Gəncə nə vaxtdan İran şəhəri olub?

post-img

İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani Tehranda ötən həftə keçirilmiş “Nizami həftəsi”nin açılış mərasimində Gəncəli dahi və ölkəmizlə bağlı cəfəng fikirlər, saxta mülahizələr səsləndirmişdi. Kənani çıxışında Nizami Gəncəvinin “İranın Gəncə şəhərində” (?) anadan olduğunu qeyd edərək, molla rejiminin şovinist mövqeyini bir daha ortaya qoymuş və Azərbaycan şairinin, guya, İran mühitində yaşayıb-yaratdığını iddia etmişdir. O, çıxışında Azərbaycan şairini “fars zadəganlarından olan İran şairi” kimi təqdim etmişdir. Guya: “Gəncəvi məhz İranın təsiri altında yaradıcılıqla məşğul olmuşdur”. İran rəsmilərinin təxribatçı aksiyası və XİN sözçüsünün həqiqətə uyğun olmayan saxta mülahizələri ilə bağlı Güneyli publisist və şair, araşdırmaçı-jurnalist Abdulla Əmir Haşimi Cavanşirin qəzetimizə açıqlamasını dərc edirik:

–Tehran Universitetində İran XİN-in sözçüsü Nasir Kənani Nizaminin fars kökən­li iranlı şair olduğu iddiasını irəli sürüb. Təbrizdə keçirilən seminarda da eyni fikirlər tək­rar olunub. Biz Azərbaycan türklərində bir sual yaranır ki, nə üçün İran və onun məsul şəxsləri Nizami Gəncəvinin azərbaycanlı və türk kökən­li olduğunu inkar edib, fars əsilli və iranlı kimi tanıtmaqda israrlıdılar? Axı, Nizami Gən­cəvi iddia olunduğu kimi, nə fars şairidir, nə də Gəncə İran şəhəri olub.

Hazırkı İran İslam Res­publikası Pəhləvi rejiminin davamıdır. Pəhləvilər 1925-ci ildə (Rza Savadkuhi, sonra dəyişib Pəhləvi oldu) İngiltərənin vasitəsi ilə Qacar­ları devirib, İranda hakimiy­yətə gəldilər. Bu hakimiyyət bütün xalqların mədəniyyəti­ni, tarixini, torpaqlarını fars­ların xeyrinə müsadirə etmək niyyəti ilə qurulmuşdu. Tək­millətli, təkdilli, yəni fars dilinə xidmət edən bir dövlət yüz ilə yaxındır ki, bizə və digər qey­ri-farslara zülm edir. 

Biz belə bir hökumətin zül­mü altında yaşayırıq. Yerüstü və yeraltı sərvətlərimizi qarət edir, mədəni irsimizə sahib çıxıb, varlığımızı inkar edir­lər. Ölkədə mədəni, siyasi, iqtisadi tədbirlər fars dövləti, fars imperiyası və panfarsiz­mə xidmət etmək məqsədi ilə keçirilir. Onun üçün bizim şa­irləri iranlı və fars şairləri kimi təqdim edirlər. Böyük müca­dilə nəticəsində qadağa qo­yulmuş mədəni sərvətlərimizi, ədəbiyyatımızı, musiqimizi ortaya çıxaranda belə onları İran adı ilə təqdim edirlər. 

Hətta bizim əl işlərimizi, xalçaçılığı, toxuma sənətini, tarixi binalarımızı bir sözlə, milli irsimizi fars adı ilə dünya­ya tanıdırlar. Məsələn, Təb­rizdə toxunan xalçalar fars xalıları kimi bilinir. Şeirlərimizi də fars ədəbiyyatı kimi təqdim edirlər. Eyni cür də şəxsiyyət­lərimizi, tanınmış elm, siyasət adamlarını və məşhur idman­çılarımızı da iranlı olaraq ta­nıtmaq istəyirlər. Bu hamısı Güney Azərbaycanda, bizim gözümüzün qarşısında hər gün baş verən hadisələrdir.

İranın nəinki Güney Azərbaycan, hətta bütün türk dünyası və Şimali Azərbaycan mədəniyyətinə də bu cür sahiblənmək istə­yini söyləyən soydaşımız daha sonra bildirir:

–İlk növbədə, Azərbayca­nın maddi və mənəvi abidələ­rinə sahib çıxmaq niyyətində­dilər. Elə ona görə də Nizami Gəncəvini fars şairi kimi dün­yaya tanıtmağa cəhd göstə­rirlər. Keçirilən bu seminarda da şairin harada doğulmasını, türk mühitində böyüyüb-tər­biyə almasını, o adətlərlə ye­tişməsini, özünəməxsus türk ruhunu danırlar. Bu haqda danışmırlar. Nizaminin türk­cə olan şeirlərini yandıraraq məhv ediblər, ya da ərəbcə dediklərinə qiymət verməyib­lər. Hətta onun farsca yazdığı əsərlərinin məğzini təhrif et­məyə çalışıblar. 

Keçirilən seminarlar buna xidmət edir. Sübut etmək istə­yirlər ki, qədimdən hamı Şi­mali Azərbaycanda, Gəncədə farsca danışıb. Sonradan türk olublar. Nizami Gəncəvi də farsdır. İran mənsublarının niyyəti budur ki, Cənubi və Şimali Azərbaycan türklərinin irsini bu yolla təhrif edib, mə­nimsəsinlər.

Alimlərimizin araşdırıb, gəldiyi həqiqət budur ki, azər­baycanlılar İslam dinini qəbul edəndən sonra, müəyyən müddətdə ərəb dili Azərbay­can ərazisində yayılmışdı. Ərəb əlifbası öyrənilmişdi. Azərbaycan türkləri ərəbcə şeirlər yazmağa başlamışdı­lar. Lakin Babək (Xürrəmilər) hərəkatından sonra azər­baycanlılarda ərəb hakimiy­yətinə və ədəbiyyatına qarşı müqavimət ruhu yaranmış­dı. Babək hərəkatı devrilsə də, Azərbaycan ərazisində müxtəlif dövlətlər meydana gəlmişdi. Bu dövlətlərin baş­çıları öz saraylarına müxtəlif dillərdə yazıb-yaradan şairləri toplamışdılar. O şairlər türk, ərəb və farsca şeirlər yazmış­dılar. 

Sultan Mahmud Qəznəvi başqa xalqlara da hakim ol­sun deyə, sarayında müxtəlif dilli şairlərə yer vermişdi. O cümlədən, 400-ə yaxın ərəb və fars şairini sarayına dəvət etmişdi. Onların yazdığı əsər­lər vasitəsi ilə özünü mədh et­dirmiş, təbliğatını aparmışdı. Elə həmin Sultan Mahmudun əmri ilə Firdovsi “Şahnamə”ni nəzmə çəkmiş və buna görə ona gümüşdən hədiyyə veril­mişdi. Yəni türk dövlətləri di­gər xalqlara, mədəniyyətlərə də qayğı göstərmişdi, onların şair və yazarlarına sarayların­da yer vermişdilər. Pul verib özləri haqqında əsər yazdır­mışdılar. 

Bu proses Şirvanşahlar dövründə də davam etmiş­di. Bizim Nizami Gəncəvi də belə bir şəraitdə yaşayıb-ya­ratmışdı. O, müxtəlif dillərdə, o cümlədən fars dilində də dəyərli əsərlər yazıb-yarat­mışdı. Dahi şairin ərəb və türk dilində də gözəl şeirləri olmuşdur. Nizaminin məhz Gəncədə doğulduğunu fars­lar özləri də bilirlər. Gəncəli dahi ömrü boyu bu şəhərdə yaşayıb və burada da əbədiy­yətə qovuşub. Nizami Gəncə­dən kənara çıxmayıb və heç bir fars şəhərinə də səyahət etməyib. 

Amma şair özü müxtəlif dilləri məharətlə mənimsə­mişdi. Yazdığı əsərləri ilə təkcə türk dünyasına deyil, bütün bəşəriyyətə bəhrələr vermişdi. “Leyli-Məcnun” əsərini yazmadan öncə onun haqqında ərəb mənbələrin­dən məlumat toplamış, sü­jeti türk ruhu ilə birləşdirmiş, fars dilində qələmə almışdı. O dövrdə hakimiyyətdə olan şahlar, xanlar fars dilində bil­məsələr də, bu dildə yazılan əsərlərə, musiqiyə, şeirə bö­yük maraq göstərirdilər. Bu dildə yazıb-oxuyan şairləri də öz saraylarında xüsusi hədiy­yələrlə qəbul edib, mükafat­landırırdılar. 

Nizami Gəncəvidən başqa, Xəqani Şirvani, Qətran Təbrizi kimi tanın­mış şairlərin də 3 dildə ya­zıb-yaratdıqlarını xatırladan Abdulla Əmir Haşimi Ca­vanşir onların da fars deyil, Azərbaycan-türk şairləri ol­duğunu qətiyyətlə söyləyir:

–Bu dahilər türkəsilli ol­salar da, əsasən, fars dilində əsərlər yazıblar. Bu adət-ənənə günümüzədək Güney Azərbaycanda davam edir. Nəsimi, Füzuli, Vaqif, Sabir, Şəhriyar, Səhənd kimi bir çox şairləri misal gətirə bilərik. Şəhriyarın həm ana dilində əsərləri var, həm də fars dilin­də. Onun fars dilində yazdığı şeirlər o qədər yüksək səviy­yədədir ki, heç bir fars şairi belə ustalıqla yaza bilməyib. Bu o demək deyil ki, Şəhriyar farsdır. 

Yaxud, Əhməd Şamlu. Özü türkəsilli olsa da, onun türkcə heç bir şeiri yoxdur, bütün əsərlərini farsca yazıb. Bu o demək deyil ki, bu şair farskökənlidir. Amma İran İs­lam Respublikası bu həqiqət­ləri qəbul etmək istəmir. On­ları fars, yaxud iranlı şair kimi tanıdır. Keçmişdə alimlərimiz də öz dillərində yazmayıblar. İbn Sina Həmədan türkü olsa da, “Qanuni-şəfa” kitabını ərəbcə yazıb. 

Xarəzmli Əbu Reyhan Biruni isə riyaziyyata dair əsərlərini ərəbcə qələmə alıb. Bunlar nə ərəbdir, nə fars. Əsl türk dühalarıdır. Odur ki, İran təkcə Nizamini deyil, Bi­runini, İbn Sinanı, Şihabəddin Sührəvərdini və bir çox türk alimi farslaşdırıb İslam Ensik­lopediyasına daxil edib. Lakin onların əsl milliyəti qeyd olun­mayıb. 

Bu mədəni oğurluq dünya tərəfindən qınanmalıdır. Biz bu gün İranın yanlışlıqlarına və türk mədəniyyətiyyətinin müsadirəsinə son qoyulması­nı tələb edirik.

Hazırladı: Kamal NİKBİN

n.jpg

Sosial həyat