Azərbaycan ŞƏT-ə üzvlüklə bağlı ciddi dəyərləndirmələr aparır

post-img

Azərbaycan müstəqillik illərində bir çox beynəlxalq təşkilatlarla, eləcə də onlarda təmsil olunan ölkələrlə sıx münasibətlər qurub, siyasi, iqtisadi, ticari əlaqələr yaradıb. Ölkəmizin son illərdə həyata keçirdiyi xarici siyasətin prioritetlərindən biri də məhz bu cür təşkilatlarla əlaqələri, qarşılıqlı faydalı əməkdaşlığı gücləndirmək, eləcə də qarşılıqlı təhlükəsizlik maraqlarını təmin etməkdir. Bu sırada Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və s. kimi beynəlxalq təşkilatların adlarını çəkə bilərik. Amma dünya daha böyükdür və indiyədək qoşulmadığımız, yaxud yeni yaranan təşkilatlara da maraq göstərməyimiz səmərəsiz olmazdı. 

Məsələn, son illərdə ölkəmizin Qoşul­mama Hərəkatı (QH) çərçivəsində olduq­ca səmərəli fəaliyyəti ayrıca qeyd edilə bilər. Bu fəaliyyət, bir tərəfdən QH-nin güclənməsinə, monolitləşməsinə kömək edirsə, digər tərəfdən də, Azərbaycanın özünün təhlükəsizliyinin, suverenliyinin qorunmasında mühüm rol oynayır. 

Son illərdə ölkəmiz daha bir təşkilat­la əməkdaşlığa xüsusi önəm verməkdə­dir. Bu, Şanxay Əməkdaşlıq Təşkilatıdır (ŞƏT). Bu, yeni yaranmış bir qurumdur, 2001-ci ildə Şanxayda təsis olunub, cəmi 22 yaşı var. Tərkibində Azərbaycana dost olan Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan kimi ölkələr bir­ləşib. Hazırda təşkilatın 9 üzvü (Qazaxıs­tan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran), 3 müşahidəçi üzvü (Əfqanıstan, Monqolus­tan, Belarus) və 9 dialoq tərəfdaşı (Azər­baycan, Türkiyə, Şri-Lanka, Kamboca, Nepal, Ermənistan, Misir, Qətər, Səudiyyə Ərəbistanı) var.

Təşkilatın əsas məqsədləri üzv dövlət­lər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm, texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükə­sizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisa­di beynəlxalq düzənin yaradılması üçün addımların atılmasıdır.

Azərbaycan Prezidenti İlham Əliyev bu ilin 15-16 sentyabrında Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş ŞƏT ölkələri liderlərinin növbəti zirvə toplan­tısında fəxri qonaq qismində iştirak edib. Azərbaycan liderinin Səmərqənd zirvəsin­də iştirakından sonra ölkəmizin təşkilata üzvlüyü məsələsi yenidən gündəmə gəlib.

Şübhəsiz ki, təşkilatda ölkəmizin mü­hüm siyasi və iqtisadi tərəfdaşlarının ol­ması Azərbaycanı üzvlüyə cəlb edən şərt­lərdən biridir. Hazırda təşkilata üzv olan bir çox ölkələrlə Azərbaycanın çox sıx siyasi, iqtisadi əlaqələri mövcuddur. Eyni zaman­da, təşkilatın qarşısına qoyduğu məqsəd­lər, xüsusilə təhlükəsizliklə bağlı birgə səy­lər göstərilməsi məsələsi də cəlbedicidir. 

Prezident İlham Əliyev Zirvə görüşün­də iştirakdan məmnun olduğunu bəyan etdi və üzv ölkələrə Azərbaycanın malik olduğu siyasi, iqtisadi, xüsusən nəqliyyat arteriyası haqqında ətraflı məlumat verdi. Zənnimizcə, bu çıxış üzv ölkələri də Azər­baycanı öz sıralarına qəbul etməyə kifayət qədər həvəsləndirmiş oldu. Dövlətimizin başçısı bildirdi: “Mən həmkarlarıma Azər­baycanın tranzit və nəqliyyat-logistika im­kanları barədə məlumat vermək istərdim. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommuni­kasiya layihələrinin işə düşməsinə sanbal­lı töhfələr verib. Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yük-aşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Azərbay­can 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakı gəmiqayırma zavodu bütün növ gəmilər istehsal edə bilir… 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuz­da nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zən­gəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır”.

Hazırda Azərbaycanda ümumi fikir belədir ki, ŞƏT-ə qoşulmaq mümkündür. Politoloq, Azərbaycanın sabiq XİN başçısı Tofiq Zülfüqarov da hesab edir ki, Azər­baycanın Səmərqənd Zirvəsində qonaq qismində iştirakından sonra hökumət üzv­lük barəsində ciddi şəkildə fikirləşir. Amma hələ dəyərləndirmə prosesi gedir. Azər­baycanın bu təşkilata üzvlüyünün faydalı olub-olmaması qiymətləndirilir.

T.Zülfüqarov deyib: “Biz görürük ki, hazırda Şanxay Əməkdaşlıq Təşkilatı çox vacib quruma çevrilir. Orada Çin, Hindis­tan və Pakistanın fəallığı görünür. Po­tensial üzv ola biləcək ölkələrin bir-birinə olan yaxşı münasibətləri Azərbaycanın bu təşkilata üzvlüyünün faydalı ola biləcəyini göstərir. Orada bəzi siyasi məqsədlərlə yanaşı, çox ciddi iqtisadi məqsədlər də mövcuddur. Üzv ölkələr arasında qarşılıqlı şəkildə iqtisadi güzəştlər tətbiq olunur. Bu da çox yaxşı fürsətdir. Ancaq bu məsələ­ni iqtisadi və siyasi cəhətdən çox ciddi dəyərləndirmək lazımdır”.

Yəqin ki, ölkəmiz bu dəyərləndirmələr nəticəsində ən vacib olan qərarı qəbul edəcək.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Siyasət