Dünya şöhrətli azərbaycanlı oftalmoloq

post-img

Martın 6-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Dəyişən dünyada qadın: Şərq və Qərb baxışı” mövzusunda beynəlxalq elmi konfransın açılışı olub.

Konfransı AMEA-nın Şərqşünaslıq İnstitutu Misir Ərəb Respublikası Bint Bələd qubernatorluğu Qadınlar Cəmiy­yəti, Rusiya Federasiyası Tarix, İqtisa­diyyat və Hüquq Elmi-Tədqiqat İnstitutu, Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyi R.B.Süleymenov adına Şərqşü­naslıq İnstitutu, İraq Strateji Araşdırmalar Mərkəzi və Çin Xalq Respublikasının He­bey Universiteti ilə birgə təşkil edib. 

Məclisdə Azərbaycan, Qazaxıstan, Misir, Mərakeş, İraq, Livan, Malayziya, Çin, Ukrayna, Rusiya və Belarusdan ümumilikdə 170-ə yaxın alim iştirak edir.

Konfransın açılışında çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Prezidentinin “Akademik Zərifə Əliye­vanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamını xatırladaraq, ölkəmizdə, o cümlədən AMEA-da bir sıra tədbirlər keçirildiyini bildirib. Akademik Zərifə Əliyevanın ölkəmizdə göz xəstə­liklərinin diaqnostika və müalicəsindəki mühüm xidmətlərindən danışan akade­mik İsa Həbibbəyli görkəmli alimin gö­zün peşə və irsi xəstəliklərinə, sənaye müəssisələrində, neft-kimya sənayesində çalışan şəxslərin görmə orqanlarına təsir edən amillərə dair fundamental tədqiqat­ları olduğunu vurğulayıb. AMEA-nın vit­se-prezidenti, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəli­yeva görkəmli alim-oftalmoloq Zərifə Əli­yevanın səhiyyə tarixində əvəzedilməz yeri, oftalmologiya sahəsində geniş elmi axtarışları olduğunu qeyd edib, bu zərif və zəkalı xanımın timsalında ideal qadın obrazının canlandığını deyib. 

Daha sonra konfransın təşkilatçıla­rı olan xarici elmi və ictimai qurumların nümayəndələrinin videoçıxışları təqdim edilib.

Rusiya Federasiyası Tarix, İqtisadiy­yat və Hüquq Elmi-Tədqiqat İnstitutunun prezidenti, tarix üzrə elmlər doktoru, pro­fessor İqor Turitsın, Misir Ərəb Respub­likası Bint Bələd qubernatorluğu üzrə Qadınlar Cəmiyyətinin vitse-prezidenti, professor Əmirə Əbdulhəkim, Qazaxıstan Respublikası Elm və Ali Təhsil Nazirliyinin Elm Komitəsinin R.B.Süleymenov adına Şərqşünaslıq İnstitutunun direktor müa­vini, iqtisad elmləri doktoru Duysen Qa­lımjan akademik Zərifə Əliyevanın dünya oftalmalogiya elminə samballı töhfələrin­dən danışıblar.

Elmi məclisdə AMEA Qadınlar Şura­sının sədri, professor Rəna Mirzəzadə “Birinci vitse-prezidentliyə gələn yol və gender siyasəti”, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini filologiya üzrə fəlsəfə doktoru Qəmər Cavadlı “İslamda qadın hüquqları və gender bərabərliyi”, Asiya Fəlsəfə Assosiasiyasının vitse-pre­zidenti, AMEA-nın müxbir üzvü, fəlsəfə üzrə elmlər doktoru Könül Bünyadzadə “Qadına fəlsəfi baxış” mövzusunda mə­ruzələr ediblər.

Daha sonra konfransın bölmə iclasları keçirilib. Konfransa bu gün yekun vurula­caq.

 

“Xalq qəzeti”

Sosial həyat