Zəngin karbohidrogen ehtiyatlarına malik Azərbaycan əvvəlki mərhələdə ulu öndər Heydər Əliyevin, son 20 ildə isə Prezident İlham Əliyevin ardıcıllıqla reallaşdırdıqları düşünülmüş siyasət sayəsində enerji resurslarının daşınması üçün şaxələndirilmiş nəql marşrutlarının yaradılmasına nail olub. Geosiyasi gərginliklərin artdığı indiki dövrdə enerji təhlükəsizliyinin təmin olunmasında şaxələndirmənin önəmi daha da artıb. Bununla bağlı dövlətimizin başçısı çıxışlarının birində deyib: “Şaxələndirmə enerji təhlükəsizliyinin başlıca amillərindəndir. Biz isə enerji strategiyamızın həyata keçirilməsinin ilk günündən etibarən şaxələndirmə üzərində çalışmışıq. Bunun nəticəsində bizim şaxələndirilmiş ixrac marşrutlarımız var - müxtəlif istiqamətə uzanan 3 neft boru kəməri və 4 qaz boru kəmərimiz mövcuddur...”
Bu əlverişli şərait nəzərə alınaraq cari ildən etibarən Qazaxıstan neftinin Azərbaycan vasitəsilə nəqlinə başlanılması nəzərdə tutulub. “Kazinform” informasiya agentliyinin yaydığı məlumata əsasən, bu barədə Qazaxıstanın xarici işlər nazirinin müavini Roman Vasilenko Mərkəzi Kommunikasiyalar Xidmətinin brifinqində bildirib.
R.Vasilenko hazırda ölkədən neftin ixracının bir neçə mühüm istiqamət üzrə həyata keçirildiyini qeyd edib. O, daha sonra həmin sıraya Rusiyadan keçən istiqamətlərin də daxil olunduğunu vurğulayıb. R.Vasilenko, eyni zamanda, Xəzər boru kəməri konsorsiumu, Atırau-Samara neft kəməri və Aktau-Mahaçqala istiqamətlərinin də mövcudluğunu, bu ildən isə neftin Aktau-Bakı marşrutu üzrə də nəqlinə başlanılacağını, başqa sözlə, “qara qızıl”ın ölkəmiz vasitəsilə daşınacağını bildirib.
Qazaxıstan XİN başçısının müavini, həmçinin Qazaxıstan neftinin təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub istiqamətində də nəql olunduğunu, Cənub marşrutunun isə Türkmənistan və İrandan keçdiyini, Türkiyə vasitəsilə İrana neftin daşınması barədə isə danışıqlar aparıldığını xatırladıb.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl “Xarici Siyasət Araşdırmaları İnstitutu” Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini Amangəldi Tajenov Aktau-Bakı marşrutunun işə salınması ilə Qazaxıstan üçün enerjidaşıyıcılarının Avropa İttifaqına tədarükçüsü qismində əlavə imkanlar açılacağını bəyan edib.
Qazaxıstanın “KazTransOil” neftdaşıma şirkətinin “ağ qızıl”ın nəqli ilə bağlı məlumatı da diqqət çəkir. Belə ki, adıçəkilən neftdaşıma şirkəti Qazaxıstanın “Kaşaqan” yatağından hasil edilən neft partiyasının Azərbaycan vasitəsilə tədarük edəcəyini bildirir. Başqa sözlə, məlumatda “KazTransOil” şirkətinin bu ay “Kaşaqan” yatağından çıxarılan 7 min ton neftin Azərbaycan ərazisindən tranzitlə tədarük ediləcəyini diqqətə çatdırır.
Xatırladaq ki, neft partiyası Aktau dəniz limanından sınaq rejimində daşınacaq və Bakı Beynəlxalq Dəniz Limanı istiqamətində ixraca göndəriləcək.
“Kaşaqan” neftinin daşınması ilə Yaponiyanın “INPEX North Caspian Sea” şirkəti məşğul olur. Bu şirkət Azərbaycanda “Azəri-Çıraq-Günəşli” və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri layihələrində iştirak paylarına malikdir.
“KazTransOil” SC isə magistral neft kəmərinin milli operatorudur. O, “KazMunayQaz” qrupuna daxildir.
“Xalq qəzeti”