BMT-nin Baş katibi Antonio Quterreş təcili olaraq Sudanda qan tökülməsini dayandırmağa çağırıb. Onun sözlərinə görə, bu ölkədə münaqişə döyüş meydanında həll olunmamalı, liderlər isə xalqın maraqlarını üstün tutmalıdırlar. Məlumatı “Anadolu” verib.
Baş katib deyib ki, münaqişə uzandıqca dağıdıcı nəticələr verəcək. Hazırda Sudan yeddi ölkə ilə həmsərhəddir ki, onlar da münaqişə və sarsıntılardan əziyyət çəkir.
Sudanın əhalisi isə hərbi əməliyyatlar zonasını tərk edərək təhlükəsiz regionlara keçmək üçün ölkədə ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş müvəqqəti atəşkəsdən istifadə etməyə çalışır. Ölkədə fəaliyyət göstərən humanitar təşkilatlar əsasən xarici yardımlardan asılı olan Sudanda vəziyyətin gündən-günə ağırlaşdığını bildirirlər.
Sudanın 46 milyonluq əhalisinin üçdə birinin humanitar yardıma ehtiyacı var. Lakin ölkədəki humanitar təşkilatların bir çoxu öz fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb, onlarca xəstəxana isə bağlanıb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, qonşu ölkələrə sığına biləcək on minlərlə insanı qəbul etmək üçün hazırlıq görülür.
Qeyd edək ki, aprelin 15-də Merove və Xartum şəhərlərində xüsusi təyinatlı qüvvələrlə Sudan ordusu arasında toqquşmalar başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı indiyə qədər davam edən döyüşlər nəticəsində aralarında dinc sakinlərin də olduğu 500-ə yaxın insanın həlak olduğunu, 4 mindən çox insanın isə yaralandığını bildirib.
Afrikanın ən böyük üçüncü ölkəsi olan Sudanda böhranın aradan qaldırılması ilə bağlı danışıqlara çağırışlar cavabsız qalır. Diplomatların və xarici vətəndaşların ölkəni tərk etməsi vəziyyətin ağırlaşmasının əlaməti hesab olunur. BMT yaxın günlərdə 270 min sudanlının qonşu ölkələrə, əsasən də Çad və ya Cənubi Sudana sığınacağını proqnozlaşdırır.
“Xalq qəzeti”