Ulu öndərin məhkəmə-hüquq islahatları

post-img

Müstəqil Azərbaycanın özünəməxsus milli inkişaf modelini şərtləndirən meyarlar sırasında qazanılan iqtisadi nailiyyətlərlə yanaşı, dünyada maraqla izlənilən, ölkənin beynəlxalq nüfuzunu möhkəmləndirən hüquq islahatlarını da xüsusi qeyd etmək lazımdır. Bu islahatlar hakimiyyətin üç əsas qolundan biri olan, qanunun aliliyinin, vətəndaşların hüquqi mənafelərinin təminatında mühüm rol oynayan məhkəmə orqanlarının fəaliyyətində əsaslı dönüş yaradıb, ədalət mühakiməsinin səmərəliliyinə ictimai inamı gücləndirib. 

Bu il anadan olmasının 100-cü ildö­nümü tamam olan ümummilli lider, dünya miqyaslı şəxsiyyət Heydər Əliyev müstəqil Azərbaycanın xilaskarı və qurucusu ol­maqla yanaşı, ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyəti ideyalarının praktik tətbiqinə yönələn məhkəmə-hüquq isla­hatlarının müəllifi kimi ehtiramla xatırlanır. “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza ve­riləndə” – deyən ulu öndər Heydər Əliyev dövlətə rəhbərliyinin hər iki mərhələsində qanunun aliliyinə, vətəndaşların dövlətə olan inamının sarsılmazlığına, həqiqətin ən ali dəyər kimi qəbul olunmasına çalı­şıb, ədalətli rəhbər olaraq xalqının dərin sevgisini qazanıb.

Əminliklə deyə bilərik ki, xalqımızın hüquqi və demokratik cəmiyyətdə yaşa­maq arzusu məhz ulu öndər Heydər Əliye­vin, müstəqil Azərbaycana rəhbərliyi döv­ründə, həyata keçirdiyi məhkəmə-hüquq islahatlarının nəticəsi olaraq reallaşıb. 1993-cü ilin iyun ayında – son dərəcə mürəkkəb bir zamanda xalqının təkidli tələbi ilə hakimiyyətə qayıdaraq məsuliy­yəti üzərinə götürən, insanları mütərəqqi ideyalar ətrafında birləşdirən, ictimai-si­yasi sabitliyi təmin edən, dövlətçiliyə qarşı yönəlmiş cinayətkar qəsdləri zərərsizləş­dirən ulu öndər Heydər Əliyev, ilk aylardan etibarən, vətəndaş mənafeyini önə çəkən məhkəmə-hüquq islahatlarının da reallaş­dırılmasını vacib sayıb.

Azərbaycan Respublikası Preziden­tinin 29 sentyabr 2022-ci il tarixli “Azər­baycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqın­da” sərəncamında ulu öndərin dövlətimiz qarşısındakı tarixi xidmətləri, o cümlədən, hüquqi dövlət quruculuğundakı rolu xüsusi vurğulanır: “Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatla­rın həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yara­dılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir”. 

Həmin dövrdə bir ictimai-iqtisadi for­masiyadan digərinə sürətli keçid – siyasi, iqtisadi və hüquqi sistemin müasirləşdiril­məsi zərurəti müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının hazırlanması və qəbulunu da obyektiv reallıq kimi meyda­na çıxarmışdı. Ulu öndər Heydər Əliyevin müəllifliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş həmin Konstitusiya Azər­baycanın unitar, demokratik və dünyəvi dövlət statusunu təsbit edib, vətəndaş cə­miyyətinə, insan hüquq və azadlıqlarının prioritetliyinə əsaslanan islahatların əsa­sına çevrilib.

Mütərəqqi beynəlxalq təcrübəyə söy­kənən, insan hüquq və azadlıqlarının ali­liyinə təminat yaradan Konstitusiyamızda hakimiyyət bölgüsü prinsipi – məhkəmə fəaliyyətinin müstəqilliyi və ədalət müha­kiməsinin həyata keçirilməsinin funda­mental əsasları dolğun əksini tapıb. Ali Qanunun VII fəslində üçpilləli məhkəmə sisteminin yaradılması, fəaliyyəti, habelə hakimlərin müstəqilliyi, toxunulmazlığı, ədalət mühakiməsinin həyata keçirilməsi prinsipləri və digər vacib məqamlar dol­ğunca əksini tapıb.

Azərbaycan Respublikası Konstitusi­yasının qəbulu cəmiyyətin siyasi, iqtisa­di və hüquq sistemində əsaslı islahatlar üçün bazis olmaqla, əvvəlkindən fərqli, dövrün tələblərinə cavab verən üçpilləli, müstəqil məhkəmə sisteminin formalaş­dırılmasına da zəmin yaradıb. Hüquq İs­lahat Komissiyası tərəfindən hazırlanaraq 10 iyun 1997-ci il tarixdə qəbul olunmuş “Məhkəmələr və hakimlər haqqında” Azər­baycan Respublikasının Qanunu isə məh­kəmələrin məhz Əsas Qanunda əksini tapmış modeldə formalaşdırılmasını təmin edib. Qanunun 3-cü maddəsinə əsasən: “Məhkəmələr ədalət mühakiməsini həya­ta keçirərkən, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq, bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Azərbaycan Respublikasının Konstitusiyasında və bu qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər”. 

Reallaşdırılan sistem xarakterli isla­hatlar məhkəmələrin funksiya, səlahiy­yət və vəzifələrinin liberal və humanist dəyərlərə uyğunlaşdırılmasını, barəsində formalaşmış “cəza orqanı” təəssüratının aradan qalxmasını da təmin edib. Nəti­cədə həbsəalma üçün sanksiyanın veril­məsi səlahiyyəti prokurorluqdan alınaraq, məhkəmələrə verilib, bu qurumun məh­kəmələr üzərində nəzarət funksiyası ara­dan qaldırılıb. Üçpilləli məhkəmə sistemi işlərə baxılarkən, birinci instansiya məh­kəmələrinin buraxdığı hər hansı səhvin yuxarı məhkəmə instansiyalarında aradan qaldırılmasına, beləliklə, insan hüquq və azadlıqlarının daha etibarlı qorunmasına təminat yaradır. 

Ulu öndər Heydər Əliyev məhkəmələ­rin müstəqilliyinin gücləndirilməsi, ədalət mühakiməsinin qanunamüvafiq şəkildə həyata keçirilməsi baxımından hakim kor­pusunun sağlamlaşdırılması məsələsinə də xüsusi diqqət yetirib. Məhkəmələrin müstəqilliyinin qorunması üçün hakimlə­rin tamamilə şəffaf və demokratik yolla, test üsulu əsasında seçilməsi təcrübəsi­nin əsası 2000-ci ildə - ulu öndər Heydər Əliyevin siyasi iradəsi ilə qoyulub. Bunun nəticəsi olaraq da hakimlərin seçilməsi və təyinatı ilə bağlı cəmiyyətdə müsbət rəy formalaşıb. 

Yeni dövrün tələblərinə cavab verən konstitusiya islahatlarının reallaşdırılması və məhkəmələrlə bağlı bir sıra müddəa­ların təkmilləşdirilməsi də ümummilli lide­rin hüquqi dövlət quruculuğu sahəsindəki tarixi xidmətlərindən biri kimi qeyd olun­malıdır. 2002-ci ildə Əsas Qanuna xalqın idarəsi əsasında edilmiş əlavə və dəyişik­liklər siyasi partiyaların ləğvi səlahiyyət­lərinin Konstitusiya Məhkəməsindən alı­naraq ümumi yurisdiksiyalı məhkəmələrə verilməsi, Baş Prokurorluğun və Ali Məh­kəmənin qanunvericilik təşəbbüsü ilə çıxış etmək səlahiyyətlərinə malik olması, vətəndaşlara Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək imkanının yara­dılması və digər vacib məsələləri özündə ehtiva edirdi. 

Ümumilikdə, 1995-2003-cü illəri əhatə edən məhkəmə-hüquq islahatları ölkə­nin siyasi, iqtisadi və hüquqi sistemində­ki əsaslı dəyişikliklərin, cəmiyyətin sosial sifarişinin obyektiv nəticəsi olub. Beləliklə, müstəqil Azərbaycan son 30 ildə inanıl­maz inkişaf yolu keçərək bir sıra dövlət­lərin onilliklər ərzində yetişdiyi yüksək tərəqqiyə nail olub, insan hüquq və azad­lıqlarının təminatı sahəsində böyük uğur­lara imza atıb. 

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu islahatları ötən 20 ildə əzm­lə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev hüquqi dövlət quruculuğu prosesinin mühüm tərkib hissəsi olaraq, məhkəmə hakimiyyətinin davamlı surətdə yeniləşdirilməsinə vacib məsələlərdən biri kimi yanaşır. Bunun nəticəsidir ki, ölkədə məhkəmələrin müstəqilliyinin gücləndi­rilməsinə, obyektiv və şəffaf şəraitdə ha­kim korpusunun formalaşdırılmasına, bu sahədə şəffaflığın təmin edilməsinə, elekt­ron xidmətlərin tətbiqinə, bir sözlə, vətən­daş məmnunluğuna xidmət edən islahat­lar daha geniş miqyas alıb. 

Xatırlatmaq yerinə düşər ki, məh­kəmə-hüquq islahatlarının kompleks şəkil­də reallaşdırılması məqsədilə imzalanmış 19 yanvar 2006-cı il tarixli “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Res­publikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqın­da” Azərbaycan Respublikası Qanunu­nun tətbiq edilməsi barədə” fərman yeni mərhələdə ölkəmizdə çoxşaxəli hüquq is­lahatları üçün baza rolunu oynayıb. Regi­onal inkişafa xidmət edən islahatların ma­hiyyətindən irəli gələn bu sənəd əsasında regionlarda yeni məhkəmələrin yaradıl­ması vətəndaşların müraciət imkanlarının asanlaşdırılmasına xidmət edib: 2006-cı ildə respublika apellyasiya və iqtisad məh­kəmələrinin əvəzinə, 6 regional apellyasi­ya, habelə, əlavə 3 yerli iqtisad məhkəmə­si təşkil edilib.

Fərman əsasında, həmçinin, Ədliyyə Akademiyası yaradılıb, Hakimlərin Etik Davranış Kodeksi hazırlanaraq təsdiqlə­nib, məhkəmələrdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ­nun öyrənilməsi, məhkəmə təcrübəsində nəzərə alınması təmin olunub, hakimlərin sosial vəziyyətinin yaxşılaşdırılması is­tiqamətində tədbirlər həyata keçirilib. 

Məhkəmələrlə bağlı qanunvericiliyə 22 iyun 2010-cu il tarixli dəyişikliklər, eləcə də sisteminin müasirləşdirilməsi məqsədilə dövlət başçısının 2010-cu il 15 iyul və 9 avqust tarixdə imzaladığı fərmanlar ədalət mühakiməsinin səmərəliliyinin artırılma­sı baxımından son dərəcə əhəmiyyətli olub. Regionlarda yaşayan əhalinin məh­kəmələrə müraciət imkanlarının asanlaş­dırılması baxımından əlavə dörd bölgədə ağır cinayətlər, habelə dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmini məqsədilə yeddi böl­gədə inzibati-iqtisadi məhkəmələrin yara­dılması xüsusilə əhəmiyyətli olub. 

Hər bir cəmiyyətin sütunlarının ədalət prinsipi üzərində bərqərar olması, ta­rixən qanunçuluğun keşiyində dayanan, hüququn aliliyini rəhbər tutan səlahiy­yət sahiblərinin, ilk növbədə, insan taleyi ilə bağlı qərarlar qəbul edən hakimlərin fəaliyyətindən asılı olub. Hakimlərin Etik Davranış Kodeksinin qəbulu, məhkəmə hakimiyyətinin hazırlıqlı, mənəvi cəhətdən saf hakimlərlə komplektləşdirilməsi üzrə tədbirlərin davam etdirilməsi, bütün məh­kəmələrin tərkibinin təzələnməsi də məhz bu reallıqlarla şərtlənib. Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilən tədbirlər hakim vəzifəsinə seçkilərin tamamilə azad və ədalətli keçirilməsinə, bu məsul vəzifəyə ən layiqli insanların seçilməsinə xidmət edib. Son 15 ildə reallaşdırlan çoxmərhələ­li seçim prosedurlarında, o cümlədən, test, yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 500 nəfərdən çox namizəd ha­kim vəzifəsinə təyin olunub. 

Məhkəmələr üçün yeni inzibati binala­rın inşası, mövcud binaların əsaslı təmir olunması, hakimlərin müasir informasi­ya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərindən istifadə imkanları­nın yaradılması, ümumən, ölkədə ədalət mühakiməsinin səmərəliliyinin yüksəldil­məsinə, korrupsiyaya qarşı mübarizəyə xidmət edib. Ölkə başçısının 2014-cü il 13 fevral tarixli “Elektron məhkəmə infor­masiya sisteminin yaradılması haqqında” sərəncamı bu sahədə işlərin keyfiyyətcə yeni mərhələdə daha da genişlənməsinə, məhkəmələrdə İKT-nin ən son nailiyyətlə­rinin tətbiqinə imkan verən əlahiddə əhə­miyyətli sənəd olub. 

Prezident İlham Əliyevin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəa­liyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təc­ridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlə­rinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamında yer alan strateji məqsəd isə cinayət-hüquq siyasətinin liberallaşdı­rılması, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs və azad­lıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılması olub. 

Azərbaycan Respublikası Prezidenti­nin “Məhkəmə-hüquq sistemində islahat­ların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli fərmanı isə ədliyyə və məhkəmə sistemində islahatların müasir çağırışlara uyğun davam etdirilməsinə imkan verib, o cümlədən, elektron məh­kəmənin tətbiqi ilə bağlı təşkilati işlərin ye­kunlaşdırılmasını, onun funksionallığının artırılmasını, fiziki və hüquqi şəxslərin bu sistemdən istifadəsinin təşviqini şərtləndi­rib. Fərman əsasında ötən 4 ildə müasir dövrün tələblərinə cavab verən ədalət mü­hakiməsinin formalaşdırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, ha­kim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması, müvafiq infrastrukturun yenilənməsi işləri­nin davam etdirilməsi, məhkəmə icraatın­da müasir informasiya texnologiyalarından hərtərəfli istifadə edilməsi və digər mühüm məsələlərin həll olunması istiqamətində zəruri tədbirlərin görülməsi mümkün olub. Fərmanla, həmçinin, hakim ştatlarının sa­yının 200 ştat vahidi artırılması, ixtisaslaş­dırılmış kommersiya məhkəmələrinin, özəl ekspertiza institutunun yaradılması təmin edilib.

Ölkəmizin iqtisadi inkişaf tempinə adekvat şəkildə reallaşdırılan məh­kəmə-hüquq islahatlarının uğurlu nəticələ­rini hər bir vətəndaş gündəlik həyatında hiss edir və minnətdarlıqla qarşılayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə res­publikamızın ədliyyə və məhkəmə sistemi ilbəil müasirləşir, insan hüquq və azadlıq­larının müdafəsi sahəsində prinsipial sö­zünü deyir.

 

Orxan CƏBRAYILOV,
Bakı Apellyasiya Məhkəməsinin şöbə müdiri

Sosial həyat