaldıran, müxtəlif mötəbər məclislərdə xalqımızı, dövlətimi­zi təmsil edən Azərbaycan gəncliyinin ulu öndərin bu tövsiyələrinə layiqli əks-səda verdiyini inamla söyləmək olar.

 

Müseyib İLYASOV, 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor

Sosial həyat