Yaxud Naxçıvan yolunda maneə(sizlik)
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə açıqlamasında bildirib ki, “Tramp marşrutu”nun tikintisinə ilin sonuna qədər başlanmasının nə dərəcədə real olduğunu bilmir. Onun mövzuya dair başqa nələrdən söz açdığına diqqət yetirəcəyik. Hələlik bəzi məqamlara nəzər salaq.
Birincisi, ötən il avqustun 8-də Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzaladıqları Birgə Bəyannamədə əksini tapmış “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) Bakı-İrəvan sülhünün ən real indiqatoru rolundadır. Yəni hansı səmtdən yanaşsaq, məhz bu layihə barış mühitinin qarantıdır. Çünki mahiyyətində iqtisadi dividend var. Amma məsələ təkcə bunda deyil.
Əlbəttə, barış mühiti indi də hökm sürməkdədir və onu böyük ölçüdə, təmin edən Azərbaycandır. Azərbaycan üçüncü ölkələrdən Ermənistana daşımalar üçün tranzit funksiyasını yerinə yetirir, həmçinin özünün neft məhsullarını qonşusuna ixrac edir. Yeri gəlmişkən, bu ixrac nəticəsində Ermənistanda benzinin qiymətində nəzərəçarpacaq azalma qeydə alınıb. Deməli, haylar sülhdən faydalanmaqdadırlar.
İkincisi, TRIPP Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçməklə nəqliyyat əlaqələrinin açılmasını nəzərdə tutur. Rəsmi Bakı üçün prinsipial məsələ budur. Ən prinsipial məqam isə Naxçıvana yolun maneəsizliyidir və bu məqam Birgə Bəyannamədə əksini tapıb. Amma…
Yada salaq ki, 44 günlük müharibəninin yekunlarını təsdiqləyən Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın da Naxçıvana yolun maneəsizliyinin vurğulandığı müddəası var. Deməli, rəsmi İrəvan üzərində dayandığımız prinsipiallığın sülhün başlıca simgəsi olduğunu nəzərə almalıdır. Elə isə Mirzoyanın dediklərinə diqqət yetirək.
“TRIPP məsələsinə gəldikdə, biz hazırda sənədlərin razılaşdırılması mərhələsindəyik… Nəticədə, güman edirəm ki, hökumətlərarası sazişə bənzər bir sənəd ortaya çıxmalıdır. Bundan sonra isə pay bölgüsü ilə erməni-amerikan birgə müəssisəsi yaradılacaq və investorlar cəlb olunacaq. Biz demişdik ki, ilin sonuna, hətta ilin ikinci yarısında müəyyən tikinti işlərinə başlamaq istəyirik. Bunun nə dərəcədə real olduğunu bilmirəm, bu, sadəcə istək idi”, – deyən Mirzoyan əlavə edib ki, Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən sonrakı son 30 gün ərzində İran sərhədinə yaxın ərazidə çəkilməsi planlaşdırılan “Tramp marşrutu” ilə bağlı fikir mübadiləsi aparılıb.
Erməni XİN rəhbərinin dediklərinin müəyyən qismi əvvəl də erməni rəsmiləri tərəfindən səslənib. Mirzoyanın “sadəcə istək” məntiqinə gəlincə, məsələ istəməkdə yox, öhdəliyin yerinə yetirilməsindədir. Əlbəttə, ABŞ və İsraili İrana qarşı hərbi əməliyyatları nəticəsində yaranmış durumun gərginliyini dərk edirik. Müharibə hədinə çatmış vəziyyətin nə vaxtadək sürəcəyi, sabitləşib-sabitləşməyəcəyi qeyri-müəyyəndir.
Amma söhbət Naxçıvana maneəsiz yoldan, təxminən 40 kilometrdən bir qədər artıq məsafədən gedirsə, bunun üçün nəyisə gözləməyə ehtiyac yoxdur. Başqa sözlə desək, Mirzoyanın haqqında söz açdığı erməni-amerikan birgə şirkəti sonra da yaradıla bilər. Əsas olan sözügedən yolun funksionallığının təmin edilməsidir. Çünki bu funksionallıqdan sülhün özü asılıdır. Nəzərə alaq ki, Azərbaycanın Ermənistan üçün daşımalarda tranzit funksiyasını yerinə yetirməsi heç bir sənəddə əksini tapmır. Ölkəmiz bunu xoşməramlı jest kimi edir.
Bəli, 8 avqust 2025-ci il tarixli Vaşinqton Birgə Bəyannaməsi barış mühiti baxımından beynəlxalq təminat deməkdirsə, belə bir mühitin prinsipial tərəfi bilavasitə həmin sənədə istinad olunmadan da dərk edilməlidir. Yəni bu, mümkündür. A.Mirzoyanın dediklərindən gəlinən qənaət isə belə deməyə əsas verir ki, İrandakı müharibə şəraiti uzandıqca, Naxçıvana yol məsələsi də uzanacaq. Yolverilməzlik bundadır. O zaman aydındır ki, Azərbaycan vasitəsilə Ermənistana yüklərin daşınması da daimi ola bilməz.
Sözümüz ondadır ki, Azərbaycan və Ermənistan öz aralarında danışıq aparıb Naxçıvana maneəsiz yol yarada, o cümlədən regional kommunikasiyaların açılması xüsusundakı digər məsələləri həll edə bilərlər. Sərhədlərin delimitasiyasını və demarkasiyasını həyata keçirdikləri kimi. Bunun üçün kimisə və ya nəyisə gözləməyə ehtiyac yoxdur.
Bir daha bildirək ki, söhbət 40 kilometrdən bir qədər artıq olan məsafədən gedir. O məsafə ki, Azərbaycan onun suveren Ermənistanın ərazisi olduğunu tanıyır. Mövcud durumda Ermənistanın üzərinə düşən Azərbaycanın Naxçıvana maneəsiz yol haqqını tanımaqdır, əməli addımlar atmaqdır. Burada anlaşılmayacaq hansısa durum yoxdur. Vəziyyəti mürəkkəbləşdirməyə dəyməz.
Vəziyyəti mürəkkəbləşdirməyin lazımsızlığını əbəs yerə vurğulamadıq. Məsələ ondadır ki, Ermənistan 2020-ci ildən başlayaraq həmişə bunu edib. Çalışıb ki, Azərbaycanın Naxçıvana maneəsiz yolu olmasın. Bu məqsədlə ölkənin ərazi bütövlüyünün və suverenliyinin toxunulmazlığı klişelərini uyduran da rəsmi İrəvan olub. Erməni hakim dirələri, hətta, Azərbaycanı işğalçı qismində təqdim etməyə cəhd göstərib, mövcud istiqamətdə beynəlxalq böhtan kampaniyaları da aparıblar.
Bundan başqa, Ermənistan hakimiyyətinin Azərbaycana qarşı “Dünyanın kəsişməsi” avantürasını ortaya atmasından da xəbərdarıq. O avantüra ki, məqsədi Naxçıvana maneəsiz yola qarşı çıxmaq idi. Rəsmi İrəvanın təmsilçilərinin “Dünyanın kəsişməsi”ni necə əsaslandırmalarından, nə cür bəzək-düzək vermələrindən asılı olmayaraq, mahiyyət bu idi.
Bildirdiklərimizin fonunda A.Mirzoyanın məğzində Naxçıvana maneəsiz yolun dayandığı TRIPP barədəki qeyri-müəyyənlik tonu, istər-istəməz, şübhə yaradır. Elə təəssürat formalaşır ki, İrandakı müharibə rəsmi İrəvan üçün qlobal layihəni reallaşdırmamaq üçün bəhanədir. Halbuki, belə yanaşma tam yolverilməzdir. Ona görə yolverilməzdir ki, Naxçıvana maneəsiz yolun olmaması sülh mühitini şübhə altına alır. Bu yerdə Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsinin xəritəsinin əks olunduğu döş nişanını taxıb sülh çarçısı kimi küçə-küçə gəzməsinin əhəmiyyəti qalmır.
Ə.RÜSTƏMOV
XQ

