Balanssız harmoniya yaxud endirilən bayraqlar

post-img

Əksər hallarda bir ölkənin siyasi məkanında müşahidə olunan proseslər tədricən dərinləşən parçalanmanın izlərini aşkara çıxarır. Həmin izlər bəzən institusional qərarların dəyişməsində və simvolların yenidən mənalandırılmasında özünü göstərir. Eynilə Fransada bələdiyyə binalarından Avropa İttifaqı bayraqlarının endirilməsi kimi.

Hadisə tarixin və ideologiyanın qovşağında yaranan “fransızsayağı xəyanət” anlayışının müasir təcəssümü kimi də dəyərləndirilə bilər. Ölkənin xarici işlər naziri Jan-Noel Barro bu addımı “xəyanət” kimi qiymətləndirərkən, əslində, bütöv bir fəlsəfi problemi işarələyir. Nəzərə alsaq ki, Avropa İttifaqı Fransanın iradəsi ilə qurulub, onu inkar etmək Avropanın özünü inkar etməsi anlamına gəlir.

Görünür, son dövrlər Fransada yüksələn “Milli Birlik” kimi partiyaların ideoloji xətti immiqrasiya və suverenlik mövzuları ilə yanaşı, simvolların yenidən mənalandırılması məsələsini də diqqətdə saxlayır. Təsadüfi deyil ki, partiyanın seçilmiş nümayəndələri Kristof Bartes, Brayn Masson və Karla Muti kimi fiqurlar da bələdiyyə binalarında tək Fransa bayrağını saxlamaqla yeni siyasi simvolika yaradırlar. Əslində, fransız siyasi düşüncəsində xəyanət anlayışı çox zaman dövlətə, respublikaya və ya kollektiv ideala qarşı yönəlmiş davranışları təsvir edir. İndi “xəyanət” anlayışı artıq ideoloji müstəviyə keçib.

Bu məqamda ədəbiyyata müraciət etmək yerinə düşər. Fransız nəsrinin ən güclü metaforlarından biri “Səfillər” əsərində Viktor Hüqonun təsvir etdiyi daxili mübarizə ölkədəki vəziyyətlə qismən üst-üstə düşür. Jan Valjanın keçmişi ilə gələcəyi arasındakı mübarizəsi bütöv bir cəmiyyətin vicdanını təmsil edir. Daha dəqiq desək, bu gün Fransa Aİ ilə münasibətlərində sanki Jan Valjan kimi keçmişi ilə hesablaşır. Əsərdə Jan Valjanın özünü yenidən kəşf etməsi daha çox yeni bir kimlik yaratması kimi təqdim olunur. Bu baxımdan, bələdiyyə binalarından Aİ bayrağının endirilməsi də oxşar interpretasiyaya açıqdır.

Barrot iddia edir ki, Avropa kimliyi milli kimliyi ləğv etmir. Məlumdur ki, praktik siyasətdə balansın qorunması hər zaman mümkün olmur. Xüsusilə də populist dalğaların gücləndiyi dövrdə kimlik siyasəti emosiyaların üzərində qurulur, rasionallıq kölgədə qalır. Diqqətçəkən başqa bir məqam isə simvollar arasındakı mübarizədir. Aİ bayrağı ideologiyanın konsentrat forması hesab olunur və sülh, inteqrasiya, kollektiv güc ideyasını təmsil edir. Onun endirilməsi isə bu ideyaların sorğulanmasıdır. Yaxud bir növ vizual bəyanatdır. Amma hadisəni, sadəcə, Fransanın daxili siyasəti kimi qiymətləndirmək də yanlış olardı. Çünki prosesin arxasında Avropa böhranı gizlənir. “Qoca qitə” artıq öz daxilində parçalanma potensialını daşıyır.

Ümumən tarix bizə öyrədir ki, hər böyük birliyin daxilində ziddiyyətlər kifayət qədərdir. Roma imperiyası da belə idi, Sovet İttifaqı da. Bu baxımdan, Aİ də sözügedən tarixi qanunun istisnası deyil. Bütün bunlarla yanaşı, fərqli fikirlər yenə də mövcuddur. Maraqlıdır ki, bəzi analitiklər prosesi demokratik ifadə azadlığının təzahürü kimi qiymətləndirir. Axı seçilmiş merlər öz bələdiyyələrində öz baxışlarını tətbiq edirlər. Məsələ ondadır ki, fərdi seçim ilə kollektiv simvolun inkarı arasında incə bir məqam gizlənir. Həmin məqam gözardı edildikdə proses qlobal əhəmiyyət kəsb etməyə başlayır.

Fransa uzun illərdir ki, universalizm ideyasını müdafiə edir. Həmin ideya insanın milli, dini və ya etnik kimliyindən daha üstün bir “ümumi insanlıq” anlayışını irəli sürür. Lakin universalizm, bəzən yerli kimliklərin təzyiq altında qalmasına səbəb olur. Nəticədə əks reaksiyalar yaranır və bu reaksiyalar çox zaman “xəyanət” kimi damğalanır. Yəni Barrotun “xəyanət” ittihamlarının özü də bir ritorik vasitədir.

Belə hadisələr təkcə Fransada cərəyan etmir. Polşada Beata Şidlonun dövründə Aİ bayrağı rəsmi strukturlardan kənarlaşdırılmışdı. Yəni sözügedən tendensiya artıq qitə miqyasında müşahidə olunan siyasi fenomenə çevrilib. Görünür, biz böyük bir ideoloji dönüşə şahidlik edirik. Bu dönüş bir növ “kimliklərin qarşılıqlı təzyiqi” kimi də xarakterizə oluna bilər. Milli kimlik Avropa kimliyinə qarşı çıxır, Avropa kimliyi isə milli kimliyi inteqrasiya etməyə çalışır. Nəticədə balanssız harmoniya yaranır. Bu harmoniya bəzən dağılır, bəzən yenidən qurulur, amma heç vaxt tam sabit olmur.

Sonda belə bir dilemma yaranır. Cərəyan edən hadisələr həqiqətən xəyanətdirmi, yoxsa, sadəcə, Avropanın özünü yenidən kəşfetmə prosesinin bir hissəsidirmi? Bəlkə də bu sualın cavabı nə tam bir “hə”dir, nə də tam bir “yox”...

Nəzrin ELDARQIZI
XQ

Siyasət