Qardaş Türkiyə hərtərəfli yüksəliş dövrünü yaşayır

post-img

Azərbaycan–Türkiyə münasibətləri son 20 ildə ən yüksək səviyyəyə, strateji müttəfiqlik mərhələsinə yüksəlib. Əlaqələrin genişlənməsində prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın əvəzsiz rolu olub. Dövlət başçıları tərəfindən ortaq dəyərlərə əsaslanılaraq əməkdaşlığın möhkəmlənməsi üçün yorulmaz səy göstərilib. Hər iki siyasi liderin həyata keçirdiyi uzaqgörən, müdrik siyasət nəticəsində ölkələrimizin regional və qlobal səviyyədə siyasi mövqeləri, təsir imkanları davamlı şəkildə güclənib. 

İki ölkə arasındakı münasibətlər si­yasi sahə ilə yanaşı, iqtisadi sektorda da özünü qabarıq büruzə verib. Son 20 ildə Azərbaycanla Türkiyə arasında ticarət həcmi sürətlə artıb, qoyulan investisiya həcmi isə milyardlarla dollar təşkil edib. Respublikamızda bank və sığorta, tele­kommunikasiya, inşaat, nəqliyyat, yün­gül sənaye, qida, enerji türk şirkətlərinin fəaliyyət göstərdikləri başlıca sahələr olaraq diqqət çəkib. Azərbaycan da Tür­kiyə iqtisadiyyatına ən çox investisiya qoyan ölkələrdən biri kimi tanınıb. 

Ötən müddətdə Türkiyə iqtisadiyya­tında nəzərə çarpan volatilliyə, məzən­nə enişlərinə və inflyasiyaya baxma­yaraq, qardaş ölkə iqtisadiyyatı real ifadədə 3 dəfə böyüyüb. Belə ki, 2003-cü ildə 314 milyard dollar ÜDM-ə malik olan Türkiyə iqtisadiyyatı hazırda 900 milyard dolları keçib. Beynəlxalq Valyu­ta Fondunun hesablamalarına görə, bu il Türkiyədə ÜDM-in 1 trilyon 29 milyard dollara çatması proqnozlaşdırılıb. 

Onu da qeyd edək ki, Türkiyə Rə­cəb Tayyib Ərdoğan hakimiyyətinə qə­dər daha çox aqrar və xidmət sektorları üzrə ixtisaslaşmışdırsa, indi ölkə müasir sənaye dövlətinə çevrilməkdədir. Tür­kiyə hazırda hərbi, avtomobil sənaye­sində xüsusi üstünlüyə malik ölkə kimi diqqət çəkir. 

Rəcəb Tayyib Ərdoğanın hakimiy­yəti dövründə Türkiyənin sürətli inkişa­fı haqqında aydın təsəvvür yaranması məqsədilə bir neçə məqama da nəzər salmaq istərdik. Məsələn, təhsil sahə­sində 10,3 milyard türk lirəsi olan illik büdcə 304 milyard türk lirəsindən çox artırılıb. Ümumi daxili məhsul 238 mil­yard ABŞ dollarından 1 trilyon ABŞ dol­larına, satınalma gücü nisbətinə görə isə Türkiyə dünyanın ən böyük 11-ci, Avropanın 4-cü iqtisadiyyatı səviyyə­sinə yüksəlib, ixracat 36 milyard dollar­dan 250 milyard dollara qədər artırılıb, dünyanın 228 ölkə və bölgəsinə ixracat həyata keçirilməyə başlanıb. 

Rəcəb Tayyib Ərdoğanın iqtidarı dövründən başlayaraq Türkiyədə iqti­sadi sahədə inqilabi addımlar atılıb. Məsələn, 1460 kilometr uzunluğunda sürət qatarı şəbəkəsi tikilib, hava liman­larının sayı 26-dan 57-yə, dəniz liman­larının sayı 37-dən 84-ə çatdırılıb. Ölkə­də su anbarlarının sayı 276-dan 930-a, su elektrik stansiyalarının sayı 97-dən 730-a, içməli su mənbələrinin sayı 84-dən 370-ə və suvarma şəbəkələrinin sayı isə 1764-dən 3325-ə yüksəldilib. 

Qardaş ölkənin xarici ticarət poten­sialı 500 milyard dollara çatdırılıb. Mü­dafiə sənayesi üzrə Türkiyə öz tələba­tını qarşılamaqdan başqa, İHA, SİHA, Akıncı, quru vasitələri, dəniz platforma­ları başda olmaqla, 170 ölkəyə müda­fiə sənayesi məhsulları ixrac edən bir ölkə səviyyəsinə yüksəlib, sənaye və texnologiya istiqamətində qurulan 152 yeni mütəşəkkil sənaye zonası, 29 sə­naye zonası və 94 texnoparkla ölkənin istehsal gücü artırılıb, yerli avtomobil TOGG-un istehsalına başlanıb. 

Son 20 il ərzində Azərbaycanın Türkiyə ilə ticarət əməkdaşlığında da yüksək göstəricilər nəzərə çarpıb. Döv­lət Gömrük Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-fevral aylarında ölkəmizin xarici ticarət dövriyəsinin 12,5 faizi Türkiyə ilə aparılmış ticarət əməliy­yatlarının payına düşüb. İxracın 12,3 fa­izini Türkiyəyə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Onu da xatırladaq ki, cari ilin yan­var-fevral ayları ərzində Azərbaycanın Türkiyəyə qeyri-neft ixracı 78,7 faiz artaraq 273,9 milyon ABŞ dolları təşkil edib. Yalnız fevral ayında qardaş ölkəyə ixracın dəyəri 2 dəfə artaraq 167,2 milyon ABŞ dolları səviyyəsinə çatıb. Adıçəkilən ixrac dəyərinin əhəmiyyətli artımının əsas səbəbi elektrik enerjisi ilə əlaqədardır.

Qara Dənizdə 540 milyard kubmetr təbii qaz ehtiyatının kəşfi ilə Türkiyənin enerji tələbatının mühüm bir hissəsinin yerli potensial hesabına təminatı realla­şıb. Eyni zamanda, qardaş ölkə hazır­da TANAP və TAP kəmərləri vasitəsilə Azərbaycan qazının Avropaya çatdırıl­masındakı səmərəli fəaliyyəti ilə bey­nəlxalq enerji təhlükəsizliyinə öz töhfə­sini gerçəkləşdirib.

V.BAYRAMOV, “Xalq qəzeti”

Sosial həyat