ABŞ Prezidenti Co Bayden iki gün əvvəl rəsmi olaraq yenidən prezidentliyə namizədliyini irəli sürdüyünü açıqlayıb. O, video-müraciətində seçiciləri ona administrasiyasının iki il əvvəl başlatdığı “işi bitirmək” üçün daha çox vaxt verməyə çağırıb. Bu barədə “Amerikanın səsi” radisou məlumat yayıb.
Xatırladaq ki, Bayden 2020-ci il seçkilərində əsas siyasi rəqibi, respublikaçı prezident Donald Trampı məğlub etmişdi. D.Tramp seçkilərin nəticələrini qəbul etməmiş, seçki saxtakarlığı ittihamları irəli sürmüşdü.
D.Trampın bir çox tərəfdarları 2021-ci il yanvarın 6-da Konqresin seçkilərin nəticələrini təsdiqləmək üçün toplaşdığı vaxt Kapitoli binasına zorla daxil olmuşdu. Maraqlıdır ki, Baydenin seçki komandası onun yenidən prezident seçilməklə bağlı planlarını açıqladığı zaman Tramp tərəfdarlarının Kapitoliyə hücumunu əks etdirən video görüntüləri paylaşıb.
Bayden həmin görüntülər fonunda ölkə vətəndaşlarına müraciətlə deyib: “Hər bir nəsil amerikalı demokratiyanı müdafiə etməli olduğu bir anla üzləşib. Şəxsi azadlıqları müdafiə edin. Səs vermək haqqını və bizim vətəndaş hüquqlarımızı müdafiə edin”.
Ağ evin hazırkı sahibi sonra respublikaçıların aborta çıxışı məhdudlaşdırmaq, sosial təminatı azaltmaq, seçki hüquqlarını məhdudlaşdırmağa çalışdıqlarını söyləyib.
Qeyd etmək lazımdır ki, hələ iki il əvvəl inauqurasiya olunduğu zaman ölkənin ən yaşlı dövlət başçısı olan C.Bayden yeni seçki kampaniyasından öncə yaşı ilə bağlı narahatlıqlara məhəl qoymayıb. Yenidən seçilsə, ikinci vəzifə müddətinə başladığı zaman onun 82 yaşı olacaq.
“Xalq qəzeti”