“Odlar yurdu” əsrin hidrogen habına çevrilir

post-img

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən X Qlobal Bakı Forumunda beynəlxalq və regional gündəlikdə duran məsələlər ətrafında aparılan geniş fikir mübadiləsi zamanı ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rol, həmçinin enerji resurslarının inkişafı və ixracı konsepsiyaları barədə də ətraflı danışıldı. 

Prezident İlham Əliyev Forum­da çıxış edərək ötən ilin dekabrında Buxarestdə əlamətdar hadisə baş verdiyini, Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın Avropa Komissiyası sədrinin iştirakı ilə “yaşıl enerji”nin ötürülməsinə dair saziş im­zalandığını bildirdi. Ölkə rəhbəri hə­min saziş əsasında Azərbaycandan Avropaya dənizdəki külək enerjisi stansiyalarından ötürmə xəttinin çə­kiləcəyini, həmin xəttin bir hissəsinin Qara dənizin dibi ilə aparılacağını və bununla bağlı hazırda respublikamız­da texniki əsaslandırma prosesinin reallaşdırıldığını toplantı iştirakçıları­nın diqqətinə çatdırdı. 

Toplantı çərçivəsində “Fortescue Metals” və “Fortescue Future Indust­ries” şirkətləri Direktorlar Şurasının sədri xanım Cin Baderşnayder Azər­baycanın kiçik ölkə olmasına baxma­yaraq, enerji təhlükəsizliyinə mühüm töhfələr verdiyini, ölkəmizin bu sahə­də böyük imkanlarının, o cümlədən ixrac üçün kifayət qədər potensialının olduğunu vurğulayaraq dedi: “Azər­baycan enerji təhlükəsizliyi sahəsində böyük uğurlar əldə edir və Avropada xüsusi hörmətə malikdir. Bu ölkədə külək enerjisi əldə edilir, hətta termal stansiyalar var. Azərbaycanın enerji sahəsində uğurlarının daha çox ola­cağına inanıram. Azərbaycan inves­tisiya üçün əlverişli ölkələrdən biridir. Bax, elə buna görə də Azərbaycan ilk və bəlkə də, yeganə hidrogen habına çevrilmək imkanına malikdir”.

Bütün bunlar bir daha onu göstə­rir ki, Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensia­la malik olan ölkələrdəndir. Belə ki, respublikamızın iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadə­si mümkün bütün bərpa edilən enerji mənbələrinin potensialı 27 min MVt, o cümlədən külək enerjisi üzrə 3 min MVt, günəş enerjisi üzrə 23 min MVt, bioenerji potensialı 380 MVt, dağ çay­larının potensialı 520 MVt həcmində qiymətləndirilir.

Xəzər ofşor külək enerjisi baxı­mından böyük potensialı ilə diqqət çəkir. Dənizin təkcə Azərbaycan sek­torunda 157 min meqavat səviyyə­sində enerji olduğu proqnozlaşdırılır. Bu, respublikamızdakı elektrik stan­siyalarının ümumi gücündən 20 dəfə çoxdur. 

Yeri gəlmişkən, işğaldan azad edilən ərazilər də zəngin bərpaolunan enerji potensialı ilə diqqət çəkir. Bu bölgədə ümumi gücü 240 meqavat olan 37 kiçik su elektrik stansiyasının tikintisi və bərpasının nəzərdə tutul­ması da bunun bariz ifadəsidir. 

Son zamanlar düşməndən təmiz­lənən torpaqlarımızda ümumi gücü 20 meqavat olan kiçik su elektrik stansiyası istifadəyə verilib, bu cür 7 infrastrukturun isə qısa müddətdə isti­mara buraxılacağı planlaşdırılıb. 

Hazırda Zəngilanda hər birinin gücü 10,5 meqavat olan 4 ədəd su elektrik stansiyasının və Laçın rayo­nunda 3 elektrik stansiyasının bərpa­sı işləri davam etdirilir.

Bütün bu sadalananlarla bərabər, artıq Cəbrayıl rayonunda 69/110 kilo­vat gücə malik yarımstansiya istismar­dadır. Eyni zamanda, 110 kilovat gücə malik üç yarımstansiyanın və 330 ki­lovat gücə malik bir yarımstansiyanın tikintisi üzrə işlər davam edir və cari ilin sonunadək həmin infrastrukturların istifadəyə verilməsi gözlənilir.

Zəngilan rayonunda Oxçuçay çayında hər biri 10,5 meqavat gücə malik dörd, Laçın rayonunda isə 3 SES-in yenidən qurulması işləri apa­rılır. Ümumilikdə, regionda 19 SES-in təmir edilməsi nəzərdə tutulur. 

Kəlbəcər də 180 Mvt-lıq təmiz enerji potensialına malikdir və bu po­tensialın gerçəkləşdirilməsi üçün ra­yona investisiyaların cəlb olunması istiqamətində tədbirlər həyata keçirilir.

Burada bir məqamı da xatırlatmaq istərdik. Azərbaycanda 2013-2019-cu illər ərzində külək enerjisi istehsalı 131 dəfə, günəş enerjisi istehsalı isə 55 dəfə artıb. Külək və günəş enerjisi istehsalının növbəti illərdə də artan templə davam edəcəyi proqnozlaş­dırılıb.

Xatırlatmaq yerinə düşər ki, “Azərbaycan Respublikasının ener­getika sektorunda islahatların sürət­ləndirilməsi haqqında” Prezident İlham Əliyevin 2019-cu ildə imzala­dığı Sərəncama uyğun olaraq, bər­paolunan enerji mənbələrindən isti­fadənin genişləndirilməsi məqsədilə 9 beynəlxalq enerji şirkəti ilə əmək­daşlıq əlaqələri yaradılaraq intensiv müzakirələr aparılıb. Ərəb ölkələrinə məxsus “ACWA Power” və “Masdar” şirkətləri təkliflərini təqdim edən 7 şirkət arasında üç mərhələdən ibarət seçim prosesi nəticəsində müəyyən­ləşdirilib. Bəhs olunan layihələrin icrasına artıq start verilib. Günəş və külək enerjisi stansiyalarının tikintisi­nin investisiya təminatını bütünlüklə ərəb şirkətlərinin həyata keçirəcəyi qərara alınıb.

Onu da xatırladaq ki, BP şirkəti tərəfindən Cəbrayıl rayonunda 240 meqavat gücündə günəş elektrik stansiyasının tikiləcəyi qərara alınıb. Artıq gələcək infrastrukturun yerləşə­cəyi ərazilər minalardan tam təmizlə­nib və sahəyə baxış keçirilib. 

 

Samir HEYDƏROV,

iqtisadçı-ekspert

 

– Azərbaycan beynəlxalq “yaşıl enerji” bazarında vacib təchizatçı­ya və oyunçuya çevrilmək ərəfə­sindədir. Bu, ilk növbədə, ölkəmi­zin “yaşıl hidrogen” ixrac etməklə bağlı qəti mövqeyi ilə əlaqədardır. Bununla bərabər, bərpaolunan enerji potensialının reallaşdırıln­ması, “yaşıl enerji” sahəsində keçi­din olduqca sürətlə gerçəkləşməsi də məqsədə doğru inamla atılan addımlar ölkəmizin yaxın gələcək­də bu istiqamətdə əldə edəcəyi uğurlardan xəbər verir. 

Yeri gəlmişkən, xatırladım ki, Azərbaycan Avropanın enerji xə­ritəsini neft və qaz boru kəmərlə­rinin inşası ilə artıq dəyişib. Artıq “yaşıl enerji”nin ixracını təmin edə­cək elektrik xətlərini reallaşdırmaq nəzərdə tutulub. IX Qlobal Bakı Forumundan indiyədək Azərbay­can bu istiqamətdə dünyanın bir neçə aparıcı enerji şirkəti ilə müqa­vilə və anlaşma memorandumları imzalayıb.

Ötən ilin dekabrında Buxarest­də Azərbaycan, Gürcüstan, Ma­carıstan və Rumıniyanın Avropa Komissiyası sədrinin iştirakı ilə “yaşıl enerji”nin ötürülməsinə dair saziş imzalanıb. Həmin saziş əsa­sında respublikamızdan Avropaya dənizdəki külək enerjisi stansiyala­rından ötürmə xəttinin çəkiləcəyi, həmin xəttin bir hissəsinin Qara dənizin dibi ilə aparılacağı qərara alınıb. Bununla bağlı artıq ölkəmiz­də texniki əsaslandırma prosesinin həyata keçirilməsinə başlanılıb. 

Yeri gəlmişkən, hökumətlə­rarası saziş Azərbaycan və Ru­mıniya arasında “yaşıl enerji”nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilmə­si layihəsinin reallaşdırılmasını nəzərdə tutur. Bu kabellə ötürülən elektrik enerjisinin daha sonra Ma­carıstana və Avropaya nəqletmə sistemi vasitəsilə qitənin qalan his­səsinə ixracı planlaşdırılır.

Həmin saziş dörd ölkənin–Azərbaycan, Gürcüstan, Macarıs­tan və Rumıniyanın milli və regio­nal enerji təhlükəsizliyinin və Qara dəniz hövzəsində əlaqələrin güc­ləndirilməsinə, enerji mənbələrinin şaxələndirilməsinə, Xəzər regionu­nun bərpaolunan enerji potensialı­nın istifadəsinə, habelə dövlətlərin milli enerji istehlakında alternativ enerjinin payının artırılmasına dair maraqları nəzərə alınmaqla hazır­lanıb.

Onu da qeyd edək ki, Azərbay­can 2030-cu ilədək enerji balan­sında bərpaolunan enerji payının 30 faizə yüksəldilməsini qarşıya mühüm vəzifə kimi qoyur. Bu, ölkə­mizdə enerji təhlükəsizliyinin və dayanıqlı iqtisadi inkişafın güclən­dirilməsi, habelə ekoloji vəziyyəti­nin yaxşılaşdırılması baxımından olduqca mühüm önəm daşıyır.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

11-3.jpg

İqtisadiyyat