Görkəmli akademikin xatirəsi ehtiramla anılır

post-img

Aprelin 19-da Azərbaycan Milli Elmlər Akademiyası və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva: həkimlik andı və vətəndaş missiyası” mövzusunda yubiley tədbiri keçirilib.

Azərbaycan oftalmologiya elminin inkişafında böyük xidmətləri olmuş Zərifə Əliyevaya həsr edilmiş tədbirlə­rin yeni nəsil həkimlərin və elmi kadr­ların hazırlanması işinə də öz töhfəsini verdiyini deyən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bugünkü yı­ğıncaqda alimin davamçılarının da iş­tirak etdiyini diqqətə çatdırıb.

“Zərifə xanım Əliyevanın həkimlik peşəsinə başladığı ötən əsrin 70-ci il­lərində Azərbaycanda göz xəstəlikləri üzrə müalicə digər sahələrlə müqa­yisədə bir qədər geri qalırdı. Məhz Zə­rifə xanım Əliyeva və onun ətrafında birləşən həkimlərin, mütəxəssislərin birgə səyləri ilə bu gerilik aradan qal­dırılmışdır.

Zərifə xanım Əliyevanın traxomaya həsr olunmuş dissertasiyası Azərbay­canın müxtəlif bölgələrində göz xəstə­liklərinə aid apardığı müşahidələr, eksperimentlər, topladığı materiallar əsasında hazırlanmışdır”, – deyə aka­demik İsa Həbibbəyli bildirib.

Zərifə Əliyevanın 1979-cu ildə Azərbaycan SSR EA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda SSRİ-də ilk dəfə olaraq Görmə orqanının fiziologiyası və peşə patologiyası laboratoriyasını yaratdığı­nı bildirən AMEA rəhbəri qeyd edib ki, alim daha çox təcrübi xarakter daşıyan göz xəstəlikləri elminə öz fundamen­tal dəstəyini vermiş, AMEA-nın həqiqi üzvü seçilmişdir. 

Elm fədaisi, Azərbaycan tibb elmi­nin ən parlaq və tanınmış simalarından olan Zərifə Əliyevaya həsr olunmuş tədbirin məhz elm məbədində – Azər­baycan Milli Elmlər Akademiyasında qeyd edilməsini rəmzi və qürurveri­ci hadisə kimi qiymətləndirən səhiy­yə naziri Teymur Musayev bu yubiley tədbirinin görkəmli oftalmoloq-alimə, onun elmi irsinə dövlətin, xalqın, elmi ictimaiyyətin sonsuz ehtiramının ifadə­si olduğunu söyləyib. Nazir akademik Zərifə Əliyevanın SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadın alim olduğunu xatırladıb.

Sonra Xalq rəssamı, akademik Ömər Eldarov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, AMEA-nın vit­se-prezidenti, akademik İradə Hüsey­nova və başqaları akademik Zərifə Əliyevanın insanlara nur bəxş edən zəngin həyatından söz açıblar.

***

Dünən akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyi münasibə­tilə Ədliyyə Nazirliyi Tibb baş idarəsinin təşkilatçılığı ilə “Zirvələrə yüksələn zə­rif insan ömrü” mövzusunda konfrans keçirilib.

Konfransda akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə, nurlu xatirəsinə işıq salınaraq tibb elminin in­kişafında əvəzsiz xidmətləri qeyd olu­nub, mənalı ömür yoluna həsr olunan film nümayiş etdirilib.

Çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Əhliman Əmiraslanov bütün insanlar üçün örnək olan Əziz Əliyevin ailəsin­də dünyaya göz açan Zərifə xanımın gözəl və təvazökar insan, istedadlı mütəxəssis-alim kimi yetişməsində ailə mühitinin son dərəcə mühüm rol oynadığını qeyd edib və görkəmli oftal­moloqun Azərbaycan elmini dünyada təmsil edən çox böyük şəxsiyyətlərdən olduğunu vurğulayıb.

Ədliyyə Nazirliyi Tibb baş idarəsinin rəisi Rəfail Mehdiyev görkəmli oftalmo­loq-alimin gözün traxoması, eləcə də professional xəstəliklərinin müalicəsi və profilaktikasında əldə etdiyi nailiy­yətlərdən ətraflı bəhs edib, böyük nə­sil həkim-oftalmoloqlar yetişdirmiş, in­sanlara nur və həyat bəxş edən Zərifə xanımın əziz xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını vurğulayıb.

Sonra Milli Məclisin deputatı Mə­lahət İbrahimqızı, Tibb Universiteti­nin Oftalmologiya kafedrasının müdiri Paşa Qəlbinur, Milli Oftalmologiya Mərkəzinin bölmə rəhbəri Yazgül Abdi­yeva çıxış ediblər.

Konfransda görkəmli alimin peşə­kar oftalmoloq-həkim kimi fədakarlı­ğından, sanballı tədqiqatları ilə tibb elminin inkişafına mühüm töhfələrin­dən və yüksəkixtisaslı mütəxəssislə­rin hazırlanmasında əvəzsiz rolundan danışılıb. Zərif və nəcib insan Zərifə Əliyevanın yüksək mənəvi keyfiyyətlə­ri, səmimiliyi və humanistliyi, ailəcanlı­lığı və insanlara qayğıkeş münasibəti ilə ürəkləri fəth etdiyi vurğulanıb. 

Sonra tədbir Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunan bədii hissə ilə davam edib.

***

Əziz Əliyev adına Azərbaycan Döv­lət Həkimləri Təkmilləşdirmə İnstitutun­da akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş bey­nəlxalq elmi-praktiki konfrans keçirilir. 

Konfransda Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Qasımov qeyd edib ki, Z.Əliyeva 1960-cı illərdə dünya təcrübəsində birincilər sırasında görmə üzvünün peşə xəstəlikləri prob­lemi üzrə geniş elmi axtarışlara başla­mışdır. 

Bu problem üzrə Z.Əliyevanın elmi tədqiqatlarının nəticələri haqda dərc olunmuş 30-dan çox elmi işdə tetrax­loretilen, pestisid, stirol buxarlarının orqanizmə xroniki təsiri zamanı gör­mə üzvünün və onun funksiyalarının vəziyyəti əks etdirilir. Bu tədqiqatlar zərərlərin patogen təsirinin biokimyəvi mexanizminin bir çox tərəflərini aydın­laşdırmağa imkan verib və 1976-cı ildə Z.Əliyeva “Azərbaycanda kimya səna­yesinin bəzi müəssisələrində işçilərin görmə üzvünün vəziyyəti” mövzusun­da doktorluq dissertasiyasını müdafiə edib. Onun çox istiqamətli elmi yara­dıcılığı 12 monoqrafiya, 150-yə yaxın elmi iş, bir ixtira və 12 səmərələşdirici təklifdə öz əksini tapır. 

Çıxışının sonunda rektor, professor Nazim Qasımov vurğulayıb ki, Ə.Əli­yev adına Azərbaycan Dövlət Həkim­ləri Təkmilləşdirmə İnstitutunun profes­sor-müəllim heyəti minnətdarlıq hissi ilə Z.Ə.Əliyevanı yad edir, onun xatirə­si qarşısında baş əyir. O, öz yaradıcı­lıq enerjisi ilə instituta hərarət verib və sonrakı inkişafını müəyyən edib.

Sonra səhiyyə nazirinin müavini professor İlqar Qasımov, institutun Of­talmologiya kafedrasının professoru Rasim Hacıyev, Azərbaycan Milli Məc­lisinin deputatı İlham Məmmədov və başqaları akademik Zərifə xanım Əli­yevanın elmi-pedaqoji nailiyyətlərindən danışıblar. 

Konfrans öz işini iki gün ərzində bölmə iclaslarında davam edəcək.





Sosial həyat