Arıqladıcı iynə

post-img

Piylənmə ilə mübarizə aparan insanların sayının gündən-günə artdığı bir vaxtda arıqlamağı təmin edən möcüzəvi dərman insanların “dadına çatıb”. Belə ki, ABŞ-da son zamanlar populyarlıq qazanan “Wegovy” adlı arıqlama inyeksiyası Böyük Britaniyada da özünü təsdiqləyib.


Danimarkada yerləşən “Novo Nordisk” şirkəti tərəfindən istehsal olunan və iştahanı azaldan “Wegovy” adlı dərman insanlarda toxluq hissi yaradır. Mütəxəssislərin fikrincə, dəriyə inyeksiya yolu ilə verilən bu dərman iştahanı azaldır və yeməkdən sonra ifraz olunan GLP1 hormonunu əvəz edir. İldə təxminən 35 min insanın arıqlamasına kömək edəcəyi gözlənilən dərmana ayrılan aylıq xərcin 85,24 ABŞ dolları olacağı gözlənilir. İnyeksiyanın istifadəçilər tərəfindən insulinə bənzər iynə qələmləri vasitəsilə tətbiq oluna biləcəyi paylaşılıb. 
Yeni arıqlama vasitəsinin mədə kiçiltmə əməliyyatlarını əvəz edəcəyi gözlənilsə də, xəstəxanaların yükünü azaldacağı  və “NHS”in (Milli Səhiyyə Xidməti) büdcəsinə əhəmiyyətli dərəcədə qənaət edəcəyi qeyd olunub. Sözügedən dərmanın “bir inqilab” olduğunu vurğulayan səhiyyə işçiləri Hollivud ulduzlarının da artıq çəkidən azad olmaları üçün bu vasitədən istifadə etmələrini təklif edib. Tərkibində semaqlutid olan bu dərman şəkərli diabet xəstələri üçün də tövsiyə olunur. 
Keçən il “Variety” jurnalında dərc olunan məqalədə semaqlutid tərkibli dərmanın kino sənayesindəki məşhurlar və “Twitter”in rəhbəri İlon Mask tərəfindən sürətlə arıqlamaq üçün istifadə olunduğu iddia edilmişdi. Mask şəxsi hesabında “arıqlamaq üçün pəhriz və ya idman zalına gedirsinizmi?” sualına “oruc və Wegovy”dən istifadə edirəm” cavabını verib. 


Səadət RZAYEVA, 
“Xalq qəzeti”

Sosial həyat