Ağalıda dünyaya gələn ilk körpə üçün birdəfəlik müavinət verilib

post-img

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi başlanandan bəri bu torpaqlarda 30 il sonra ilk körpə dünyaya gəlib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fevralın 15-də Zəngilan rayonunun Ağalı kəndində doğulan Zeynallı Turan Teymur oğlunun valideynlərinə uşağın anadan olmasına görə birdəfəlik müavinət təyin olunub.

Uşağın atası Teymur Zeynalov bildirib ki, DOST Agentliyinə müraciətindən sonra “Smart DOST” məntəqəsi vasitəsilə ona müvafiq izahatlar verilib və Ağalı kəndində yerləşən müvafiq bank filialından 500 manat məbləğində birdəfəlik müavinət ala biləcəyi qeyd olunub.

Müavinət ona bu gün təqdim edilib.

Qeyd edək ki, Zeynallı Turan Teymur oğlunun doğumu Ədliyyə Nazirliyinin müasir innovativ “Mobil əhali” tətbiqi vasitəsilə dövlət qeydiyyatına alınıb. Doğum haqqında elektron şəhadətnamə onların şəxsi kabinetində yerləşdirilməklə təqdim olunub.

Körpənin atası Teymur Zeynalov Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətində çalışır.



Sosial həyat