Heydər Əliyev və Gürcüstanda Azərbaycan mədəniyyəti

post-img

Bu il Azərbaycan xalqı və dünya azərbaycanlıları ümummilli lider Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Mən xoşbəxt adamam ki, ulu öndərlə şəxsən görüşüb, söhbət etmişəm. Onunla görüş, onun soydaşlarımıza qayğısı mənim, eləcə də Gürcüstanda yaşayan digər azərbaycanlıların həyatında dərin iz buraxıb. 

Bu sözləri Gürcüstan Azərbaycanlı Ağsaqqallar Şu­rasının sədri İsak Novruzov söyləyib. O, ümummilli liderlə unudulmaz görüşünü xatırla­yaraq deyib: “1996-cı il yan­varın 5-də Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Aslan Aslanovun təşkilatçılığı ilə mən, sabiq deputatlar Ramiz Bəkirov və Hidayət Hüseynov Heydər Əliyevlə görüşdük. Bu görüş bizim üçün tarixi, həm də çox məsuliyyətli görüş oldu”. 

Onun sözlərinə görə, hə­min illərdə Azərbaycanda ol­duğu kimi, Gürcüstanda da vəziyyət gərgin olub. Buna baxmayaraq, Gürcüstan par­lamentinin deputatları bü­tövlükdə, ölkəyə, xüsusən də azərbaycanlılara kömək göstərilməsi ilə bağlı Heydər Əliyevə müraciət ediblər. 

İsak müəllim xatırlayır ki, keçən əsrin 90-cı illərinin orta­larında Gürcüstanda vəziyyət daha ağır idi. Bunu nəzərə alaraq, ulu öndərə bildiriblər ki, azərbaycanlılar işgüzardır, zəhmətkeşdir, hər necə olsa öz başlarını dolandırırlar. La­kin ciddi problemləri də var. Bununla yanaşı, bir sıra icti­ma problemlər həllini gözləyir. Məsələn, Tbilisidə M.F.Axun­dovun Ev Muzeyinin təmirə ehtiyacı var. Bildiriblər ki, Gür­cüstan çoxmillətli dövlətdir və burada hər bir millət öz mədə­niyyəti ilə tanınır. 

Dahi şəxsiyyət, böyük si­yasi xadim Heydər Əliyev on­ları dinlədikdən sonra muzey məsələsi ön plana çəkilib. Çox keçmədən muzey əsaslı təmir olunub və bu gün Azərbaycan mədəniyyətinin təbliğində mü­hüm rol oynayır. 

Ulu öndərlə digər görüşlə­rini xatırlayan İsak Novruzov deyib: “Heydər Əliyev Gürcüs­tana səfərə gələndə Rustaveli adına Opera və Balet Teatrın­da azərbaycanlılarla görüşdü. Həmin görüşdə Azərbaycan lideri mühüm tarixi əhəmiyyət kəsb edən fikirlər söylədi. O, bizə müraciət edərək dedi ki, siz diaspor deyilsiniz. Siz Gür­cüstanda aborigen xalqsınız və Gürcüstan sizin vətəniniz­dir. Siz də bizim soydaşları­mızsınız, tək deyilsiniz”. 

Görüşdə İsak müəllim ulu öndərə yanacaq məsələsi ilə bağlı vacib məlumat çatdırıb. Bildirib ki, Azərbaycandan Gürcüstana verilən yanacaq bəzi düşmən qüvvələrin əli ilə Ermənistana ötürülür. Heydər Əliyev isə qeyd edib ki, Bakı məhz azərbaycanlılara görə, Gürcüstana yanacaq verir. O, eyni zamanda, sübut üçün sənəd istəyib. İ.Novruzov la­zımi sənədləri Heydər Əliyevə təqdim edib. Sonralar o, Bakı­da olanda öyrənib ki, Heydər Əliyev həmin məsələni araşdı­rıb və məlumat təsdiqini tapıb. 

İ.Novruzovun sözlərinə görə, Gürcüstanda aborigen azərbaycanlılarla yanaşı, müxtəlif vaxtlarda Azərbay­candan köçüb buraya gələn­lər də var: “Bizim də kökü­müz Azərbaycana gedib çıxır. Buradakı azərbaycanlıların qədim tarixi, mədəniyyəti, adət-ənənələri var. Telavi ra­yonunun Qaracala kəndinin 500 ildən çox yaşı var. Laqo­dexinin Qabal kəndi, həmçi­nin, çox qədimdir. Ulu öndər də bunu yaxşı bilirdi. Ona görə də hər zaman çalışırdı ki, soydaşlarımız öz mədəniy­yətlərini, ana dili və digər milli keyfiyyətlərini unutmasınlar”. 

Ümummilli liderimizin cid­di səyləri nəticəsində bu gün paytaxt Tbilisidə M.F.Axundo­vun, Nəriman Nərimanovun, eləcə də Cəlil Məmmədqulu­zadənin ev muzeyləri fəaliyyət göstərir. Tbilisidəki küçələ­rin birinə Bakı, bir sıra digər küçələrə isə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adı verilib. 

İ.Novruzov deyib: “Qətiy­yətlə deyə bilərik ki, bu gün Azərbaycanla Gürcüstan arasında nümunəvi dostluq əlaqələri var. Bu gün Tbilisinin mərkəzində və Rustavi şəhə­rində Heydər Əliyev parkının salınması, ulu öndərin abidə­sinin ucaldılması ölkələrimiz arasındakı möhkəm və sarsıl­maz dostluğun bariz nümunə­sidir”. 

Gürcüstan Azərbaycanlı Ağsaqqallar Şurasının sədri sonda bildirib: “Azərbaycanın müdrik və praqmatik Prezi­denti İlham Əliyev də ulu ön­dərin siyasi kursunu uğurla davam etdirir. Ona görə də inanırıq ki, ölkələrimiz arasın­da əsrlər boyu mövcud olmuş dostluq münasibətləri daim yaşayacaq. Heydər Əliyevin xatirəsi isə Gürcüstan azər­baycanlılarının və gürcü xalqı­nın yaddaşından heç vaxt si­linməyəcək”. 

 

Nəriman ƏLİYEV

Sosial həyat