Füzulidə kommunikasiyalar üzrə İşçi Qrupun iclası

post-img

Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupun növbəti iclası Füzuli rayonunda keçirilib.

Füzuli Beynəlxalq Hava Limanında keçirilən iclasda “Azərbaycan Respubli­kasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”n­da nəqliyyat və rabitə infrastrukturunun bərpası, tikintisi və yenidən qurulması üzrə qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı görülmüş işlər və perspektivlər­lə bağlı aidiyyəti qurumların hesabatları dinlənilib. 

İclası giriş sözü ilə açan İşçi Qrupun rəhbəri, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov qeyd edib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdı­şa dair I Dövlət Proqramı”nın Tədbirlər Planında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Azərbaycan Hava Yol­ları” və “Azərbaycan Dəmir Yolları” QSC-lər üzrə nəqliyyat və rabitə sahəsinə aid ümumilikdə 66 tədbir müəyyən olunub. 

Hazırda ümumi uzunluğu 2122,5 ki­lometr olan 18 layihə üzrə avtomobil yol­larının tikintisi işləri qrafikə uyğun aparı­lır və bunların da əksəriyyəti respublika əhəmiyyətli yollardır. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə radio-televiziya yayımının təşkili üçün 6 Radio Televiziya Yayım Stansiyası fəaliyyət göstərir və bu stansiyalar vasitəsilə hazırda 11 televiziya və 7 radio proqramının yayımı həyata ke­çirilir. Əlavə yayım stansiyalarının tikintisi işləri isə razılaşdırılmış plana uyğun ye­rinə yetiriləcək. İstismar edilən 747 ədəd radio-elektron vasitə dövlət qeydiyyatına alınıb. Hazırda işğaldan azad edilmiş ərazilərdə 97-si “Azercell”, 106-sı “Azer­fon-Bakcell” olmaqla, ümumilikdə 203 baza stansiyası fəaliyyət göstərir. Mobil rabitənin əhatə dairəsinin artırılması üzrə işlər davam etdirilir

Tədbirdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilər­də (Şuşa rayonu istisna olmaqla) Azər­baycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Əlaqələn­dirmə Qərargahının İdarələrarası Mərkə­zinin Katibliyi rəhbərinin müavini Sultan Hacıyev, Azərbaycan Respublikası Pre­zidenti Administrasiyasının nümayəndəsi Elmir Vəlizadə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev, həmçi­nin digər iştirakçılar çıxışlarında qarşıda duran vəzifələrdən danışıblar.

İclasda Dövlət Proqramında sahə üzrə nəzərdə tutulan tədbirlərin vaxtında icrası ilə əlaqədar aidiyyəti qurumlarla bir­gə tədbirlər görülməsi, həmçinin yerlərdə tikinti-quraşdırma və bərpa işlərində müa­sir texnologiyaların tətbiqinin zəruriliyi və digər məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

Səfər müddətində icra edilən bəzi la­yihələrə baxış keçirilib.

 

“Xalq qəzeti”

Son xəbərlər