Onunla çox ədəbi tədbirlərdə, çox görüşlərdə olmuşam. Bakıda, Sumqayıtda, Lənkəranda, Qubada... Hamısında da görmüşəm ki, ədəbi proses, poeziya və nəsr, xüsusilə də klassiklərimiz haqqında danışdıqları bilmədiyim filoloji mətləblərlə doludur. Füzuli şeirinin elə qatlarına nüfuz edir ki, əzbərdən elə şeirlərini deyib açmasını verir ki, heyran qalıram. Onu hər dinləyəndə ədəbiyyatın necə dərin və dalğalı nəhr olduğunu anlayır, hətta bir qədər də bu aləmdə olmağımdan eymənirəm.
Filologiya elmləri doktoru, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu Ədəbi tənqid şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi Vaqif Yusifli əli qələm tutana qədər oxuyub-öyrənmiş, bu gün də yaza-yaza oxuyub öyrənən yazarlardandır. Qeyri-adi çalışqanlıq, fəaliyyət dairəsinin genişliyi onun özünütəsdiqində mühüm amil olub. Buna görə də kitabları, məqalələri, esseləri, resenziyaları həm alimanədir, həm də şairanə. Ahənrüba kimi adamı çəkir.
Vaqif müəllim universitetin filologiya fakültəsini bitirdikdən sonra üç il Masallıda dil-ədəbiyyat müəllimi işləyib. Sonra aspirantura həyatı, alimlik missiyası, ədəbi prosesin durmadan incələnməsi həyat amalı olub. 55 illik zəhmətin bəhrəsi olan 30 kitab, yüzlərlə məqalə hasilə gəlib.
“Azərbaycan qəzəli”, “Poeziya və zaman”, “Rəsul Rza və müasir Azərbaycan poeziyası”, “Sındır qəfəsi”, “Məmməd Araz dünyası”, “Yaxşı ki, varsan”, “Bu nə sehrdir belə”, “Karvanbaşı, yolun hayanadır” kimi kitablarını oxuduqca hər kəs istər-istəməz o söz karvanına qoşulub gedir.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli yazır ki, çağdaş ədəbi prosesdə, tənqid və ədəbiyyatşünaslıqda, elmi mühitdə Vaqif Yusiflinin özünəməxsus yeri, rolu və təsiri, sanballı payı və izi var. Dövrümüzün ümumi elmi-ədəbi mənzərəsini Vaqifsiz tam təsəvvür etmək çətindir. Ədəbiyyat, tənqid və ədəbiyyatşünaslıq onun sadəcə, məşğuliyyət sahəsi deyil, taleyidir, həyatının əsas hissəsidir, tərcümeyi-halının mühüm göstəricisidir. “Vaqif Yusiflinin ədəbi-tənqidi əsərlərində elmiliklə publisistika vəhdətdə çıxış edir. Doğrudur, bu məqamlarda elmin payı həmişə publisistikanın payından çox olur. Vaqif Yusiflinin tənqidində hər iki tərəfin, hər iki arqumentin özünəməxsus yeri, bir-birini inkar etməyən, lakin tamamlayan funksiyası vardır”.
Müdrik yaşlı görkəmli filoloq gəncliyindən üzübəri qərəzdən uzaq, konyukturaya uymayan, təbiiliyi və xeyirxahlığı əsas götürən olub. Elə kitablarından birini "Ürəyimi sərdim günəşə" adlandırması həm də onun daxili aləmini, xarakterini ifadə edir. Zəhmətkeş alim klassik və dahilərdən də, az tanınan müəlliflərdən də eyni səmimiyyət və məsuliyyətlə yazır. Tanınmışların “sirlər aləmi”ni açır, gənc qələm sahiblərinə qol-qanad verir (özü də heç bir minnət qoymadan).
Bu sətirlərin müəllifi haqqında da Vaqif Yusifli bir neçə məqalə yazıb. “Ulduz” jurnalında, “Ədəbiyyat” və “Ədalət” qəzetlərində, həmçinin “Ədəbi proses” və “Sumqayıtda ədəbi həyat” kitabında. Dediyim odur ki, diqqətinə, həssas münasibətinə görə ustad tənqidçiyə mənim də təşəkkür borcum var.
İlqar Fəhmi haqlı olaraq yazır: “Ədəbi mühitdə çox az saylı insanlar var ki, bu qədər söz adamının həyatında özünəməxsus yeri olsun, onun qarşısında bu qədər söz adamı özünü borclu hiss eləsin.Tanınmış alimimiz, gözəl tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusifli məhz belə alimlərimizdəndir. Ədəbi mühitdə nadir adamlar tapmaq olar ki, Vaqif müəllim onun ədəbi yaradıcılığında iştirak etməmiş olsun, onun yaradıcılığı haqqında fikir bildirməmiş olsun”.
Azərbaycan ədəbiyyatının uğurları və kəsirləri, xüsusilə də vəzifələri hər zaman onun başlıca mövzusudur. Yüz yaşasın!
Əli NƏCƏFXANLI,
AYB-nin üzvü