BP Azərbaycandakı tərəfdaşları adından yerli biznesin inkişafını dəstəkləmək yönündə əməkdaşlığı davam etdirmək üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə yeni anlaşma memorandumu imzalayıb.
Mərasimində çıxış edən BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli qeyd edib ki, yeni anlaşma memorandumu yerli bizneslərin inkişafını dəstəkləmək yönündə səyləri davam etdirməyə imkan yaradacaq. BP-nin Azərbaycanda sahibkarlığın inkişafı proqramının yerli müəssisələrə beynəlxalq standartlara çatmaq və tədarük müqavilələri uğrunda rəqabət aparmaq üçün gözəl imkan yaratdığını diqqətə çatdıran vitse-prezident deyib ki, KOBİA ilə əməkdaşlığın davam etdirilməsi ölkədə sahibkarlığın inkişafına mühüm töhfələr verəcək.
KOBİA mikro və kiçik sahibkarlığın inkişafı və onların dəstəklənməsi istiqamətində regionlarda müxtəlif qurum və təşkilatlarla birgə layihələr həyata keçirdiyini vurğulayan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri O. Məmmədov isə bildirib ki, BP ilə əməkdaşlıq çərçivəsində reallaşacaq layihələr regionlarda yerli icmaların gəlirlilik səviyyəsinin artmasına müsbət təsir göstərəcək, yeni bizneslərin yaranmasına və özünüməşğulluğa töhfə verəcək.
Tədbirdə KOBİA və BP-nin dəstəyi ilə birgə həyata keçiriləcək iki yeni layihə barədə də məlumat verilib. Qeyd olunub ki, layihələrdən biri kənd yerlərində gənc sahibkarların inkişafına dəstək məqsədi daşıyır. Samux, Goranboy və Şəmkir rayonlarında həyata keçiriləcək layihə çərçivəsində aztəminatlı ailələrdən olan və sahibkarlığa maraq göstərən gənclər seçilərək onlara gələcək biznes fəaliyyətlərinə hazırlıq üçün təlim keçiriləcək.
Digər layihə isə Tovuz rayonunda aqroturizmin inkişafına dəstək məqsədi daşıyır. Layihə bu rayondan seçilmiş aztəminatlı ailələr üçün gəlir və məşğulluq imkanları yaratmağı nəzərdə tutur. Regional İnkişaf İctimai Birliyi tərəfindən icra olunacaq layihənin ümumi dəyəri 100 min manat təşkil edir.
“Xalq qəzeti”