Naxçıvanda sahibkarların iştirakı ilə müşavirə

post-img

Sentyabrın 15-də Naxçıvanda yerli sahibkarların iştirakı ilə müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli 2025-ci ilin yanvar-avqust ayları üzrə muxtar respublikada əldə olunan makroiqtisadi göstəricilərdən soz açaraq bildirib ki, ümumi daxili məhsul istehsalı 1 milyard 64 milyon 598 min 400 manat olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz artıq göstəricidir.

Hesabat dövründə 343 milyon 6 min 900 manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2024-cü ilin müvafiq dövründəki göstəricini 19,1 faiz üstələyir. Həmçinin iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala bir il öncəki göstəricidən 42,4 faiz çox, 122 milyon 629 min 300 manat vəsait yönəldilib.

Sosial və iqtisadi sahələrin digər sferalarında da mühüm artımların olduğunu bildirən səlahiyyətli nümayəndə vurğulayıb ki, bu göstəricilər sahibkarlar üçün əlverişli mühitin formalaşdığını, rəqabətədavamlı məhsul istehsalına və xidmətlərin keyfiyyətinin artırılmasına mühüm şərait yaradıldığını təsdiq edir.

Fuad Nəcəfli bildirib ki, muxtar respublikada fəaliyyət göstərən sahibkarlar üçün daha əlverişli və perspektivli mərhələyə qədəm qoyuruq. Zəngəzur dəhlizinin reallaşması, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası Naxçıvanı mühüm logistika mərkəzinə və investisiya zonasına çevirəcək. Yerli sahibkarlar yaranacaq bu imkanlara, o cümlədən yeni investisiya mühitinə hazır olmalı, rəqabətə davam gətirəcək addımlar atılmalıdır.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov, Naxçıvan MR Sahibkarlar Konfederasiyası idarə heyətinin sədri Vüqar Abbasov, Naxçıvan MR iqtisadiyyat naziri Kazım Hüseynəliyev tətbiq olunacaq gömrük və ticarət güzəştlərini muxtar respublikada sahibkarlığın inkişafına göstərilən mühüm dəstək kimi dəyərləndiriblər.

Sahibkarlar muxtar respublikada azad sahibkarlıq mühitinin formalaşmasına, bu istiqamətdə şəffaflığın təmin olunmasına və göstərilən dəstəyə görə minnətdarlıqlarını bildiriblər.

Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri

Son xəbərlər