Tarixi İpək Yolunun Azərbaycan ərazisindən keçməsi ölkəmizin logistika sahəsində qədim ənənələrə malik olduğunu göstərir. Elə Uzaq Şərqi Avropa məkanı ilə birləşdirən bu mühüm nəqliyyat dəhlizinin bərpasının əsas təşəbbüskarı da məhz Azərbaycan olub. Ölkəmiz Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi kimi layihələrin də təşəbbüskarı və icraçısı kimi çıxış edir. Göründüyü kimi, coğrafi və iqtisadi mövqeyinə görə xüsusi əhəmiyyət daşıyan Azərbaycan hazırda Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm tranzit ölkə rolunu oynayır.
Prezident İlham Əliyev “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda çıxışı zamanı Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini bir daha vurğulayaraq deyib: “Ötən il Azərbaycan ərazisindən keçən tranzitin həcmi 75 faizdən çox artıb. Bizim müasir daşımalar infrastrukturumuza tələbat heç vaxt olmadığı qədər böyükdür – dəmir yolları və avtomobil yolları mövcuddur, Xəzər dənizində ən böyük donanma və regionda ən geniş yük aviaparklarından biri yaradılıb. Biz daşımaların təhlükəsizliyinə həqiqətən də böyük töhfə vermişik. Çünki bu gün bir çox ölkənin daşımaların təhlükəsizliyinə ehtiyacı var. Onlar yeni marşrutlar axtarışındadır və həmin yeni marşrutlardan biri Azərbaycandan keçir”.
Respublikamızın ərazisi ilə daşınan beynəlxalq yüklərin həcminin artması isə onu göstərir ki, indiki şəraitdə bu missiyanı üzərinə götürə biləcək ən uyğun ölkə məhz Azərbaycandır. Bu da ondan irəli gəlir ki, son illər ölkəmizdə mükəmməl nəqliyyat infrastrukturu yaradılıb. Yeni hava limanlarının, gəmilərin inşası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında görülən işlər, dəmir yolu infrastrukturunun şaxələndirilməsi, beynəlxalq avtomagistralların tikintisi və yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın nəqliyyat-logistika mərkəzinə çevrildiyini sübut edir.
Avrasiya məkanında mühüm geostrateji mövqedə yerləşən, zəngin iqtisadi və ticari əlaqələri olan Azərbaycanda Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi ilə ölkəmizdə dəniz nəqliyyatının inkişafının yeni mərhələsi başlayıb. Orta Dəhlizin cəlbediciliyini artırmaq məqsədilə Bakı limanının ötürücülük qabiliyyətinin artırılması nəzərdə tutulur. Bu məqsədlə cari ildə başlanılacaq yeni layihə çərçivəsində burada dünyanın ən inkişaf etmiş limanlarında mövcud olan intermodal və multimodal terminalın tikintisi həyata keçiriləcək. Bu da regiona daha da çox yüklərin cəlb edilməsinə şərait yaradacaq, eyni zamanda, Orta Dəhlizə daxil olan yüklər üçün sürətli logistik həllər tapmağa imkan verəcək.
Son illər Azərbaycanın hava nəqliyyatı ilə yük daşımalarında da rolu getdikcə artır. Azərbaycan hava nəqliyyatı infrastrukturunun yaxşılaşdırılması, eləcə də hava məkanından istifadənin liberallaşdırılması istiqamətində ardıcıl işlər görür. Heydər Əliyev Beynəlxalq Aeroportu yükdaşımaların və yük terminalının buraxılış gücünə görə regionun ən böyük hava limanıdır. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə istifadəyə verilən beynəlxalq aeroportlar ölkəmizin hava nəqliyyatı ilə yükdaşımalardakı rolunu əhəmiyyətli dərəcədə artırır. Yeni hava limanları Qarabağ və Şərqi Zəngəzurun Azərbaycan iqtisadiyyatına reinteqrasiyasını təmin etməklə yanaşı, işğaldan azad olunmuş ərazilərimizdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılmasına və bütövlükdə regionun ixrac potensialının genişləndirilməsinə imkan yaradacaq.
Son illər Azərbaycanda dəmir yolları ilə daşımaların sürətli və təhlükəsiz təşkili istiqmətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Bunun da müsbət nəticələri getdikcə daha çox hiss olunur. Yeri gəlmişkən, əvvəlki illərdə, xüsusən də Rusiya-Ukrayna münaqişəsinədək dəmir yolu daşımalarında azalma müşahidə olunurdusa, 2022-ci ildə bu sahədə əhəmiyyətli artım qeydə alınıb. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən il ölkəmizin polad magistralları ilə 38 min 692 vaqonla yük daşınıb ki, bu da əvvəlki illə müqayisədə 27,2 faiz çoxdur.
Bununla yanaşı, ötən illərdə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm seqmentlərindən sayılan magistral avtomobil yollarının dünya standartlarına uyğunlaşdırılması istiqamətində də mühüm işlər görülüb. Bu da ölkəmizin tranzit imkanlarının artırılması ilə yanaşı, beynəlxalq yüklərin son ünvanlara sürətli və təhlükəsiz şəkildə çatdırılmasını təmin edir.
Göründüyü kimi, hazırkı geosiyasi proseslər Azərbaycanın beynəlxalq nəqliyyat daşımalarında strateji rolunu getdikcə artırır. Bu, Türkiyə, Rusiya və İrana daşımalarda Azərbaycan daşıyıcıların üstünlük qazanmasında da özünü büruzə verir. Cari ilin əvvəlindən ölkəmizin ərazisi ilə daşınan beynəlxalq yüklərin həcmində əhəmiyyətli artım qeydə alınıb. Təkcə onu qeyd etmək kifayətdir ki, bu ilin yanvar ayı ərzində Azərbaycan üzərindən 843 min ton beynəlxalq yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 306 min ton və ya 57 faiz çoxdur.
Təbriz YADİGAROV,
Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent
– Müasir dünyada nəqliyyat sektoru yüksək rəqabətlilik tələb edən xidmət sahələrindən biridir. Bu sahənin inkişafı ölkənin çoğrafi mövqeyindən, yol-nəqliyyat infrastrukturunun səmərəliliyindən asılıdır. Aralıq dənizi, Qara dəniz və Xəzər dənizi hövzəsi ölkələrinin iqtisadi əlaqələrinin inkişafında mühüm əhəmiiyyət kəsb edən Avropa-Qafqaz-Asiya nəqliyyat sisteminin Azərbaycan Respublikasının ərazisində kəsişməsi, Transxəzər və Transqafqaz nəqliyyat komplekslərinin respublikamızın nəqliyyat kompleksləri ilə əlaqələndirilməsi ölkəmizdə nəqliyyat layihələrinin həyata keçirilməsinə geniş imkanlar yaradıb. Beynəlxalq əhəmiyyətli nəqliyyat layihələrini birləşdirən Avropa-Qafqaz-Asiya nəqliyyat sistemi dünya ölkələrinin inteqrasiyasında mühüm rol oynayaraq quru və su yolları da daxil olmaqla yük və sərnişin daşınmasında multumodal daşımaların inkişafını şərtləndirir.
Qarışıq nəqliyyat vasitələrindən istifadəyə əsaslanan multumodal daşımaçılıq xarici və daxili yük və sərnişin daşımalarında nəqliyyat sahələri arasında rəqabət qabiliyyətinin yüksəldilməsinə şərait yaradıb. 2022-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində, ümumilikdə, 51 milyon 421 min ton yük daşınıb ki, onun da 16 milyon 841 min tonu və ya 32,7 faizi dəmir yolunun, 6 milyon 612,6 min tonu və ya 12,9 faizi dəniz nəqliyyatının, 27 milyon 967 min tonu və ya 54,4 faizi avtomobil nəqliyyatının payına düşür.
2022-ci ildə Azərbaycan üzərindən tranzit daşımalarının həcmi isə 13 milyon 634,6 min ton təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 4 milyon 809 min ton çoxdur. Nəqliyyat sektoru üzrə, ümumilikdə, yükdaşımalardan əldə olunan gəlir də artan dinamika ilə inkişaf edərək 2021-ci ildə 7 milyard 390,6 milyon manata çatıb. Yükdaşımalardan əldə olunan gəlirlə müqayisədə xərclərin azalması vahid nəqliyyat sistemi üzrə yükdaşımaların rentabellik səviyyəsini yüksəldərək 2021-ci il üzrə 65,3 faiz olması ilə nəticələnib.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Xəzər dənizinin Azərbaycan sektorunda fəaliyyət göstərən liman infrastrukturlarının beynəlxalq səviyyədə qurulması, Bakı limanı da daxil olmaqla Ələt, Lənkəran, Hövsan limanlarının beynəlxalq əhəmiyyətli limanlar səviyyəsinə çatdırılması istiqamətində işlər davam etdirilir. Bütün bunlarla yanaşı, Xəzər dənizində yüklərin tənzimlənməsini normal şəraitdə həyata keçirmək üçün Sumqayıt limanının tikintisinin də mühüm əhəmiyyəti var. Bu liman, ilk növbədə, Bakı və Sumqayıt şəhərləri arasında yük gərginliyinin azalmasına şərait yaradacaq.
Tədqiqatlar göstərir ki, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yük axınlarının intensivləşməsi gələcəkdə Azərbaycanda nəqliyyatın bütün növləri üzrə əlavə dəyərin artmasına nail olacaq.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”