Sosial tərəfdaşlara mükafatlar təqdim olunub

post-img

Həssas qruplara dəstək məqsədli korporativ sosial məsuliyyət tədbirlərində, onlarla bağlı məşğulluq proqramlarının icrasında aktiv iştirak edən sosial tərəfdaşların mükafatlandırılması mərasimi keçirilib. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən tədbirdə iştirakçılar mərkəzlə, burada həssas qrupların, o cümlədən, şəhid ailələrinin üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yaradıcı potensialının inkişaf etdirilməsi üçün yaradılan şəraitlə, aparılan işlərlə tanış olublar. 

Tədbirdə çıxış edən Əmək və Əhali­nin Sosial Müdafiəsi naziri Sahil Baba­yev sosial müdafiə sisteminin güclən­dirilməsinin, həssas qruplara qayğının artırılmasının Prezident İlham Əliyevin siyasətinin ana xəttini təşkil etdiyini vur­ğulayıb. O, dövlət başçısının tapşırıq­ları əsasında aparılan sosial islahatlar nəticəsində bu istiqamətdə ciddi irəlilə­yişlərə nail olunduğunu bildirib.

Aktiv məşğulluq proqramlarının da ildən-ilə genişləndiyini bildirən S.Ba­bayev qeyd edib ki, ötən il də sosial tərəfdaşlar ilə birgə işlər nəticəsində 40 mindən çox şəxs işlə təmin olunub, 7 mindən çox şəxsin haqqı ödənilən icti­mai işlər proqramı, 2 min şəxsin birgə maliyyələşmə və kvota iş yerləri üzrə işlə təminatı həyata keçirilib. Həmçi­nin bildirilib ki, keçən il 16 mindən çox şəxsin özünüməşğulluq proqramının dəstəyi ilə kiçik ailə biznesi qurulub, 4,6 min nəfər peşə hazırlığına cəlb olunub, 70 minədək şəxsə peşəyönümü məs­ləhət xidmətləri göstərilib. İşini itirmiş 6 mindən çox şəxsə isə işsizlikdən sığor­ta ödənişi təyin olunub.

S.Babayev sosial tərəfdaşların məş­ğulluq tədbirlərində, həssas qrupların məşğulluğunun təminatında göstərdiyi dəstəyi, irihəcmli sosial layihələrin icra­sında özəl sektora aid şirkətlərlə aparı­lan birgə işləri qeyd edib.

KOBİA, AMCHAM, ATİB, TUSİAB, MÜSİAD, Caspian Energy Club, Fran­sa–Azərbaycan Ticarət Palatası, İsra­il–Azərbaycan Ticarət Palatası, Azər­baycan İnsan Resursları Assosiasiyası, AHİK və 1000-dən çox işəgötürənlə sıx əməkdaşlıq qurulduğu, sosial tərəf­daşların reyestrinin yaradıldığı bildiri­lib. Həmçinin sosial cəhətdən həssas qruplara, şəhid ailələri və müharibə iş­tirakçılarına dəstək məqsədilə icra olu­nan məşğulluq proqramlarında sosial tərəfdaşlarla fəal əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Korporativ sosial məsuliyyət proqramlarının genişləndi­rilməsi və çeşidinin artırılmasının əsas hədəflərdən olduğu qeyd edilib.

Digər çıxış edənlər həssas əhali qruplarının sosial dəstəklə təminatın­da tərəfdaşların fəal iştirakının daha bir həmrəylik nümunəsi kimi təqdirəla­yiq olduğunu qeyd edərək, bu sahədə görülən işləri yüksək dəyərləndiriblər. Qeyd edək ki, ilk dəfə ötən il 2021-ci il üzrə korporativ sosial məsuliyyət təd­birlərində aktiv iştirak edən sosial tərəf­daşlar mükafatlandırılıb. Bu dəfə də şəhid ailəsi üzvlərinin, müharibə iştirak­çılarının, əlilliyi olan şəxslərin, qadın­ların, gənclərin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaşlara, habelə “Əmək və Məşğulluq” altsistemi üzərindən gön­dərişlər əsasında ən çox əmək müqa­viləsi bağlayan özəl sosial tərəfdaşa və altsistemə daha çox vakansiya yerləş­dirən özəl sosial tərəfdaşa mükafatlar təqdim edilib.

Tədbirdə Gənclər və İdman nazi­ri Fərid Qayıbov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məm­mədov, deputatlar, digər hökumət və qeyri-hökumət qurumları, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiya­sı (AHİK) və Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasından nümayəndələr, işəgötürənlər iştirak ediblər.

 

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat