İndi emissarlar Avropadan Bakıya birbaşa uçurlar...

post-img

İki il beş ay əvvələ qədər Qərbin aparıcı dövlətlərinin rəsmilərinin, “vasitəçilərinin”, “həmsədrlərinin” Cənubi Qafqaza səfərləri adətən İrəvandan başlayar, Bakıda yukunlaşardı. İndi hər şey tərsinə olub. Avropa gücləri öz emissarlarını əvvəlcə Azərbaycana, sonra Hayastana göndərirlər. Bu baxımdan ermənilərin Qərbdəki ən böyük “siyasi çətiri” Fransanın Xarici işlər naziri Ketrin Kolonnanın regiona ilk səfəri də istisna təşkil etmədi. Bu, Azərbaycanın yaratdığı yeni reallığın mənzərəsi və nəticəsidir. 

Hələ səfərdən öncə Fransa Xarici İşlər Nazirliyinin sözçüsü demişdi ki, nazir Kolon­na rəsmi Parisin əsasında ərazi bütövlüyü və beynəlxalq hüququn prinsiplərinə hörmət da­yanan ədalətli, davamlı sülh naminə iki ölkə arasındakı sülh danışıqlarını dəstəkləmək öh­dəliyini xatırladacaq. Yəni, diplomatın mesa­jının mahiyyəti ondan ibarət idi ki, Paris Qara­bağın timsalında Cənubi Qafqazda söz sahibi olmaq təşəbbüslərindan vaz keçməyib və iki ölkə arasında dialoqa öz töhfəsini verməkdə davam edəcək. Düzdür, rəsmi Bakı Parisin bu niyyətlə nə qədər obyektiv, bitərəf və səmimi davrandığına ən azı son bir ildə daha yaxından əmin olmaq imkanı qazandı. Otuz ilə yaxın ATƏT-in Minsk qrupunun həmsədri kimi Qa­rabağ münaqişəsinin nizamlanması prosesində fəaliyyəti gözümüzün qabağında olan Fransa XİN-in, Senatının, bu ölkənin ayrı-ayrı təsisat­larının, məhz Parisin diktəsi ilə Aİ-nin müxtə­lif qurumlarının Azərbaycana qarşı qəbul et­dikləri qətnamələrin, müraciətlərin, verdikləri bəyanatların sayını itirmişik. Bizim üçün ka­ğız topasından başqa heç nə olmayan həmin “sənədlərin” müəllifi indi Bakı ilə ikitərəfli əməkdaşlığın çeşidli tərəflərini müzakirə et­məyə başlayıb. Çox gözəl! 

Azərbaycanın qapısı xoşməramlı, qarşı­lıqlı faydalı əməkdaşlığa söykənən səmimi çağırışların üzünə açıqdır. Bəli, həm bu sə­bəbdən, həm də diplomatik etiket və nəzakət nöqteyi-nəzərindən Fransanın Avropa və xa­rici işlər naziri xanım Ketrin Kolonnanı əv­vəlcə Azərbaycan Prezidenti İlham Əliyev, daha sonra xarici işlər naziri Ceyhun Bayra­mov qəbul etdilər. 

Təşəbbüsə görə təşəkkürlər. Amma... 

Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin gündəliyinin çox geniş, siya­si, iqtisadi, enerji, nəqliyyat və digər sahələr­də əməkdaşlığın yaxşı tarixə malik olduğunu qonağın nəzərinə çatdıran Prezident İlham Əliyev bu səfər zamanı regional əməkdaş­lıq və regional təhlükəsizlik məsələlərinin də müzakirə ediləcəyinə ümidvar olduğunu bildirdi. Bunun ardınca parisli diplomatın diqqətinə 44 günlük Vətən müharibəsindən sonra İrəvanın öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi, Azərbaycanla Naxçıvan arasında dəhlizin yaradılmasına imkan ver­mədiyi, qoşunlarını Rusiya sülhməramlıla­rının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarmadığı, Laçın yolundan sui-istifadə edərək Qarabağa silah-sursat, mina, hərbi təyinatlı başqa məhsullar daşıdı­ğı çatdırıldı. Cənab Prezident məhz bu səbəb­lərə görə, Laçın-Xankəndi yolunun başlanğı­cında sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulduğunu və bunun ölkəmizin suveren hüququ, ərazi bütövlüyümüzün təminatı ol­duğunu birmənalı şəkildə bildirdi. Ketrin Ko­lonna yəqin ona verilən məlumatların həm də siyasi mesaj xarakteri daşıdığını anlamamış olmazdı. Yəni, söhbət Parisin Ermənistan və Azərbaycan arasında sülh prosesinə töhfə vermək istəyinə normal yanaşdığı, amma bu təşəbbüslərin gecikdiyi və onlara artıq ehti­yac qalmadığı, Bakının problemləri təkbaşı­na həll etdiyi kimi siyasi ismarıclardan gedir. Nazir C.Bayramov bu mövzuda bir az da irəli gedərək postmünaqişə dövründə Fransa tərə­findən sərgilənən mövqeyin sülh prosesinə töhfə vermədiyini açıq mətnlə parisli diplo­matın diqqətinə çatdırdı. Necə deyərlər, dü­zü-düz, əyrini-əyri izhar etdi, qarşı tərəf də məsələdən tam agah oldu. 

Qarabağ ermənilərinin “toxunulmazlıq hüququ”

Bakıdan sonra İrəvana gedən, orada baş nazir Nikol Paşinyanla, həmkarı Ararat Mir­zoyanla görüşən xanım Kolonnanın səfər proqramına Aİ-nin mülki müşahidə missi­yasının Cermukdakı mənzil-qərargahına baş çəkmək, qondarma “erməni soyqırımı” abi­dəsini ziyarət etmək daxil idi. Səfərin gərgin gündəliyində onun “aрменпресс”ə eksklüziv müsahibəsi də var imiş. Prezident Makronun bölgəyə göndərdiyi yeni emissarı bu müsahi­bəsində Fransanın ermənipərəst mövqeyini bütün çılpaqlığı ilə sərgiləyir, eləcə də bizim üçün cavabını gözləyən bir çox sualların təs­diq nöqtəsini qoyur. Laçın yolundakı vəziy­yətlə bağlı sualı cavablandıran Kolonnaya görə, “Azərbaycanın bu yolla hərəkətə mane olması yolverilməzdir”. Bunun “Dağlıq Qa­rabağ əhalisi üçün iqtisadi və humanitar böhran kimi ciddi risklərə səbəb olacağını” deyən parisli diplomat “Bakının bu davranı­şının Ermənistanla sülh danışıqlarına mane olduğunu” bəyan edir. Bir ilə yaxındır Fran­sa XİN-ə rəhbərlik edən Ketrin Kolonnanın Bakıdakı mətbuat konfransında bəzi neytral və pozitiv fikirlər səsləndirməsi, müsbət me­sajlar verməsi onu bizim gözümüzdə az qala xələflərindən fərqləndirmişdi. Amma bu, sadəcə olaraq, imitasiya, qarşı tərəfə lazımi “diplomatik imicin” nümayişi imiş. Erməni müxbirin “DQR”-in erməni əhalisinin təh­lükəsizliyi, gələcək müqəddaratı ilə bağlı sualına Kolonnanın cavabına diqqət yetirin: “Fransa Dağlıq Qarabağın erməni əhalisinin toxunulmazlıq hüququnu, öz tarixini, mə­dəniyyətini qoruyub saxlamağı təmin edə­cək istənilən qərarı dəstəkləməyə hazırdır. Bu, onların müstəsna hüququdur”. Görəsən, Fransanın baş diplomatı Qarabağdakı bir ovuc erməniyə o “müstəsna hüququ” BMT-nin hansı konvensiyasına, beynəlxalq qanun və qaydalara aid hansı kitabına uyğun təyin edir?

Fransızların erməniləşməsinin səbəbi

İlk baxışda Fransa XİN başçısının Bakıya indi, iki ölkə arasında münasibətlərin gərgin­lik dərəcəsinin kifayət qədər yuxarı olduğu məqamda səfər etməsi bu müstəvidə qarşılıq­lı təmaslarda müsbət irəliləyişə hesablanmalı idi. Sağlam siyasi məntiq bunu deyir. Amma Kolonnanın İrəvanda haylarla doğmaları kimi davranması nəinki siyasi məntiq, heç normal düşüncə ilə bir ayara sığmır. Və bu­nun əsas səbəbini parisli rəsmi qonaq öz dili ilə açıqlayır. “Aрменпресс”in 1915-ci il “er­məni genosidi” ilə bağlı sualına cavab-açıq­lamasında xanım Kolonna daha irəli gedərək, lap “gül vurur”: “Fransızların əksəriyyəti həmin soyqırımını yaşamış və ölkənin qəbul etdiyi insanların xələfləridir”. Bu etirafdan sonra hər şey gün işığına çıxır. Deməli, bun­ların əcdadları bir, damarlarında da eyni qan axmaqdadır. Əgər belə olmasaydı, Fransa on illər boyu Hayastanın işğalçılıq siyasə­tini, terror əməllərini dəstəkləməz, özünün elan etdiyi “Azadlıq, Bərabərlik, Qardaşlıq” dəyərlərinə uyğun obyektiv mövqe ortaya qo­yardı. Elə 44 günlük Vətən müharibəsinin ge­dişində Paris ən yüksək səviyyədə açıq-aşkar ermənipərəst bəyanatlar verdi, hətta Bakını birbaşa təhdid etməyə girişdi, amma bunun bir fayda verməyəcəyini anladı. Çünki onun qarşısında XIX əsrin Şimali Afrikası deyil, XXI əsrin güclü və arxalı Azərbaycanı vardı. 

Nəticə deyil, anlayış gözləyirik

İndi də rəsmi Paris, guya, səhvini başa düşdüyü, haqqın yoluna döndüyü görüntü­sünü yaradır. Amma bu “özünüreabilitasiya” prosesinin özündə belə qərəzli, destruktiv mövqe sərgiləməkdən yayına bilmir. 

Bəli, Kolonnanın səfəri Fransa–Azərbay­can münasibətlərinin gərgin dövrünə təsadüf etdi. Bu gərginliyin əmələ gəlməsində bütün günah Fransanın hazırki iqtidarının üzərinə düşür. Əgər indi xoşməramlı bir addım atılsay­dı, ola bilsin Kolonnanın Bakı səfəri ikitərəfli münasibətlərdə nəyinsə pozitivə doğru dəyişə­cəyinə ümid yaradardı. Fransa XİN başçısının İrəvan səfəri bir daha onu göstərdi ki, Paris indiyədək yürütdüyü ermənipərəst, qatı an­ti-Azərbaycan siyasətində ciddi korrektələr et­mək barədə düşünmür. Bunu anladıq. Belə bir şəraitdə xanım Kolonnanın Azərbaycanla Er­mənistan arasında münasibətlərin normallaş­masına töhfə vermək iddiası ilə Bakıya gəlişi­nin səmimiyyətdən çox-çox uzaq olduğunu da gördük. Yaxşı, bir halda ki, yalandan arzuladı­ğınız nəticənin əldə olunması mümkün deyil, onda heç olmasa, reallığı qəbul edin, anlayış göstərin. Bəlkə bunun üçün qan qardaşlığınızı etiraf etdiyiniz haylardan icazə almalısınız? 

 

Rasim MUSABƏYOV,
politoloq

Heç vaxt dialoqdan imtina etməyən Azərbaycan bu dəfə də təmkin və nə­zakət nümayiş etdirərək, Fransa xarici işlər nazirini qəbul etdi. Baxmayaraq ki, Fransa parlamenti, həmin Xarici İş­lər Nazirliyi beynəlxalq hüquqa zidd, tamamilə cəfəng qərarlar qəbul edir, bə­yanatlar verirlər. Amma, yenə deyirəm, nəzakət naminə bu ölkənin rəsmisi ilə Cənab Prezident də, xarici işlər naziri­miz də görüşdü. Biz Qarabağ məsələsin­də Fransanın qeyri-obyektiv mövqeyini nəzərə alaraq xanım Kolonnaya izah etdik ki, onun ölkəsinin Azərbaycan – Ermənistan münasibətlərində vasitəçi qismində, yaxud hansısa formada işti­rakından söz gedə bilməz. Yəni, diplo­matik dildə başa saldıq ki, biz onların xidmətinə ehtiyac duymuruq. 

İkitərəfli münasibətlərə gəldikdə isə, Fransanın Qafqazda ən böyük ticarət dövriyyəsi məhz Azərbaycanladır. Onun bu regionda böyük həcmdə investiya qoyduğu iqtisadiyyat da Azərbaycan iqtisadiyyatıdır. Elə Fransaya Cənu­bi Qafqazdan ən çox sərmayə yatıran, eləcə də ən geniş mədəni əlaqələrə ma­lik ölkə də Azərbaycandır. Misal üçün, Heydər Əliyev Fondu Parisdə bir neçə layihənin reallaşmasına, o cümlədən Notr-Dam kilsəsinin yanğından sonra təmirinə yardım edib. 

İndiki məqamda Parisin Azərbay­canla Ermənistan arasında sülh elçisi olmasına ehtiyacımız yoxdur. Bu məna­da Bakıya bu kimi iddialarla təşrif bu­yurmuş xanım nazir buradan əliboş yola salındı. 

 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”



Siyasət