Əsrimizin “vəbası” – terror!

post-img

Terrorun tarixi, əslində, bəşəriyyətin tarixi qədər qədimdir. Bəşər sivilizasiyasının bir neçə minilliyi ərzində müxtəlif dövlətlər, dini qruplar, siyasi təşkilatlar və cinayətkar birliklər terror üsullarından istifadə ediblər. 

Dövlət terroru haqqında ilk məlumat­lardan birinə də Roma tarixində rast gə­linir. Belə ki, diktator Lusiy Korneliy Sulla siyasi rəqiblərini cəzalandırmaq və xə­zinəni doldurmaq üçün Roma imperiyası ərazisində qanundankənar elan edilmiş şəxslərin siyahılarını tuturdu. Siyahıda göstərilən şəxsi öldürən kəs öldürülən in­sanın əmlakının yarısını alırdı. Bu siyahı sistemi aşağı təbəqəyə aid əhali, cinayət­kar ünsürlər və fırıldaqçılar arasında məşhur idi. Yüz illər keçməsinə baxma­yaraq, terrorizmin mahiyyəti və metodları dəyişməz qalır. Əksinə, Ermənistan kimi ölkələr XX əsrin ən böyük bəlasına çev­rilən terroru dövlət səviyyəsində davam etdirir.

Terror aktları dünyanın hər yerində, demək olar ki, hər gün baş verir. Bəzi re­gionlar üçün terror iqtisadiyyatın, dövlət­çiliyin və bütövlükdə cəmiyyətin inkişafı yolunda ciddi maneə kimi qiymətləndirilir. Təsadüfi deyil ki, terror artıq bəşəriyyə­tin “XX əsrin vəbası”, hətta “1 nömrəli düşməni” adlandırılır. Hazırda terrorizm və ona qarşı mübarizə mövzusunda çox sayda araşdırmalar aparılır, lakin bu problemlə bağlı bir çox məsələlərdə konsensus yoxdur. İstər müxtəlif ölkələ­rin qanunvericilik aktlarında, istərsə də elmi ədəbiyyatda bu terminin yüzdən artıq tərifinə rast gəlmək olar. Məsələn, ABŞ Dövlət Departamenti terrorizmi “qeyri-hərbi hədəflərə qarşı qəsdən si­yasi motivli zorakılıq, qruplar və ya gizli agentlər tərəfindən həyata keçirilən və adətən, auditoriyaya təsir etmək məqsədi daşıyan zorakılıq” kimi tərif edir. 

“Terror” sözü latınca “qorxu”, “dəh­şət” deməkdir. Onun mahiyyəti müəy­yən məqsədlərə çatmaq üçün insanları qorxutmaqdır. Terrorizm terrordan sis­temli istifadəyə əsaslanan siyasətdir. “Terror” termini siyasi leksikona Fransa inqilabı zamanı daxil olub. Ancaq elmi ictimaiyyətdə bu fenomenin başvermə vaxtı ilə bağlı konsensus yoxdur. Bəzi tə­dqiqatçılar terrorizmin lap qədim zaman­lardan yarandığına inanır, digərləri ter­rorizmin orta əsrlərin məhsulu olduğunu iddia edirlər. Bununla belə, mütəxəssis­lərin bir çoxu terrorizm fenomeninin hələ antik dövrdən əvvəl yarandığını bildirir. 

Dövrümüzə qədər gəlib çatmış mən­bələr göstərir ki, Qədim Yunanıstanda və Qədim Romada terror üsullarından kifayət qədər tez-tez istifadə edilib. Bu, bir qayda olaraq, siyasi sui-qəsd halla­rı olub. Buna misal olaraq Yuli Sezarın öldürülməsini göstərmək olar. Eyni za­manda başa düşmək lazımdır ki, terror, şübhəsiz ki, zorakılığın ən qədim forma­larından biri olsa da, heç bir halda, siya­si xadimlər də daxil olmaqla, zorakılığın hər bir təzahürü terror sayıla bilməz. Məsələn, bəzi tarixçilər Makedoniya kralı II Filippin öldürülməsini terror aktı adlan­dırırlar. Ancaq belə bir fikir də var ki, II Fi­lippin öldürülməsinə belə bir qiymət ver­mək düzgün deyil. Çünki onun qətli şəxsi münaqişə zəminində baş verib. Ona görə də, bəzi tarixçilər vurğulayırlar ki, bu qətl hadisəsinə siyasi terrorun təzahürü kimi yox, şəxsi qisas təzahürü kimi baxmaq lazımdır.

XVI-XVII əsrlərin tarixi dövlətlərin, kralların, baş nazirlərin xidmətində olan məşhur dəniz quldurları haqqında he­kayələrlə doludur. Dəniz quldurlarının köməyilə xəzinə doldurulurdu. Bu, ona gətirib çıxardı ki, bir ölkə müharibə elan etmədən digər ölkənin gəmilərinə qar­şı terror aktları həyata keçirdikdə dəniz quldurluğu qanuni fəaliyyətə, dövlət ter­rorunun variantına çevrildi. Ən aktiv ter­ror aktları XVIII əsrdə həyata keçirilməyə başlandı. İlk kütləvi terror hücumu Fran­sa inqilabı illərinə təsadüf edir. 1792-ci ildə hakimiyyətə gələn yakobinlər “Qoy, Günəş terrora tabe olsun!” şüarını irə­li sürmüşdülər. Terrorun tüğyan etdiyi Fransada 1960-cı illərin sonlarında ter­rorizmin sərhədləri o qədər genişləndi ki, artıq beynəlxalq terrorizmdən danış­mağa başladılar. Xüsusi ilə də, Asiya və Afrikanın bir sıra ölkələrində Qərb müstəmləkəçiliyinə qarşı mübarizə, kom­munist hərəkatının yayılması, iki dünya müharibəsi bəzi azadlıq hərəkatlarının və revanşist təşkilatların əsasını qoydu, onların bəzilərinin təcrübəsi terror fəaliy­yətinə çevrildi. XXI əsrin əvvəllərinin ən irimiqyaslı terror aktı kimi, şübhəsiz ki, 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda törədilmiş terror hadisəsini göstərmək olar. Terrorçular qaçırdıqları sərnişin təy­yarələrini Ümumdünya Ticarət Mərkəzi­nin 110 mərtəbəli qoşa binalarına, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına çırpmışdılar. Bu hadisələr 3 minə yaxın sadə vətəndaşın ölümü, 6 mindən çox insanın yaralanması ilə nəticələnmişdi. Terror aktı nəticəsində Nyu-York şəhə­rinə 36 milyard dollar həcmində ziyan dəymişdi.

Amma Ermənistanda terror dövlət siyasəti səviyyəsindədir. SSRİ-nin dağıl­masından sonra müstəqillik əldə edən Ermənistan terroru dövlət səviyyəsində dəstəkləməklə işğalçı siyasətin əsas vasitələrindən birinə çevirib. Çoxsaylı faktlar, məhkəmə materialları sübut edir ki, Türkiyənin və Azərbaycanın mülki əhalisinə qarşı, o cümlədən Ermənistan dövləti tərəfindən maliyyələşdirilən terror aktları, nəqliyyat vasitələrində törədilmiş terror aktları bu ölkənin xüsusi xidmət orqanları tərəfindən həyata keçirilib. Er­mənistanın ölkəmizə qarşı mina terroru bu gün də davam edir. 

Terrorçu Ermənistandan fərqli ola­raq Azərbaycan terrorçuluğa qarşı bey­nəlxalq mübarizə sahəsində qlobal səy­lərə hər zaman töhfə verib. Azərbaycan terrorçuluğa qarşı mübarizə sahəsində öz daxili qanunvericiliyini mövcud bey­nəlxalq öhdəliklərə uyğunlaşdırmaq məqsədilə müntəzəm olaraq nəzərdən keçirir və zəruri əlavə və dəyişikliklər edir. Ölkəmiz terrorçuluğa qarşı mübarizə üzrə bütün mövcud konvensiyalara qoşulub. Əsrimizin “vəbasına” çevrilmiş terrorla mübarizə hər zaman diqqət mərkəzində saxlanılır və adekvat cavab verilir. 

 

S.ELAY, “Xalq qəzeti”

Sosial həyat