Tofiq Bayram: Məni təxribata çəkmə, partkom…

post-img

Əvvəlcə onu xatırladım ki, 2019-cu ilin dekabrında Bakıda – Opera və Balet Teatrında Azərbaycan Yazıçılar Birliyinin 85 illiyinə həsr olunmuş tədbir keçirilirdi. Dostumuz İlqar Həsənovun təşəbbüsü ilə həmin tədbirdə mən də iştirak etmişdim. Ertəsi gün toplantı haqqında qələmə aldığım təəssüratda belə bir fikir də var idi: “Yubiley iştirakçıları arasında yaxından salam-kəlamım olmuş mərhum şair və yazıçıları görməyəndə onların ruhuna rəhmət oxumağı özümə borc bildim. Fikrət Sadıq, Balasadıq, Nahid Hacızadə, İlyas Tapdıq, Oqtay Rza, Xəlil Rza, Tacəddin Şahdağlı, Şəmşad Rza, Firudin Ağayev, Eldar Baxış, İbrahim Göyçaylı, Camal Yusifzadə, Əlibala Hacızadə, Qaçay Köçərli … hamısı ilə ya çörək kəsmiş, ya da bir yerdə çalışmışdıq”. 

Göründüyü kimi, bu siyahını qələmə alanda Tofiq Bayramı unutmuşdum. Halbuki, görkəmli Azərbaycan şairi, milli təəssübkeşliyin etalonlarından biri, sözlə qəsr, qala yaratmağın usta­sı, ədəbiyyata çörək ağacı kimi deyil, məhz ədəbiyyat kimi baxmağı bacar­mış Tofiq Bayramın adını unutmağa haqqım yox idi. Onu tələbəlik illərimdən tanıyırdım və sonralar müəllim işləyən­də üç dəfə onunla görüş təşkil etmiş, iki tədbirin aparıcısı olmuşdum. Yəni, yaddaşımda Tofiq Bayramla bağlı xeyli xatirə yaşayır. Onun şeirlərini kim sev­mir ki:

Sərhəd məftillərində

Bu kobud əllərimlə

Bir muğamat çalaram,

Azərbaycan deyəndə! 

misralarını qələmə almış bu insan sözdən rəng kimi istifadə edərək lövhə də yarada bilirdi: 

Duvağa bürünüb yola düşürsən,

Qonşular telinə çiçək bağlayır.

Ay bacım, sən haldan-hala düşürsən,

“Vağzalı” çalınır, anam ağlayır. 

O, həm də…“Lazım gəlsə, gözü­mün qarasını verərəm, Qarabağı ver­mərəm!” – qətiyyəti ilə yaddaşımda birdəfəlik qalıb. 

Bəli, yaddaşımda onunla bağlı çox­saylı xatirələr var və indi onların bəzilə­rini rubrikamızın oxucularına təqdim etmək istəyirəm:

Bəlkə “pasılka” da göndərən oldu

Yetmişinci illər idi. Filarmoniya­da Tofiq Bayramla görüş keçirilirdi. Zal tələbələrlə dolu idi. Sual yazılmış məktublar sel kimi “axırdı”. Tofiq müəl­lim zaldan məktubları gətirən qızları göstərərək dedi: – Bu qızları oğlanlarla əvəz edin, bəlkə məktub yox, “pasılka” da göndərən oldu. 

Partkom, məni təxribata çəkmə

İndiki Su İdmanı Sarayının yerləş­diyi ərazidə Bakının ən tanınmış peşə məktəblərindən biri var idi. İnstitutu təzə qurtardığım illərdə orada “Estetik tərbiyə” fənnindən dərs deyirdim. Ta­nınmış ədəbiyyat, incəsənət xadimləri ilə çoxsaylı görüşlər keçirirdik. Tofiq Bayramı da çağırdıq, gəldi. Direktoru­muz Mərhəmət Həsənova məni şairə təqdim edərək dedi: İttifaq müəllim də şeir yazır, bizim partkomdur. 

– Partkomdursa, şeir yazmaz, şeir yazırsa, ondan partkom olmaz – deyə Tofiq müəllim bildirdi. 

Mən də cavabsız qalmadım: – Onda Yazıçılar İttifaqının partkomu­nu çöldən gətiriblər? 

Tofiq Bayram özünəməxsus ami­ranəliklə dilləndi: 

– Partkom, məni təxribata çəkmə!

Avara olduğumu bilirdim, avar olduğumu isə bu gün öyrəndim

Tofiq müəllim Rəsul Həmzətovun “Mənim Dağıstanım” kitabındakı şeir­ləri çox ustalıqla tərcümə eləmişdi. Bir tədbirdə tarix müəllimimiz Mirhəsən Seyidov həmin şeirlərin məziyyətləri barədə danışarkən dedi: “Avar olma­yan kəsin avar mənəviyyatına bu qə­dər dərindən bələd olması inandırıcı deyil. Hərdən mənə elə gəlir ki, Tofiq Bayram məhz avardır”. 

Məclisin sonunda söz şairin özünə verildi və o bir gülməcə ilə başladı: “Avara olduğumu çoxdan bilirdim, avar olduğumu isə bu gün öyrəndim”. 

Kələm rəngli “Moskviç”

Neftçilərin Bayıldakı Mədəniyyət Sarayında Tofiq Bayramla görüş ke­çirilirdi. Tədbir iştirakçılarına hədiyyə etmək üçün gətirdiyi kitablar maşının­da qalıbmış. Maşının açarını verdi ki, cavanlardan kimsə gedib kitabları gə­tirsin. Mən də açarı cavanlardan birinə verdim ki, get “salatovıy” “Moskviç”in yük yerini aç, kitabları götür.

Oğlan mənim dediyim rəngi başa düşə bilməyəndə şairin özü işə qarışdı: “Oğlum, get, bax, orada kələm rəngin­də olan bircə maşın var”. 

Yazıçılar İttifaqındakı dostlarımı bura çağırardım…

Tofiq müəllimi növbəti dəfə məktə­bimizə dəvət etmişdik. “Prezidium”da yanaşı oturmuşduq. “Valekardın…” şeirini özünəməxsus tərzdə oxudu. Sonra isə “Vağzalı” çalınır”a keçdi. Körpəlikdən canımda əsəb problemləri olduğuna görə riqqətli nə isə eşidəndə və ya görəndə çox tez kövrəlirəm. Şa­irin həmin ifaları da gözlərimi yaşartdı. Kövrəldiyimi görsə də, üzümə vurmadı. 

Tədbirdən sonra həyətimizə yeni çəkilmiş asfaltın üstü ilə insan yana­ğında yaş axırmış kimi gedən nazik su “cizgisini” görəndə dedi: “Tofiq Bayra­mın şeiri belədir, nəinki partkomu, hət­ta asfaltı da kövrəldir”. 

Mərhəmət xanım cavab verdi ki, qrunt sularıdır, iki ildən bir asfalt çək­sək də, yenə də həyətdən su çıxır. 

– Araq olsaydı, çarəsi vardı, Ya­zıçılar İttifaqındakı dostlarımı çağırar­dım, iki günlük iş var, – deyən şair gü­lümsündü.

Yada düşməli simalardan biri 

1998-ci il sentyabrın 24-də Suraxa­nı rayonunun Əmircan qəsəbəsində Tofiq Bayramın büstünün ( o, 1991-ci il aprelin bu günlərində dünyasını də­yişmişdi) və onun adını daşıyan isti­rahət parkının açılışı mərasimində ulu öndər Heydər Əliyev də iştirak edirdi. Şair Qabil ümummilli liderə “Heydər müəllim!” – xitabı ilə başlayan çıxışın­da dedi ki, ölkənin bu ağır vaxtında Siz bu işləri görürsünüzsə, mən bütün ya­zıçı və şairlərimiz adından Sizə təşək­kür edirəm.

Ulu öndərin cavabı daha maraqlı idi. O, dedi ki, elm, ədəbiyyat, mədə­niyyət xadimləri ölkənin bütün vaxtla­rında, bütün vəziyyətlərdə yaddan çıx­mamalıdır. 

Xatırlatma

Bu rubrika yaşıma, təcrübəmə və uzun illər boyu ədəbi-mədəni mühitdə olduğuma görə redaksiya rəhbərliyinin son dörd-beş ayda mənə göstərdiyi etimadın təzahürüdür. Ona görə də yuxarıda dediyim kimi, ancaq şəxsən tanıdığım, bir yerdə işlədiyimiz və ya dostluq etdiyimiz insanlar haqqında xa­tirələrimi yazıram. Bu faktı xatırlatmaq­da məqsədim odur ki, kimsə “mənim atam haqqında da yazın” – deməsin. Şəxsi tanışlığım olmayanlar haqqında yazsam, inanmıram ki, fikirlərim bu xa­tirələrdəki qədər səmimi olsun. 

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”, Əməkdar jurnalist

Sosial həyat