Sən mayın 14-də Türk dünyasının sabahına səs verəcəksən, arkadaş. Bunu unutma!

post-img

İlk dəfədir ki, hansısa bir ölkədə keçirilən prezident seçkilərinin “əsrin seçimi” adlandırılmasını eşidirəm. Əvvəllər heç zaman eşitməmişdim ki, hansısa mütəxəssis bir ölkədə keçiriləcək seçkilərin regionda və dünyada gedən proseslərə təsir edəcəyini proqnozlaşdırsın. Elə sıravi seçicinin “Mən tarixi seçkidə iştirak edəcəyimə görə şanslıyam!” – deyə məmnunluq ifadə etməsini də ilk dəfə eşitdim. Bəli, bütün bunlar müasir Türkiyə həqiqətləridir.

Mütəxəssislər yazırlar ki, qardaş ölkədə mayın 14-də keçiriləcək prezi­dent və parlament seçkiləri, şübhəsiz ki, 2023-cü ildə dünyanın ən mühüm siyasi hadisələrindən biri olacaq. Ekspertlərin fikrincə, bu seçkilər Türkiyə Cümhuriy­yətinin ikinci yüzilliyindəki inkişaf yolu­nun müəyyənləşdirilməsi baxımından tarixi əhəmiyyətlidir. Hətta, bir yol ay­rıcına da bənzəyir. Çünki prezidentliyə namizədlərin məramları kifayət qədər fərqlidir. 

Hər halda, seçim qardaş ölkə əha­lisinindir. Xalq kimi seçəcəksə, biz – Azərbaycan vətəndaşları da həmin se­çimə hörmət və ehtiramla yanaşacağıq. Yəni kiminsə qalib gəlməsi 80 milyon­luq Türkiyə vətəndaşlarının iradəsindən asılı olacaq. 

Ancaq jurnalist marağı ilə bir məqa­mı yada salmaq istəyirik. Belə ki, “Are­da Survey” şirkəti Türkiyədəki prezi­dent seçkiləri ərəfəsində – 12-14 aprel tarixlərində seçicilər arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Bildiri­lir ki, sorğuda 10 min 136 nəfər iştirak edib. Rəyi öyrənilənlərin fikrincə, ölkə­nin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 50,8 faiz səslə ilk turda qalib gələcək. Respondentlərin 43,1 faizi isə CHP lideri Kamal Kılıçdaroğlunun ilk turda prezident seçiləcəyinə inanır.

Bəzi mütəxəssislər yazırlar ki, 2002-ci ildən bəri hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası və Rəcəb Tayyib Ərdoğan üçün 14 may seçkiləri çox ciddi bir imtahan olacaq. Onların fikrincə, əsas rəqib birləşmiş müxalifət yox, ölkənin problemləridir. Yüksək infl­yasiya, zəruri istehlak mallarının kəskin bahalaşması, milli valyutanın alıcılıq qabiliyyətinin xeyli aşağı düşməsi əhali­ni narahat edən əsas problemlərdir.

Ancaq əhalinin Rəcəb Tayyib Ər­doğana səs verməsi üçün xeyli səbəb, külli miqdarda faktlar da var. Çünki bu gün dünyanın əsas güc mərkəzlərindən birinə çevrilməkdə olan Türk Dövlətləri Təşkilatı adlı siyasi mərkəzin bu sə­viyyəyə çatmasında cənab Ərdoğanın misilsiz xidmətləri var. Dünyanın hara­sında yaşamasından asılı olmayaraq, bütün türklərin ürəyində Turan sevgisi yaşayır. Cənab Ərdoğan milyonların qəlbindəki həmin istəyin reallaşdırılma­sı üçün lazım olan bütün addımları at­mışdır. Bu gün Türkiyə Ordusu dünya­nın ən öncül və müasir Silahlı Qüvvələri sırasındadır. Son zamanlar Türkiyədə istehsal olunan silah-sursat və mül­ki texnika vasitələri dostları sevindirir, düşmənləri isə vahiməyə salır. 

Dostun da, düşmənin də gözü qa­bağındadır ki, qloballaşan dünyanın reallıqları, Asiyanın siyasi və iqtisadi cazibəsinin artması ilə yenidən gün­dəmə gələn İpək yolu Türk dövlətləri­nin birliyinin dərinləşdirilməsi, daha sıx inteqrasiyası üçün yeni imkanlar açır. Bu möhtəşəm uğurların reallaşmasının önündə məhz cənab Ərdoğan gedir. 

Prezident Rəcəb Tayyib Ərdoğan dünya liderləri arasında “daha ədalətli bir dünya nizamının təsisi üçün” çalışan əsas fiqurlardandır. Onun fikrincə, müa­sir dünyada türklərin deyiləcək sözü, həyata keçiriləcək missiyası var. Türk dünyasının yüksəlişinin regionda yaşa­yan bütün etnik kimliklər üçün rifah və ədalətdən pay alma anlamına gələcəyini də qəbul etmək lazımdır. Cənab Ərdoğa­nın bu reallıqların ərsəyə gəlməsindəki xidmətlərini kimsə dana bilməz. 

Mayın 14-də sandıq başına keçə­cək türk qardaşlarımız yaxşı bilirlər ki, Çar Rusiyasında olduğu kimi, SSRİ-də də türk birliyini pozmaq, türk dünya­sını bir-birindən ayrı salmaq üçün bir çox layihələr həyata keçirilmişdi. Elə Zəngəzur vilayətinin Azərbaycandan alınaraq Ermənistana verilməsi də türk dünyasını bir-birindən ayrı salmaq si­yasətinin əsas parçalarından idi. Lakin SSRİ-nin çöküşündən sonra yenidən Türk dünyasının bir araya gəlməsi üçün şans yarandı. Azərbaycan və Türkiyə­nin apardıqları düşünülmüş, praqmatik xarici siyasət, ortaq güc yaradılması və əlbəttə, əldə edilən Qarabağ Zəfəri bu prosesləri bir az da sürətləndirmiş oldu. Azərbaycan Türkmənistanla “Kəpəz” yatağı ilə bağlı məsələni həll etdi, Aşqa­badla münasibətlər daha da dərinləşdi. Turan yolunun Zəngəzur dəhlizi ilə bir­ləşməsi isə strateji boyutları etibarı ilə Türk dünyasının daha da yüksəlişinə gətirib çıxaracaqdır.

Türkiyə seçiciləri yaxşı bilirlər ki, cə­nab Rəcəb Tayyib Ərdoğan 44 günlük İkinci Qarabağ müharibəsinin bütün sa­atlarında da anadoluluların dediyi kimi, “Can Azərbaycan”ın yanında oldu: Şanlı Qələbəmizdən 20 gün sonra ke­çirilən Zəfər paradımızda da, Şuşa Bə­yannaməsinin imzalandığı gün də, Fü­zuli və Zəngilan hava limanlarının açılış mərasimlərində də. Türkiyəli analitiklər dəfələrlə yazıblar ki, Ərdoğanın həmin addımları təkcə Azərbaycanı deyil, Tür­kiyənin özünü də, nəhayət, bütün Türk dünyasını da gücləndirib. Məhz bu kimi çoxsaylı faktları əsas götürən türk seçi­cilərinin ədalətli qərar verəcəyinə inanı­rıq. 

Sonda qardaş ölkədə keçiriləcək seçkilərə birbaşa dəxli olmayan bir məqamı da yada salmaq istəyirəm. Azərbaycan Prezidenti İlham Əliyev Neftçala və Salyan rayonlarına səfəri­nin sonunda AzTV-yə verdiyi müsahi­bədə günün ən aktual mövzularından birinə çevilmiş məsələyə münasibət bildirərkən dedi: “Mehriban xanım və mən əziz qızlarımız Cansu və Qəmzə­ni təbrik etdik. Birinci, ona görə ki, on­lar Ermənistanda – düşmən dövlətdə, həm Azərbaycana, həm də Türkiyəyə əzəli düşmən olan dövlətdə bu böyük qələbəni əldə etdilər, Türk Bayrağını yüksəklərə qaldırdılar. Ermənilər bizim bayrağımızı yandırıblar, amma Türk Bayrağı orada dalğalanıb. Türkiyənin Dövlət Himnini səsləndirdilər. Türkiyə­nin Dövlət Himni elə səsləndi ki, ora­da oturan bütün düşmənlərin, yəqin ki, qulağı batmışdı. Bu qələbəni onlar Azərbaycana, Azərbaycan xalqına həsr etdilər. Nə qədər gözəl bir hərəkətdir. Ona görə onlar bütün Azərbaycan xalqı­nın sevgisini qazandılar”. 

Bu iqtibası yada salandan sonra xa­tırlatmaq istəyirəm ki, həm fiziki, həm də mənəvi cəhətdən əsl türk gənci kimi güclü olan bu ağırlıqqaldıranlarımız məhz Rəcəb Tayyib Ərdoğanın ölkəyə rəhbərlik etdiyi illərdə ərsəyə gəlmiş qız qardaşlarımızdır. Kimsə düşünə bilər ki, bu fakt möhtəşəm seçki prosesində kiçik detaldır. Ancaq Avropanın böyük siyasətçilərindən olan Uinston Çörçill deyibmiş ki, müharibədə, mübarizədə, siyasətdə və hətta seçkilərdə kiçik de­tallar olmur. Hər bir detal əhəmiyyətlidir. 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Siyasət