Fransanın ziyanlı tərəfkeşliyi: Ermənistan illüziyaya qapılır

post-img

Fransanın Xerici işlər naziri Ketrin Kolonnanın Cənubi Qafqaza səfəri, heç şübhəsiz, Parisin bölgədəki nüfuzunu yüksəltməyə yönəlib. Yelisey sarayı bu məqsədini lokallıqdan uzaq tutmaq, ona xüsusi görkəm vermək, əlahiddəlik qazandırmaq üçün Avropa İttifaqını da alətə çevirib. Məhz buna görə xanım Kolonnanın səfər proqramına qurumun Ermənistandakı mülki missiyasının düşərgəsinə baş çəkmək də daxil edilib. Yəni, faktiki olaraq, Fransa Cənubi Qafqazdakı, belə demək mümkünsə, anti-Rusiya qalasını dünyanın gözünə soxmaq əzmindədir. 

Avropa İttifaqı və erməni patronajlığı

O qalanı ki, Azərbaycan onun siyasi kluarlardakı Rusiya əleyhinə təqdimat motivindən çox, Fransanın ermənipərəst mövqeyinin təsdiq forması kimi görür. Elə buna görə ölkəmiz Aİ missiyasının sərhədin Azərbaycan tərəfində fəaliyyət göstərməsinə razılıq vermir. Həm də ona görə razılıq vermir ki, Bakı həmin mis­siyanı Qarabağ mövzusunda və Azər­baycan-Ermənistan tənzimlənməsi baxı­mından yeni reallıqlar sırımaq cəhdi kimi dəyərləndirməkdədir və yanaşmasında haqlıdır. 

Bəli, Azərbaycan Aİ-nin sözügedən missiya fəallığına əvvəldən razı deyildi. Bu ideya ötən ilin oktyabrındakı Azər­baycan və Ermənistan liderlərinin Aİ Şu­rasının rəhbəri Şarl Mişelin vasitəçiliyi, Fransa Prezidenti Emmanuel Makronun da iştirak etdiyi Praqa Sammiti zama­nı gündəmə gəlmişdi. Ölkəmizin dövlət başçısı İlham Əliyev yerli televiziya ka­nallarına müsahibəsində bu məsələnin üzərində dayanmış və təfsilatları açıqla­mışdı. Azərbaycan Prezidentinin fikirlə­rindən anlaşılan bu idi ki, Aİ-nin missiyası Fransa və Ermənistan “bacılığının” məh­sulu kimi ortadadır. Başqa sözlə desək, Paris İrəvana Bakı ilə mübarizədə dəstək formulu üzərində düşünüb və müəyyən­ləşdirib ki, bu iş Aİ-nin müşahidəçiliyi ilə gerçəkləşməlidir. Təbii, Makron da qu­rumun patronajlığının Fransanın fərdi təşəbbüsündən daha böyük səslənməsi üzərinə sərmayə yatırıb. Amma, çifayda. 

Digər tərəfdən, hər nə qədər Parisin hakim mövqeyi və təsiri olsa da, ötən müddətdə baş verənlər göstərdi ki, Aİ yalnız Fransadan ibarət deyil. Bu səbəb­dən Ermənistandakı missiyadan gözlən­tilər, daha doğrusu, İrəvanın gözləntiləri özünü doğrultmur. Missiya, faktiki olaraq, fəaliyyətsizdir. Qurumun işinə ciddi önəm verilməməsinin daha bir göstəricisi isə budur ki, onun regional ictimai rəyə təq­dim ediləcək rəhbəri belə yoxdur. Çox güman ki, həm Ermənistan, həm Fransa, həm də elə Aİ-nin özü missiya məntiqi­nin mənasızlığını anlayır. Sadəcə, heç bir tərəf geri durub özünü biabır etmək istəmir. Axı, sual yaranar ki, faydasızlığı məlum olan işə niyə qol qoyulurdu?

Kolonna niyə gəlmişdi və...

Əlbəttə, Aİ missiyasından səmərəlilik gözləntisi var idi. Ola bilər, qurumdakı­lar zamanla Azərbaycanın mövqeyində yumşalmaların baş verəcəyini düşün­müşdülər. Bakı prinsiplərindən nəinki geri çəkildi, üstəlik, onların reallaşdırıl­ması ardıcıllığını da qorudu. Ölkəmizin hərəkətləri, sanki, hər şey planlı olurmuş kimi, gerçəkləşdi və bu planlılıq əlavə diskussiyaların siyasi reallıq kimi beyin­lərdə möhkəmlənməsinə fürsət vermədi. 

Bəli, Bakının qətiyyətli davranışları­nın nəticəsidir ki, Ermənistanda nəinki Aİ-nin missiyasına, elə Fransanın özü­nün roluna da barmaqarası, qeyri-ciddi yanaşma formalaşıb. Ölkədə elə Kolon­nanın regiona səfəri barədə də mənfi rəy var. Mövcud xüsusda Fransa XİN rəhbə­rinin səfərdən öncə bildirdikləri üzərində dayanılır və onun Azərbaycana Laçın dəhlizinin açılması məsələsini Prezident İlham Əliyevin administrasiyası ilə müza­kirə etmək üçün gedəcəyi ilə bağlı fikirləri qabardılır. 

Kolonnanın C.Bayramovla görüşü­nün detallarından söz açılarkən, birin­cinin ikincini mövqeyindən döndərmək üçün heç nə edə bilmədiyi vurğulanır. Bildirilir ki, Paris Azərbaycanla mü­naqişədə Ermənistanı dəstəklədiyini dəfələrlə bəyan edib, Azərbaycan Silahlı Qüvvələrinin həmlələrini pisləyib. Lakin Fransanın dəstəyi sözdən o yana keç­məyib. “Fransanın ambisiyaları ilə onun döyüş sursatları arasında uyğunsuzluq səbəbindən Ermənistandakı bəzi şərh­çilər Parisi “ümid və gözləntilərin satıcısı” adlandırmağa başladılar. Nəticədə Ermə­nistan hərbi ehtiyaclarını ödəmək üçün vasitələri başqa ölkələrdə, məsələn, Hin­distanda axtarmağa məcbur olur”, - deyə Ermənistanın Verelq Analitik Mərkəzinin açıqlamasında vurğulanır. Onu da deyək ki, İrəvan Parisdən silah-sursat almaq eşqinə düşüb, lakin birinci özünün NATO ölkəsi olduğunu qabardaraq, bir alyans üzvünün Rusiyanın hakim rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşki­latının təmsilçisi olan Ermənistana silah satmasının qeyri-mümkünlüyünü önə çəkib. 

“...və münaqişə başlayacaq”

Qeyd edək ki, Fransanın XİN rəh­bərinin bölgəyə səfəri əsnasında Azərbaycan-Ermənistan nizamlanması­nın Qərb formatı ilə əlaqədar diskussiya­lara geniş yer verilməkdədir. Hərçənd biz bu formatın tərkibində də ikitirəliyi görü­rük. Diqqət yetirək, Kolonna bölgədə ol­duğu müddətdə Azərbaycan və Ermənis­tan XİN rəhbərlərinin ABŞ-da bir araya gələcəyinə dair məlumat yayıldı. Üstəlik, Rusiyanın aktivləşdiyi də bildirilməlidir. Ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova konkret tarix açıqlamasa da bəyan edib ki, Azər­baycan və Ermənistan XİN rəhbərlərinin Moskvada görüşü nəzərdə tutulur...

...Paris Qərb formatında ciddi təmsil­çiliyə malik deyil. Digər tərəfdən, hazırda, ümumən, bu format deaktiv təsir bağışla­yır. Məsələn, Karnegi Fondunun aparıcı tədqiqatçısı, Qarabağ münaqişəsi üzrə ekspert Tomas de Vaal bu yaxınlarda erməni mediasının suallarını cavablandı­rarkən deyib ki, indi Qərbin bütün diqqəti Ukraynaya cəmləşib və Qarabağda yeni münaqişə başlasa, Qərb çox gec “oyana” bilər. “Və münaqişə başlayacaq”, - deyən politoloq bu qənaətdədir ki, hazırda böl­gədə Rusiya sülhməramlılarının mövcud­luğu qan tökülməsinə maneçilik yaradan təsirli mexanizmdir.

Parisin ermənipərəstliyi fayda vermir

“Azərbaycan əlverişli şəraitdən istifa­də edir və 27 sentyabr 2020-ci il tarixdə başlanmış işləri başa çatdırmağa çalışır. Bu vəziyyətdə Fransa nə edə bilər? Ölkə­nin niyyət və maraqlarını şübhə altına al­masaq da, onun Azərbaycanı cilovlamaq imkanları çox məhduddur”. Bu fikirlər isə ABŞ-ın Lixay Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Arman Qriqor­yana məxsusdur. 

Qriqoryan Verelq Analitik Mərkəzinə müsahibəsində bildirib ki, Fransanın işi Azərbaycanı tənqid etməkdən və Ermə­nistanı sözdə dəstəkləyən bəyanatlar səsləndirməkdən kənara çıxmır. İrəvana istənilən hərbi dəstək istisnadır. “Mən iq­tisadi sanksiyaların tətbiqi imkanlarını da minimal hesab edirəm. Əgər, Azərbayca­na sanksiyalar kollektiv Qərbin adından həyata keçirilsə, faydalıdır. Amma kol­lektiv Qərbin belə bir konsensus forma­laşdıra biləcəyini gözləmək çox çətindir. Axı ABŞ və İsrail Bakını Tehrana qarşı dəyərli müttəfiq hesab edir. Avropalılar Azərbaycanı, enerji təchizatçısı qismin­də, Rusiyaya mühüm alternativ sayırlar. Ona görə bəzi məhkəmələrdə verilən dişsiz qərarlardan, Azərbaycanın bu və ya digər addımını tənqid edən bəyanat­lardan heç nə gözləmirəm”.

Azərbaycan güzəşt etməyəcək 

Erməni professorun Laçın dəhlizinin bağlanmasına və Parisin Bakını dəhli­zi açmağa məcbur edə bilməsinə dair suala cavabı isə kifayət qədər əsəbidir. Təbii, bu əsəbilikdə reallığı düzgün qiy­mətləndirmək amili var: “Mən yenə eyni sualı verməliyəm: Fransa Azərbaycana necə təsir etməlidir? Hansı alətlərlə? Əgər Azərbaycan Fransanın tələblərini yerinə yetirməkdən imtina edərsə, ikinci birinciyə qarşı hansı tədbiri görə bilər? Mən Fransanın əlində Azərbaycanı, qə­rarına yenidən baxmağa məcbur edə biləcək maddi təsir rıçaqları görmürəm. Əgər problem Bakı üçün əhəmiyyətli ol­masaydı, nəsə gözləmək olardı. Amma Azərbaycan məsələni strateji səviyyədə həll edir. Söhbət Qarabağın Azərbayca­na qeyd-şərtsiz tabe olması şəklində Qa­rabağ məsələsinin yekun həllindən gedir. Əliyev bu məsələdə heç kimə “indulgen­siya” (güzəşt - red) etməyəcək”.

Fransızların məqsədlərini şübhə al­tına almaq istəmədiyini deyən A.Qriqor­yan ciddi dəstək göstərməyincə, Parisin arxasında heç bir təsir gücü olmayan bəyanatlardan uzaq durmasının vacib­liyini vurğulayıb. Çünki belə bəyanatlar Ermənistanda qeyri-real illüziyalar for­malaşdırır. Bu illüziyalar isə ölkənin indiki hökuməti üçün daha təhlükəlidir. Çünki rəsmi İrəvan üçün qeyri-reallıq üzərində siyasət qurmaq xarakterik hal alıb.

A.Qriqoryan müsahibəsində Qərbin Brüssel platformasının vasitəçilik səyləri ilə bağlı sualı da cavablandırıb. Nəzərə alaq ki, rəsmi İrəvan artıq bu platforma­dan da şikayət etməyə başlayıb. “Bu platforma o zaman həyat qabiliyyətli ola bilər ki, Rusiya, belə demək mümkünsə, Qafqazda silahı yerə qoyub regionda­kı strateji hegemonluğunu itirsin. Bu, hələ baş vermədiyindən, Qərb və Rusi­ya Ukraynada mübarizə apardığından, Ermənistan-Azərbaycan münaqişəsinin Brüssel platformasında həlli perspekti­vinə bədbin yanaşıram”, – deyə erməni əsilli amerikalı professor fikrinə aydınlıq gətirib.

 

Əvəz CAHANGİROĞLU, “Xalq qəzeti”

Siyasət