Türkiyə avtomobil istehsalı ölkəsinə çevrilir

post-img

Türkiyə avtomobil sənayesi son illər dinamik inkişaf yolu ilə inamla irəliləyir. Bu, qardaş ölkənin minik avtomobillərinin ixrac statistikasında da diqqət çəkir. Belə ki, Avtomobil Sənayesi İxracatçıları Birliyinin məlumatına görə, hazırda Türkiyə istehsalı olan avtomobillər 86 dövlətə tədarük edilir və ixrac həcmi 2 milyard 625 milyon dolları ötür. 

Yeri gəlmişkən, burada bir məqa­mı xüsusi vurğulamaq istərdik. Türkiyə təkcə avtomobil satışı ilə məşğul olmur, həmçinin istehsal prosesi ilə bağlı çox böyük klaster yaradır, yardımçı təsərrü­fatlar, xidmət sahələri formalaşdırır və bütün bunlar isə nəhəng istehsal sahələ­rinin qurulmasını şərtləndirir. Təbii ki, bu zaman müasir texnoloji yeniliklər və key­fiyyət amili diqqətdə saxlanılır. Belə bir şərait isə şübhəsiz ki, həm ölkənin avto­mobil sənayesinin inkişafını sürətləndirir, başqa sözlə, iqtisadiyyatını gücləndirir, həm də əhalinin məşğulluğuna önəmli təsir göstərir. 

Türkiyədə avtomobil sənayesinin in­kişafından danışarkən deyə bilərik ki, artıq bu sahədə yeni mərhələ başlanıb, ölkə elektromobil istehsalçıları sırasına daxil olub. Bu, yerli istehsal olan “Togg” elektromobilinin istehsalına start verilmə­si ilə təsdiqlənib. 

Xatırladaq ki, “Togg”un kütləvi isteh­salı Bursa vilayətinin Gemlik rayonunda inşa olunan zavodda gerçəkləşib. Müəs­sisənin təməli 2020-ci ildə qoyulub. Açılış mərasimi isə 2022-ci il oktyabrın 29-da reallaşıb. Dövlətimizin başçısı bu əlamət­dar tarixi hadisədən bir neçə gün sonra – noyabrın 2-də Türkiyə lideri Rəcəb Tay­yib Ərdoğana zəng edərək, ona “Togg”un kütləvi istehsala başlanılması münasibə­tilə təbriklərini çatdırıb. 

Məlumat üçün bildirək ki, Türkiyənin mobillik sahəsində xidmət göstərən qlo­bal texnologiya markası sayılan zavod ölkənin aparıcı şirkətləri olan “Anadolu Group”, “BMC”, “Root Group”, “Turk­cell”, “Zorlu Holding” və “TOBB” ilə bir­likdə elektromobilin istehsalına başlayıb. Müəssisənin inşasına 1 milyard dollar­dan çox investisiya yatırılıb. “Togg” zavo­dunun tikintisində ümumilikdə 9 min 700 nəfər iştirak edib. Burada montaj mərkə­zi, prototip inkişaf, istifadəçi sınaq parkı kimi bir çox bölümlər yaradılıb. Müəs­sisənin illik istehsal gücünün 175 min ədədə çatdıqda 4 min 300 nəfərin işlə təmin olunması planlaşdırılıb.

İlkin hesablamalara görə, bu layihə­nin yaratdığı ekosistem 15 il ərzində Tür­kiyə ümumi milli məhsuluna 50 milyard avro, cari hesab kəsirinə 7 milyard avro töhfə verəcək, birbaşa və ya dolayı yolla təxminən, 20 min adamın işlə təmin olun­masına şərait yaradacaq.

Onu da qeyd edək ki, müəssisədə il ərzində 175 min avtomobil istehsal olu­nacaq. 2030-cu ilə qədər isə istehsal 1 milyonu ötəcək. 

Qeyd edək ki, “Togg” elektromobil­ləri “Pamukkale”, “Anadolu”, “Gemlik”, “Kula”, “Oltu” və “Kapadokya” olmaqla altı rəngdə istehsal olunur. Avtomobil iki modifikasiyada – 200 və 400 at gücündə elektrik mühərriki ilə buraxılır. Ən güclü versiya 0-dan 100 kilometr-saat sürəti 4,8 saniyəyə yığa bilir. Elektromobilin mak­simal gediş məsafəsi isə 500 kilometrə yaxındır. Avtomobillərin hazırlanması za­manı onların ətraf mühit üçün tam zərər­siz olmasına xüsusi diqqət yetirilib.

Türkiyənin 60 illik xəyalının reallaş­ması kimi qiymətləndirilən yerli avtomo­bil “Togg”un “T10X” modeli üçün sifariş hüququ qazanan 20 min əsas və 20 min ehtiyat qalibin siyahısı da artıq açıqlanıb. Püşkatma nəticəsində “T10X” modelini almaq hüququ qazanan şəxslərin siya­hısı “Togg”un rəsmi internet saytında elan edilib. Bu modeli əvvəlcədən sifariş verən 177 min 467 nəfər arasında 20 min nəfər yerli avtomobil sahibi olub.

Martın əvvəlindən isə “Togg”un “T10X” modeli üçün ilkin sifariş prose­sinə başlanılıb. Elektromobilin satışına ilk gündən böyük maraq göstərilib. “Togg T10X” modeli üçün ilk 24 saatda 22 min 150 sifariş qəbul olunub.

Bu il aprelin 3-də “Togg” elektromo­bilinin “T10X” modelinin birincisi Prezi­dent Rəcəb Tayyib Ərdoğana və xanımı Əminə Ərdoğana, ikincisi isə aprelin 4-də dövlətimizin başçısı İlham Əliyevə təq­dim olunub. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan “Togg” elektromobilinin Azər­baycan Prezidentinə təqdim olunması ilə bağlı paylaşım edib. 

Türkiyə Prezidenti paylaşımında bil­dirib: “Qardaşım İlham Əliyev də Türkiyə­nin qüruru “Togg”u təhvil aldı. Xeyirli ol­sun. Allah gözəl günlərdə istifadə etməyi nəsib etsin, qardaşım”.

Prezident İlham Əliyev aprelin 4-də Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankı qəbul edərkən qardaş ölkədə son illərdə həm müdafiə, həm də mülki sənaye sahələrində yüksək texno­loji məhsulların istehsal olunduğunu qeyd edib. Ölkə rəhbəri, eyni zamanda, həmin məhsulların, eləcə də “Togg” elektromo­bilinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə xalqının zəkası, istedadı və əməyi nəticəsində ər­səyə gəldiyini vurğulayıb, belə bir elekt­romobilin ikincisinin ölkəmizdə olmasını dostluq və qardaşlıq münasibətlərimizin təzahürü kimi dəyərləndirib, eyni zaman­da, “Tviter”dəki paylaşımında bildirib: “Təşəkkür edirəm, əziz qardaşım. Amin! “Togg” Sizin liderliyiniz altında qardaş Türkiyənin elmi-sənaye potensialının in­kişafının daha bir bariz nümunəsidir”.

Qeyd edək ki, ekspertlər tərəfindən “Togg”un istehsalı Türkiyənin 60 illik xə­yalının həyata keçirilməsi kimi qiymətlən­dirilir. 

 

V.BAYRAMOV, “Xalq qəzeti”

Sosial həyat