Pakistanlı alim AMEA-nın Gəncə Bölməsində

post-img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Bölməsində Pakistanın Lahor Universitetinin professoru, şərqşünas-alim, fars ədəbiyyatı üzrə doktor Arif Nouşahi ilə görüş keçirilib.

Bölmənin sədri, akademik Fuad Əliyev qonağı salamlayaraq, Azərbaycan-Pakistan münasibətlərinin tarixi dostluq və qardaşlıq üzərində qurulduğunu vurğulayıb. O, iki ölkə arasında elmi-mədəni əlaqələrin genişləndirilməsində ziyalıların rolunun önəmini qeyd edib. Akademik, həmçinin Gəncədə fəaliyyət göstərən Nizami Gəncəvi Mərkəzinin beynəlxalq əməkdaşlıqlarını genişləndirmək istiqamətində tövsiyələrini bölüşüb.

Professor Arif Nouşahi çıxışında səfərinin əsas məqsədinin farsdilli ədəbiyyatın görkəmli nümayəndəsi Nizami Gəncəvinin irsi ilə daha yaxından tanış olmaq oməqsədi daşıdığını bildirib. O, Gəncədə olmaqdan böyük məmnunluq duyduğunu və bu səfərin illərlə arzuladığı bir istək olduğunu diqqətə çatdırıb.

Görüşdə Gəncə Bölməsinin sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov Nizami Gəncəvi ilə bağlı son illərdə görülən elmi işlər, nəşrlər və beynəlxalq tədbirlər haqqında məlumat verib.

Qonağa Nizami irsi ilə bağlı nəşr olunmuş monoqrafiya və jurnallar təqdim edilib. Professor Arif Nouşahi isə öz elmi əsərlərini və Pakistanda çap olunmuş tədqiqatlarını bölməyə hədiyyə edib.

Səfər çərçivəsində professor Nizami Gəncəvinin məqbərəsini, muzeyini və Gəncə şəhərinin digər tarixi abidələrini ziyarət edib, həmçinin Əlişir Nəvai adına Özbək Dili və Mədəniyyəti Mərkəzi ilə tanış olub.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Gəncə



Son xəbərlər