Qarabağımızın özü ən qədim abidədir

post-img

Dünyada bəşər sivilizasiyasının ilkin meydana gəldiyi ərazilərdən biri olan ölkəmizdə yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr xalqımızın torpağa, tarixə vurduğu silinməz möhürdür. 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti muzeyşünaslıq kafedrasının müdiri Yeganə Eyvazova bizimlə söhbətində ölkəmizin ərazisində Manna, daha sonralar cənubda Atropa­tena dövlətinin yaranması nəticəsində şəhərlərin salındığını, müdafiə tikililərinin, əzəmətli qala divarlarının inşa edildiyini bildirdi. O, İslamdan əvvəl və sonra ölkə­mizin ərazisində qiymətli abidələrin inşa olunduğunu diqqətə çatdırdı. Orta əsrlərə aid abidələr olan Möminə Xatun, Qara­bağlar, Gülüstan, Bərdə türbələri, Şir­vanşahlar sarayı, Şəki xan sarayı, Şuşa şəhərinin abidələri və başqaları nəinki Şərq, hətta dünya memarlığının ən nadir abidələrindəndir. 

– Bu əlamətdar gündə 30 ilə yaxın erməni əsirliyində olmuş Qarabağ abi­dələrini xüsusi vurğulamaq lazımdır, – deyə müsahibimiz söhbətə davam etdi: – Qarabağımızın özü ən qədim abidəmizdir. İşğal dövründə mənfur düş­mən abidələrimizi dağıdıb, bəzilərinin isə arxitektur detallarını dəyişdirib, Azərbay­can-islam elementlərini və ərəb dilində yazıları erməni xaçı və yazısı ilə əvəzlə­yib, məzarlıq və qəbirlərin mədəniyyət nümunələrini və ya dəyərli tarixi əşyaları oğurlayaraq talan edib. Kəlbəcər rayonu­nun Vəngli kəndindəki möhtəşəm Gən­cəsər (Qamzasar) monastır kompleksinin divarlarında ornament və kompozisiyalar­da yeniləmələr aparıb, daş divar üzərin­dəki yazıları silərək tarixini və məzmunu­nu dəyişdirib, monastırın daxili divarlarını oyucu və kəsici alətlərdən və müxtəlif bo­yalardan istifadə etməklə erməni yazıları ilə doldurublar. Hətta alban knyazı Həsən Cəlalın qəbrinin üstündəki sinə daşını sın­dıraraq üzərindəki yazıları oxunmaz hala salıb, erməni dilində yazılar əlavə ediblər. 

Eyni aqibəti yenə də Kəlbəcərdəki Xudavəng, Laçın rayonundakı Ağoğlan, Ağdərədəki Müqəddəs Yelisey monas­tır komplekslərində də müşahidə etmək olar. Ermənilər işğal olunmuş Qarabağ ərazisindəki bütün monastır tipli memar­lıq abidələri üzərində saysız-hesabsız er­məni şüarları yazıb, divar rəsmlərində və digər ornamentlərində dəyişikliklər edərək memarlıq abidələrinin ümumi görünüşünü saxtalaşdırıblar. Bu işdə ermənilər “xaç” rəmzindən istifadəyə mühüm önəm ve­riblər. İşğal olunmuş Qarabağ ərazisində islam dövrünə aid olan memarlıq abidələ­ri, dini abidələr xüsusi qəddarlıqla məhv edilib. 

Bu memarlıq abidələri üzərindəki müsəlman epiqrafik mətnlərinin “ermə­niləşdirilməsi” mümkün olmadığından on­ların təhqir olunması, yəni üzərindəki ya­zıların silinməsi, çızılması kimi vandallıq aktları həyata keçirilib. 

Oğurlanan abidələrimizin Ermənistan paytaxtındakı Xalq Sənətləri Muzeyində “Dadivankdan Yerevana” adlı satış-sərgi­də nümayişi haqqında erməni mediasında məlumat verilib. Faktiki olaraq, Ermənis­tan dövlət səviyyəsində vandallıq, talan­çılıq, soyğunçuluq siyasəti həyata keçirib.

Mənfur düşmənin bu kimi addımları beynəlxalq humanitar hüququn, xüsusilə “Silahlı münaqişə zamanı mədəni mül­kiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının və UNESCO-nun “Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun başqasına veril­məsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqın­da” 1970-ci il Konvensiyasının kobud şəkildə pozulmasıdır. Azərbaycan 30 il ərzində dəfələrlə UNESCO-ya müraciət edərək işğal olunmuş ərazilərimizdə məs­cidlərimizin və tarixi abidələrimizin işğal­çı Ermənistan tərəfindən dağıdıldığını, erməniləşdirildiyini bildirsə də, qurum bu məsələdə prinsipiallıq, qətiyyət nümayiş etdirməyib. 

Azərbaycan isə uzun illər işğaldan əziyyət çəkən ölkə kimi, təkcə işğal olun­muş ərazilərimizdə deyil, dünyada mədə­ni abidələrin məhv edilməsi məsələsinə həmişə həssaslıqla yanaşır, UNESCO ilə bu istiqamətdə əməkdaşlığa böyük önəm verir. Bu gün Azərbaycanda dövlət səviyyəsində tarixi abidələrimizin tədqiqi, onların qorunması, bərpası, həmçinin beynəlxalq aləmdə təbliği istiqamətində həyata keçirdiyi irimiqyaslı işlər xüsusi vurğulanmalıdır. 

Söhbəti qələmə aldı:
Leyla QURBANOVA, “Xalq qəzeti”





Sosial həyat