Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatını sərbəst güləşçilərimiz 6 medalla qalib kimi başa vurublar.
Qitə çempionatının üçüncü günündə güləşçimiz Osman Nurmaqomedov (92 kq) həlledici görüşdə türkiyəli Feyzullah Aktürklə qarşılaşıb. Görüşün ilk hissəsini öz xeyrinə başa vuran Nurmaqomedov ikinci yarıda üstünlüyünü qoruya bilməyib. Yekun nəticədə 2:5 hesabı ilə uduzan təmsilçimiz gümüş medalla kifayətlənib.
Yığmamızın digər üzvü Abubakr Abakarov (86 kq) bürünc medal uğrunda görüşdə slovakiyalı Boris Makoyevə 7:4 hesabı ilə qalib gələrək Avropa üçüncüsü olub.
Georgi Meşvildişvili (125 kq) isə bürünc medal uğrunda italiyalı Abraham Konyedo ilə gücünü sınayıb. Rəqibinə 7:4 hesabı ilə qalib gələn Meşvildişvili bürünc medala layiq görülüb.
Qeyd edək ki, bundan əvvəl sərbəst güləşçilərimiz Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (70 kq) qızıl, Maqomed-xan Maqomedov (97 kq) gümüş medal qazanıblar. Beləliklə, millimiz qitə birinciliyində 2 qızıl, 2 gümüş və 2 bürünc olmaqla, 6 medala sahib olub. Bu nəticə ilə komandamız 150 xal toplayaraq Avropa çempionu olub. Komandamız medalların əyarına görə də bütün ölkələri qabaqlayıb. Millimiz həm də bu göstəricidə özünün son 4 ildə ən yaxşı nəticəsinə imza atıb.
Gürcüstan (137) ikinci, Türkiyə (115) isə üçüncü yeri tutub. Bu, sərbəst güləş üzrə yığmamızın ardıcıl ikinci, ümumilikdə isə dördüncü Avropa çempionluğu olub.
Leyla QURBANOVA,
“Xalq qəzeti”