Türkiyədə “Radikal erməni ünsürləri tərəfindən törədilən vəhşiliklər və vandalizm” adlı məqalələr toplusu nəşr olunub.
Dörd bölmədən ibarət topluya tarix, sosiologiya, arxeologiya, sənət tarixi və memarlıq üzrə 17 elm adamının məqalələri daxil edilib.
Nəşrin “Siyasi və sosial tarix” adlı ilk bölməsində XIX əsrin ortalarından başlayaraq artan erməni üsyanları, qətliamlar və siyasi yeniliklərdən bəhs olunur, əsassız erməni iddiaları cavablandırılır. “Radikal erməni ünsürləri tərəfindən törədilən qətliamların arxeoloji dəlilləri” başlıqlı növbəti bölmədə erməni silahlı dəstələrinin, xüsusilə Şərqi Anadoluda törətdikləri qətliamlar arxeoloji tapıntılara əsaslanmaqla şərh olunur. “Azərbaycanda türk mədəniyyət abidələrinə edilən vandalizm” adlı üçüncü bölmədə erməni quldurlarının Azərbaycan torpaqlarında və indiki Ermənistan ərazisində məhv etdikləri maddi mədəniyyət abidələrindən söz açılır. “Türkiyədəki erməni mədəniyyət abidələrinin tanıdılması və qorunması istiqamətində işlər” başlıqlı sonuncu bölmədə isə qardaş ölkə ərazisindəki erməni abidələrinin bərpası və qorunması istiqamətində görülən işlərin bir qismi qeyd olunur, məsələ ilə əlaqədar sənədlər təqdim olunur.
Yenicə çap olunan əsər havadarlarının dəstəyinə arxalanan ermənilərin əksinə olaraq real tarixi faktlara əsaslanmaqla, əsl həqiqətlərin aşkara çıxarılması və təbliği məqsədi daşıyır.
***
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Şahbaz Şamıoğlunun (Musayevin) yeni işıq üzü görmüş "Azərbaycan mühacirət irsi: nəsr və ədəbiyyatşünaslıq" monoqrafiyası bir neçə illik araşdırmaların nəticəsidir. Akademiyanın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunmuş monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru Nikpur Cabbarlı, rəyçiləri filologiya elmləri doktoru Abid Tahirli və filologiya elmləri doktoru Ataəmi Mirzəyevdir. "Giriş"dən, "Azərbaycan mühacirət nəsri: təşəkkülü, inkişaf istiqamətləri", "Azərbaycan mühacirət ədəbiyyatşünaslığı" adlı fəsillərdən və "Nəticə"dən ibarət monoqrafiya ədəbi-elmi ictimaiyyət, ali məktəblərin tələbələri və magistrlər, habelə mövzuya maraq göstərən oxucu auditoriyası üçün nəzərdə tutulub. Ş.Şamıoğlu mühacirət irsinin ideya, mövzu, mündəricə, dil, üslub, sənətkarlıq nöqteyi-nəzərindən, mücahidlərin çətin, lakin şərəfli həyat yolunun öyrənmək baxımından aktual və əhəmiyyətli olduğunu ciddi arqumentlərlə əsaslandırır. Müasir ədəbiyyatşünaslığın tələbləri səviyyəsində hazırlanmış monoqrafiya mühacirətşünaslığa yeni töhfədir.
***
1896-cı ildə fransalı arxeoloq Jak de Morqanın Azərbaycanın Talış bölgəsində apardığı tədqiqatların nəticələrini Parisdə nəşr etdirdiyi “Arxeoloji tədqiqatlar” adlı kitabı fransız dilindən Azərbaycan dilinə tərcümə olunub.
Əsəri AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun böyük elmi işçisi, tarix elmlər doktoru Tufan Axundov və Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülşən Axundova redaktə ediblər.
Nəşrin layihə rəhbəri Cabbar Əliyev, tərcüməçisi İxtiyar Murtuzayev, naşiri isə Akif Dənzizadədir.
Kitabda müəllif gördüyü işləri addım-addım təsvir edir, əldə edilmiş materialların təsnifatlarını verir. Deyilənlərlə yanaşı, o, tədqiq etdiyi ərazinin tarixi inkişafı haqqında mülahizələr yürüdür, özünün çəkdiyi çoxlu sayda fotoları, rəsmləri, tərtib etdiyi sxemləri və xəritələri əlavə etməklə maraqlı məlumatlar təqdim edir.
Yeni nəşr arxeoloqlar, etnoqraflar, tarixçilər, sənətşünaslar, eləcə də qədim dövr tarixi və mədəniyyəti ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
***
Ədəbiyyatşünas alim, tərcüməçi İlham Abbasın "Ədəbiyyat üzrə Nobel mükafatçıları" kitabının birinci cildi işıq üzü görüb.
"Ulduz" jurnalı və "Mücrü" nəşriyyatının ortaq layihəsi çərçivəsində nəşr olunmuş kitaba 1901-1939-cu illərdə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş yazıçıların həyat və yaradıcılığından bəhs edən oçerklər daxil edilib. Kitabın naşiri Müşfiq Xan, redaktoru Qulu Ağsəsdir.
Ə.ƏLİYEV, “Xalq qəzeti”