İsrail ilə iqtisadi əlaqələr ölkələrimizi daha da yaxınlaşdırır

post-img

İki ölkə arasındakı iqtisadi münasibətlər enerji, kənd təsərrüfatı, yüksək texnologiyalar kimi sahələri əhatə edir. Bu əlaqələr, əsasən 2009-cu ildə ilk dəfə olaraq Azərbaycan və İsrail prezidentlərinin iştirakı ilə sosial-iqtisadi müqavilələrin imzalanmasından başlayır. Xatırladaq ki, həmin sənədlər kommunikasiya, təhsil, elm və texnologiya sahələrində əməkdaşlığı nəzərdə tuturdu.

Tərəflər arasında iqtisadi əməkdaş­lıq 2016-cı ildən Azərbaycan Respub­likası Hökuməti və İsrail Dövləti Hö­kuməti arasında Birgə Komissiyanın fəaliyyətə başlaması ilə daha da dərin­ləşib. 2018-ci il may ayının 15–16-da Yerusəlimdə Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın 1-ci icla­sının keçirilməsi də iki dövlət arasında­kı münasibətlərin genişləndirilməsinə müsbət təsir göstərib. Sonrakı mər­hələdə dövlətlərin rəsmi strukturlarının əməkdaşlığı ilə bağlı bir sıra sənəd­lər–“Azərbaycan Respublikasının Hö­kuməti ilə İsrail Dövlətinin Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında”, “Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılma­sı və vergidən yayınmanın qarşısının alınması haqqında” sazişlərin imzalan­ması da iqtisadi əlaqələrin möhkəm­lənməsində əhəmiyyətli rol oynayıb. 

Artıq bu gün iki dövlət arasında çox­şaxəli əlaqələr mövcuddur. Məsələn, ticarət sahəsində Azərbaycan–İsrail əməkdaşlığı uğurla inkişaf edir və onun həcmi ildən-ilə artır. Əvvəllər bu əmək­daşlıq əsasən, iqtisadiyyatın neft-qaz sektoruna yönəlmişdisə, hazırda kənd təsərrüfatı, yüksək texnologiyalar kimi sahələri də əhatə edir.

Ümumiyyətlə, Azərbaycan Respub­likası ilə İsrail Dövləti arasında müxtə­lif sahələrdə əməkdaşlıq haqqında 12 sənəd imzalanıb. Eləcə də, ölkələr arasındakı iqtisadi əməkdaşlıq ildən-ilə genişlənib və bu da Azərbaycan ilə İsrail arasında ticarət dövriyyəsinin müvafiq şəkildə artmasını təmin edib. İsrail–Azərbaycan Ticarət-Sənaye Pa­latası da iqtisadi-ticari fəaliyyətin dina­mik şəkildə sürətlənməsini reallaşdırıb. Palatanın əsas əməkdaşlıq istiqamət­lərində informasiya texnologiyaları, telekommunikasiyalar və kibertəhlükə­sizlik kimi məsələlər də daim diqqətdə saxlanılıb. 

Onu da bildirək ki, 2023-cü ilin yan­var-fevral aylarında Azərbaycanla İs­rail arasında əmtəə dövriyyəsi 334,1 milyon dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 26,36 faiz çoxdur. Azərbaycanın əmtəə döv­riyyəsində bu ölkənin payı 4,66 faiz təşkil edib. Bununla belə, İsrailin Azər­baycandakı səfiri Corc Dikin sözlərinə görə, Azərbaycanla İsrail arasında əmtəə dövriyyəsinin bu il ikiqat artaca­ğı gözlənilir.

Yüksək inkişaf potensialına ma­lik sahələrdən biri yüksək texnologiya sənayesidir. 2022-ci ilin iyulunda Azər­baycanın investisiya şirkəti və İsrai­lin kraudfandinq kapitalı üzrə aparıcı qlobal platforma olan “OurCrowd” özəl qurumu tərəfindən birgə investisiya sazişi imzalanıb. Bu ilin fevralında isə Azərbaycan Respublikasının İqtisadiy­yat Nazirliyi Azərbaycan tərəfindən, o cümlədən İsrailin sənaye məhsulla­rının hazırlanması üzrə ixtisaslaşmış “LARGIX” startapına artıq 1 milyon dol­lar dəyərində ilk investisiyaların həyata keçirildiyini bildirib.

Qeyd edək ki, 2013-cü ildə quru­lan “OurCrowd” şirkəti İsrailin vençur investisiya şirkətidir. Qiymətli kağızlar üzrə dünyanın ən böyük kütləvi ma­liyyələşdirmə platformalarından olan şirkət süni intellekt, texnologiya, nəq­liyyat, enerji, səhiyyə, təhlükəsizlik və digər sahələrdə fəaliyyət göstərən startap şirkətlərinə investisiya qoyu­luşu üzrə ixtisaslaşıb. Şirkət investor­lar və qurumlar üçün startaplara, ilkin mərhələli şirkətlərə və vençur fondlara sərmayə qoyuluşu məqsədilə yatı­rım platforması təklif edir. “OurCrowd” şirkətinin qurucusu və baş direkto­ru Jonathan Medved İsraildə yüksək texnologiyalar sahəsində tanınmış mütəxəssis və vençur investorudur.

İnnovasiyalar və İT sahəsində Azərbaycan–İsrail tərəfdaşlığı böyük potensiala malikdir və gələcəkdə eko­sistem startaplarının yaradılmasına, ixtisaslaşmış inkubasiya mərkəzləri­nin və texnologiya parklarının inkişafı­na, kibertəhlükəsizlik və bir çox digər sahələrə yönəlmiş birgə layihələr çər­çivəsində genişləndiriləcək.

İki ölkə arasında enerji sahəsində əməkdaşlıq münasibətlərin uğurlu inki­şafının daha bir əsasını təşkil edir. İs­rail özünün neft tələbatının üçdə birini Azərbaycandan idxal hesabına qarşı­layır. Neft-qaz sahəsində böyük təc­rübəyə malik Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İsraildə bu sahənin inkişafına böyük töhfə verə bilər.

Təbii ki, “yaşıl enerji” sahəsində əməkdaşlıq mühüm istiqamətlərdən biridir və yaxın gələcəkdə hər iki ölkə diqqətini bu sahənin inkişafına cəm­ləyəcək. Bərpaolunan enerji sahəsində böyük təcrübəyə malik İsrail dəfələrlə Qarabağda və ya Azərbaycanın digər hissələrində yaşıl enerji layihələrinin reallaşdırılmasında iştirak etməyə ha­zır olduğunu bildirib.

“Xalq qəzeti”

Siyasət