Unuda bilmədiyim insan

post-img

Hakimiyyət dəyişiklikləri, geosiyasi kataklizmlər, müha­ribələr, ölkələrin qardaşlıq münasibətlərinin düşmənçiliyə çevrilməsi və başqa hadisələrin dünyanı silkələdiyi bir şəra­itdə duruş gətirmək, siyasi iradə göstərmək, düzgün taktika və strategiya seçmək, ölkəni sınaqlardan çıxarmaq az liderə nəsib olur. Belə rəhbərlərdən biri böyük şəxsiyyət, ulu öndər Heydər Əliyev idi.

Tale elə gətirib ki, mən erkən yaşlarımdan dünyada baş verən hadisələri, dəyişiklikləri izləmişəm. Özümdən asılı olmayaraq, reaksi­yalarımı gənc yaşlarımda bədii dil­də, şeir, hekayə janrlarında ifadə etməyə çalışmışam. Elə o vaxtdan duyğu və düşüncəmdə Heydər Əli­yevin ideal rəhbər obrazı yaranıb. Bu gün də mənim üçün bu obraz etalondur.

Ümummilli liderin çıxışlarını, söhbətlərini istər Sovet Azərbay­canı dönəmində, istər müstəqillik dövründə televiziya və mətbuatda, istərsə də canlı görüşlərdə, tədbir­lərdə diqqətlə izləmiş, özüm üçün qeydlər etmişəm və hər dəfə də onun böyüklüyünü, əzəmətini hiss etmiş, sonsuz qürur duymuşam. Bir faktı isə sonralar Qarabağ, millətlərarası münasibətlər mövzu­sunda yazdığım “And” romanım­da demək olar ki, sözbəsöz qeyd etmişəm.

...1974-cü il yanvarın 31-də Sumqayıt Şəhər Partiya Komitə­sinin XVIII konfransında Heydər Əliyev iştirak edirdi. Mən o zaman Sumqayıt Kompressorlar zavo­dunda partiya təşkilatı katibinin müavini idim və konfransa nü­mayəndə seçilmişdim. İlk dəfə idi Heydər Əliyevi yaxından görür­düm. Onun nitqini böyük maraqla dinlədim. Onu da xüsusi vurğula­yım ki, o vaxtlar vəzifəli şəxslərin əksəriyyəti rus dilində danışmağa üstünlük versə də, Heydər Əliyev Azərbaycan dilində çıxış etdi. Ulu öndər çıxışında maraqlı bir epizod danışdı. Dedi ki, səhər adəti üzrə işə gedirdim. “Kommunist” küçəsi ilə yuxarı qalxanda Elmlər Akade­miyası Rəyasət Heyətinin binası yaxınlığından keçərkən qəfildən yaşlı bir qadın özünü maşının qa­bağına atdı. Təlimata görə, belə hallarda maşını saxlamaq olmaz­dı. Lakin mən sürücüyə göstəriş verdim ki, saxlasın. Mühafizəçilərə dedim o qadını yanıma gətirsinlər. Qadını maşına oturtdum və soruş­dum ki, ay ana, niyə belə edirsən? Axı maşını saxlamaq olmazdı, sən də heç nədən həlak olardın. Nə olub, nədir dərdin? Qadın dedi ki, ay yoldaş Əliyev, mən rayon­dan gəlmişəm. Aman-zaman bir nəvəm var, özü də yetimdir. Mən onu böyütmüşəm. İndi bu uşaq universitetə imtahan verib, ancaq qiymətini kəsiblər. Mən bilirəm ki, nəvəm savadlıdır, nahaqdan kə­silib. Bir həftədir döymədiyim qapı qalmayıb. Deyirəm uşağın qiyməti­ni düz verməyiblər, komissiya təş­kil eləsinlər, yoxlasınlar. Heç kəs qulaq asmır. Axırı məcbur olub, bu hərəkətə əl atdım. Üzrlü sayın, bağışlayın məni. Dedim yox, sən bizi bağışla. Səni gərək bu həddə çatdırmayaydılar.

Qadını Mərkəzi Komitəyə gə­tirdim. Göstəriş verdim ki, uşağı tapsınlar. Universitetin rektorunu, imtahan götürən müəllimi, digər bir neçə başqa müəllimi yanıma çağırtdırdım və kabinetimdə uşaq­dan imtahan götürdülər. Uşaq həqiqətən savadlı imiş. Bütün suallara əla cavab verdi. Həmin müəllimə dedim, heç utanırsan?! Bu uşaq bəlkə gələcəyin böyük alimi olacaq. Niyə onu məhv edir­sən?! 

Əlbəttə, o müəllimi işdən kə­narlaşdırdılar. Çox təəssüf ki, belə hallara rast gəlmək olur.

... Unudulmaz şəxsiyyət Heydər Əliyevin çox çıxışlarını dinləmişəm, ancaq onun bu çıxışı olduğu kimi – vergülündən nöqtə­sinədək yadımda qalıb...

Yeri gəlmişkən, Heydər Əliyev təhsilə, kadr hazırlığına xüsusi diqqət yetirirdi. Çoxlarının yadında olar, 70-ci illərdə onun təşəbbüsü ilə müttəfiq respublikaların apa­rıcı ali təhsil məktəbləri ilə müqa­vilə əsasında gənclərimiz başqa şəhərlərə oxumağa göndərilirdi. Qəbul imtahanlarından yüksək qiymət alan abituriyentlər arasın­dan müsabiqə yolu ilə kvota əsa­sında seçilənlər dövlət hesabına təhsil almaq haqqını qazanırdılar. Tələbələr yataqxana ilə təmin olu­nur, yüksək təqaüd alırdılar. Təh­sildən sonra gənc mütəxəssis kimi Azərbaycana qayıdır, ixtisaslarına uyğun işlə və yataqxana (ailəlilər ayrıca otaqla) ilə təmin olunurdu­lar. Üç il ərzində isə ayrıca mənzil alırdılar. Mənim kənddə yaşayan qardaşlarımdan biri Moskva Avi­asiya İnstitutuna, biri Leninqrad (indiki Sankt-Peterburq) Ali Də­nizçilik Məktəbinə, biri də Odessa Yeyinti Sənayesinin Texnologiyası İnstitutuna qəbul olunmuşdu. Yüz­lərlə digər gənclər kimi, onlara da bu imkanı məhz Heydər Əliyev yaratmışdı. Onun müdrikliyi, uzaq­görənliyi sayəsində bu proqram uğurlu olmuşdu.

Kadr hazırlığı ilə bağlı bir məsələni də xatırlatmaq istə­yirəm. 1978-ci ildə SSRİ Nazirlər Sovetinin nəzdində Moskva Xalq Təsərrüfatı Akademiyası yaradıldı. Bura İttifaq respublikalarının nazir­lər sovetlərinin göndərişi ilə xalq təsərrüfatı üzrə perspektivli rəhbər işçiləri təhsil almağa göndərilir­dilər. İş yerlərindəki əməkhaqları saxlanmaqla, iki il müddətinə bir və ikinci dərəcə səviyyəli rəhbər işçiləri (məsələn, baş direktor, di­rektor, baş direktor müavinləri, baş mühəndislər) təhsillərini təkmil­ləşdirməyə göndərilirdilər. İlk dəfə Azərbaycan üçün də iki yer ayrıl­mışdı. Namizədlər Mərkəzi Ko­mitənin bürosünda təsdiq edilməli idi. Maraqlıdır ki, təqdim olunan siyahidə 100 namizədin arasından Heydər Əliyev şəxsən iki nəfərin namisədliyini xüsusiləbəyənmişdi. Biri “Sumqayıtkimyasənaye” İs­tehsalat Birliyinin baş direktorunun birinci müavini, mənim əmim Za­min Hüseynov, digəri Binə Aeropr­tunun rəisi Vaqif Sadıxlı idi. Akade­miyanı bitirəndən sonra Heydər Əliyev onların hər ikisini qəbul et­miş, qarşıda duran vəzifələri izah etmişdi. Daha sonra onun təqdi­matı ilə Zamin Hüseynov Sumqa­yıt “Sintezkauçuk” İstehsalat Bir­liyinin baş direktoru, Vaqif Sadıxlı isə Azərbaycan Mülki Aviasiya na­ziri təyin edildilər.

Qeyd etdiyim kimi, Heydər Əliyev hər dəfə Sumqayıta gələn­də onu qarşılayanların arasında, keçən tədbirlərdə mən də olmu­şam. Onun mükəmməl nitq qabi­liyyəti, səlis danışıq tərzi, gözlə­nilməz hərəkətləri vardı. Bir dəfə Sumqayıta gələndə Dostluq və Sülh küçələrinin kəsişdiyi yerdə maşını saxlatdırdı. Və küçə ilə pi­yada, onu qarşılayanlarla salam­laşa-salamlaşa şəhərin mərkəzinə tərəf getdi. Ani olaraq şəhər rəh­bərliyi, Prezidentin Təhlükəsizlik Xidməti özlərini itirdilər. Çünki rəs­mi protokolda, bu, nəzərdə tutul­mamışdı. Ona bildirdilər ki, bəlkə maşına minəsiniz, yol uzaqdır. Heydər Əliyev razı olmadı. “Mən camaatla görüşmək istəyirəm”,– dedi. Bu hadisə də məndə unudul­maz təəssürat yaratdı.

Xatirələrdən çox danışmaq olar. Bir şeyi əminliklə deyə bilərəm:

– Nə yaxşı Azərbaycanın HeydərƏliyev kimi xilaskar oğlu olub! 

 

Süleyman HÜSEYNOV,
AYB-nin üzvü, Prezident mükafatçısı

Sosial həyat