“Jewish Press”: İsrail Laçındakı aksiyanın Qərbin başa düşməsinə kömək etməlidir

post-img

İsrailin nüfuzlu “Jewish Press” agentliyi bu ölkənin keçmiş rabitə və kibertəhlükəsizlik naziri, Beybəlxalq İqtisadi Dünya Mərkəzinin prezidenti Ayub Karın Laçın yolunda baş verənlərlə bağlı məqaləsini dərc edib. Orada deyilir:

“Mən Laçın yolunda etiraz aksiyası keçirən azərbaycanlı ekofəallarla həm­rəyəm. Belə ki, hər bir vətəndaşın öz ölkəsinin ekologiyasını qorumaq və təbii sərvətlərin qanuni yollarla istismar edi­lib-edilməməsinə nəzarət etmək hüququ var. Bu hüquqlar hazırda Ermənistan tərəfindən pozulur. Bu səbəbdən mən, Enerji xartiyası üzrə müqaviləni pozan Ermənistana qarşı Beynəlxalq arbitraj qarşısında məhkəmə iddiası qaldıran Azərbaycanı dəstəkləyirəm. 

Beynəlxalq hüququn tələblərindən çıxış edəndə görürük ki, Ermənistan 30 il ərzində işğal etdiyi torpaqlarda Azər­baycanın enerji resurslarının qeyri-qanu­ni surətdə istismarı ilə məşğul olubdur. İrəvan hazırda Xankəndidə və onun ət­rafındakı ərazilərdə qızıl, mis-molibden yataqlarının istismarına nəzarət eməyə imkan vermir. Bütün bunlar sözügedən beynəlxalq müqavilənin kobud surətdə pozulması deməkdir.

Qarabağda ətraf mühitin qəsdən məhv edilməsinə görə məsuliyyətin Er­mənistanın üzərinə düşməsi ilə bağlı Azərbaycanın Bern Konvensiyasına uy­ğun olaraq qaldırdığı məhkəmə iddiası ədaləti bərpa etmək cəhdidir. Ermənistan onillər boyu Azərbaycanın enerji resurs­larını daşıyaraq aparıb. Azərbaycanlı ekofəalların Laçın yolunu tərk etmək istəməmələrinin əsas səbəblərindən biri məhz budur! Acı həqiqət həm də bundan ibarətdir ki, hazırda təbii sərvətlər ekoloji cəhətdən təhlükəli üsullarla əldə oluna­raq, bəşəriyyət əleyhinə cinayətlər törət­miş şəxslərə satılır. 

Təxminən bir il əvvəl mən Qarabağa səfər etmişəm və orada ermənilərin eko­logiyaya böyük zərər vurmalarının şahidi olmuşam. Biz orada sularında balıqlar olmayan çaylar, kökündən qopardılmış ağaclar, viran qoyulmuş tarlalar, başqa irimiqyaslı dağıntılar gördük. Bunlar o qədər vahiməli idi ki, yadıma bir vaxtlar Cənubi Livanda görüb müşahidə etdiklə­rim düşdü. 

Təəssüf ki, bəzi rəsmi şəxslər, məsələn, Almaniyanın xarici işlər naziri bu münaqişədə təcavüzkarın Ermənis­tan olduğunu dərk etməkdən imtina edir. Onlar Azərbaycanı Laçın yolunda etiraz aksiyaları təşkil etməkdə günahlandırırlar və bunu “humanitar fəlakət”, hətta “geno­sid” adlandırırlar. 

Holokost dəhşətlərini yaşayan insan­ların içərisində böyüyən bir şəxs olaraq hesab edirəm ki, Laçın yolundakı etiraz aksiyalarını bu cür adlandırmaq cid­di təhqirdir. Birincisi, ona görə ki, Bey­nəlxalq Qırmızı Xaç Komitəsinin və Ru­siya sülhməramlılarının avtomobilləri hər iki tərəfə humanitar yükləri daşımaqda davam edir. İkincisi, etiraz aksiyalarının keçirilməsi heç də blokada anlamı kimi düşünülməməlidir, ən azı ona görə ki, bunlar beynəlxalq hüquqa görə “humani­tar böhran” hesab edilə bilməz. Ekofəal­ların etiraz aksiyalarını “humanitar fə­lakət” kimi dəyərləndirmək İkinci İntifada zamanı Cenində baş verənləri “qətliam”, “qırğın” adalandırmağa bərabərdir. 

Bu səbəblərdən biz israillilər Azərbay­canla həmrəy olmalı və Laçın yolunda baş verənlərə səhv mövqedən yanaşan Qərbə həqiqəti başa düşməsinə kömək etməliyik. Təəssüf ki, eyni səhvlər tarixi torpaqlarımız olan İudeyaya və Samari­yaya münasibətdə də baş verir.

Bu yaxınlara öz səfirini ölkəmizə gön­dərən dost Azərbaycan bu gün İsrail döv­lətinin yaxın müttəfiqidir. Bu səbəbdən İs­rail Azərbaycanı müdafiə etməli və Enerji xartiyası üzrə müqaviləyə uyğun olaraq Ermənistana qarşı ədalət mühakiməsin­də Bakının tərəfində olmalıdır.

Holokostun məşhur tədqiqatçısı Eli Vizal haçansa deyibdir: “Biz kiminsə tərə­fini tutmalıyıq. Neytral qalmaq çox vaxt zülmə məruz qalanı deyil, zalıma kömək etməkdir. Belə məqamlarda susmaq əzab çəkəni deyil, əzab verəni həvəsləndirir”. 

P.S. İsrailin keçmiş rabitə və kibertəh­lükəsizlik naziri məqalədə sonda vur­ğulayıb ki, yuxarıda sadaladığı ciddi səbəblərdən o, birmənalı olaraq Azər­baycanın tərəfində çıxış edir. 

 

Hazırladı:
M.HACIXANLI,
“Xalq qəzeti”

Siyasət