Beynəlxalq gərginlik və Cənubi Qafqazda sabitlik

post-img

Azərbaycan Prezidenti İlham Əliyevlə Almaniya Kansleri Fridrix Merts arasında baş tutan telefon danışığı dəyişən beynəlxalq nizamın fonunda Cənubi Qafqazın yeni geosiyasi çəkisini və Azərbaycanın bu məkanda oynadığı rolu bir daha üzə çıxarır. Danışığın mərkəzində dayanan mövzular: Yaxın Şərqdə artan gərginlik, Azərbaycan–Ermənistan sülh prosesi, Almaniya və Avropa İttifaqı ilə münasibətlərin perspektivləri, əslində, eyni strateji xəttin müxtəlif təzahürləridir. Qlobal böhranların dərinləşdiyi bir dövrdə sabitlik istehsal edən aktorların dəyəri artır və Azərbaycan bu mənada artıq daha geniş geosiyasi kontekstdə etibarlı tərəfdaş kimi nəzərdən keçirilir.

Tərəflər arasındakı telefon danışığı göstərdi ki, Cənubi Qafqaz bu gün Avrasiya təhlükəsizlik arxitekturasının həssas və strateji hissələrindən biridir. Yaxın Şərqdə, Şərqi Avropada və qlobal enerji bazarlarında baş verən hər bir dəyişiklik bu məkana birbaşa və ya dolayı təsir göstərir. Məhz bu səbəbdən Bakı ilə Berlin arasında aparılan fikir mübadiləsi daha böyük geosiyasi hesablama sisteminin tərkib hissəsi kimi oxunmalıdır.

Yaxın Şərqdə gərginlik Cənubi Qafqazdan uzaqda deyil

Yaxın Şərqdə davam edən gərginliyin Cənubi Qafqaza mümkün təsirinin telefon danışığında xüsusi vurğulanması tamamilə məntiqlidir. Çünki müasir beynəlxalq münasibətlər sistemində böhranlar artıq coğrafi sərhədlərlə məhdudlaşmır. Bir regionda silahlı qarşıdurma, enerji marşrutlarına təzyiq, miqrasiya axınının artması, böyük güclərin rəqabətinin sərtləşməsi və təhlükəsizlik prioritetlərinin dəyişməsi başqa regionlarda da zəncirvari təsirlər yaradır. Cənubi Qafqaz məhz belə keçid zonalarından biridir. Cənubi Qafqaz regionunun geosiyasi həssaslığı onun yerləşdiyi məkandan qaynaqlanır. Bölgə Avropa ilə Asiya, Rusiya ilə Yaxın Şərq, Qara dəniz hövzəsi ilə Xəzər arasında strateji qovşaqdır.

Azərbaycan üçün məsələ daha da əhəmiyyətlidir. Çünki Bakı son illər özünü daha geniş regional sabitlik prizmasından təqdim etməyə çalışır. Azərbaycanın enerji ixracatçısı, nəqliyyat qovşağı və siyasi vasitəçilik imkanları olan dövlət kimi rolu bu gün Yaxın Şərqdəki gərginlik fonunda daha çox diqqət çəkir. Çünki qlobal aktorlar böhran vaxtı riskləri azaldan tərəfdaşlar axtarırlar. Burada mühüm məqam ondan ibarətdir ki, Yaxın Şərqdə gərginlik artdıqca, Cənubi Qafqazın sabit qalması Avropa üçün də daha böyük əhəmiyyət kəsb edir. Almaniyanın bu məsələyə həssas yanaşmasına gəldikdə isə, Berlin anlayır ki, Avropanın enerji təhlükəsizliyi, ticarət marşrutlarının şaxələndirilməsi və geosiyasi dayanıqlılığı üçün Cənubi Qafqazda yeni böhran ocağının yaranması arzuolunan deyil. Ona görə də Bakı ilə aparılan dialoq, əslində, regional sabitliyin qorunmasına yönəlmiş daha geniş Avropa maraqlarının ifadəsidir.

Sülh bölgədə sabitliyin etibarlı qarantıdır

Fridrix Mertsin Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesini alqışlaması da xüsusi vurğulanmalıdır. Qeyd etməliyik ki, Cənubi Qafqazda uzunmüddətli sabitliyin yeganə real modeli sülh gündəliyidir. Alternativlər isə ya idarəolunan gərginlik, ya da təkrarlanan qarşıdurma ssenariləridir ki, bu da nə region dövlətlərinin, nə də xarici aktorların maraqlarına cavab verir.

Bugünkü mərhələdə sülh prosesi bütövlükdə regionun strateji gələcəyini müəyyən edir. Əgər sülh gündəliyi irəliləsə, Cənubi Qafqaz iqtisadi inteqrasiya, nəqliyyat əlaqələrinin genişlənməsi və təhlükəsizlik balansının möhkəmlənməsi istiqamətində yeni mərhələyə keçə bilər. Əks halda, region yenidən köhnə geosiyasi rəqabətlərin toqquşma meydanına çevrilər. Azərbaycan son dövrdə sülhü yeni regional nizamın əsası kimi təqdim edir. Rəsmi Bakının bu yanaşmasının arxasında aydın strateji məntiq dayanır: qalıcı sabitlik yalnız qarşılıqlı asılılıq yaradan siyasi və iqtisadi mexanizmlərlə mümkündür. Yəni sülh yeni regional oyunun qaydalarının formalaşdırılmasıdır.

Almaniyanın sülh prosesinə dəstəyi də bu konteksdə anlaşılmalıdır. Berlin üçün Cənubi Qafqazda sabitlik bir neçə səbəbə görə vacibdir: enerji təchizatının etibarlılığı, Orta Dəhlizin perspektivləri, Avropanın qonşuluq siyasətinin effektivliyi və ümumilikdə qitənin cənub-şərq perimetri boyunca risklərin azaldılması. Başqa sözlə, sülh bu regionda strateji zərurətdir.

Ən önəmli məsələ isə budur ki, sülh prosesi irəlilədikcə, Azərbaycanın beynəlxalq çəkisi də artır. Çünki münaqişədən sonrakı mərhələdə hansı dövlət yeni əməkdaşlıq platforması təklif edə bilirsə, o, regional sistemin qurucu aktoruna çevrilir. Bakı hazırda məhz bu mövqeyi möhkəmləndirməyə çalışır. Prezident İlham Əliyevlə Fridrix Merts arasındakı danışıq da göstərir ki, bu xətt artıq Avropanın aparıcı paytaxtlarında diqqətlə izlənilir və dəstəklənir.

Azərbaycandan Avropaya yeni siyasi pəncərə

Telefon danışığının üçüncü mühüm xətti ikitərəfli münasibətlərin perspektivləri və Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi ilə bağlı müzakirələr idi. Əslində, burada məsələ daha böyükdür–Avropanın dəyişən geosiyasi reallıq fonunda Azərbaycanla münasibətlərə yenidən baxması prosesidir.

Son illər Avropa İttifaqı üçün enerji təhlükəsizliyi, təchizat marşrutlarının diversifikasiyası, alternativ tranzit xətlərinin formalaşdırılması və yaxın qonşuluqda sabit tərəfdaşlarla işləmək prioritetə çevrilib. Belə şərtlər daxilində Azərbaycanın əhəmiyyəti obyektiv şəkildə artıb. Azərbaycan Avropa üçün Xəzər hövzəsi, Mərkəzi Asiya və Cənubi Qafqaz arasında əlaqələndirici mərkəzdir. Almaniya kimi Avropanın aparıcı iqtisadi və siyasi gücünün Bakı ilə dialoqa xüsusi önəm verməsi də məhz bu reallığın nəticəsidir. Burada xüsusi olaraq vurğulamaq lazımdır ki, Berlin Avropa İttifaqının siyasi qərarvermə prosesində xüsusi çəkiyə malik aktordur. Deməli, Azərbaycan–Almaniya xəttində dinamikanın artması dolayısı ilə Azərbaycan–Aİ münasibətlərinin də yeni mərhələyə keçməsi üçün əlavə imkanlar yarada bilər. Xüsusən o halda ki, tərəflər münasibətləri nəqliyyat, yaşıl keçid, sənaye əməkdaşlığı, təhlükəsizlik dialoqu və regional sabitlik məsələləri ilə zənginləşdirsinlər.

Bu kontekstdə Bakı üçün əsas üstünlük onun praqmatik və çoxvektorlu siyasətindədir. Azərbaycan müxtəlif güc mərkəzləri ilə münasibətləri balans və qarşılıqlı fayda üzərində qurmağa çalışır. Məhz bu xüsusiyyət onu Avropa üçün proqnozlaşdırılan tərəfdaşa çevirir. Almaniya da daxil olmaqla Aİ ölkələri üçün vacib olan məhz budur: qlobal qeyri-müəyyənlik dövründə siyasi iradəsi aydın, regional rolu konkret və əməkdaşlıq potensialı yüksək olan tərəfdaşlarla işləmək.

Bütün bunlar onu göstərir ki, Azərbaycan–Almaniya və Azərbaycan–Aİ münasibətləri qarşıdakı dövrdə daha geniş siyasi məzmun qazana bilər. Əgər əvvəlki mərhələlərdə əməkdaşlığın əsas ağırlıq mərkəzi enerji idisə, indi bu əlaqələr təhlükəsizlik, logistika, sülh quruculuğu və geosiyasi koordinasiya kimi sahələrə doğru genişlənir.

İlham Əliyevlə Fridrix Merts arasında telefon danışığı bir daha göstərdi ki, Cənubi Qafqaz qlobal gərginliklərin fonunda sabitliyin xüsusi dəyər qazandığı geosiyasi platformaya çevrilib. Yaxın Şərqdəki böhranların mümkün təsiri regionun həssaslığını artırırsa, Azərbaycan–Ermənistan sülh prosesi həmin həssaslığı idarəolunan sabitliyə çevirmək üçün əsas mexanizm kimi çıxış edir. Eyni zamanda, Almaniya və Avropa İttifaqı ilə münasibətlərin genişlənməsi Azərbaycanın bu yeni regional düzəndə nə qədər mühüm aktora çevrildiyini göstərir.

Son olaraq qeyd edək ki, mövcud şəraitdə sülh, əməkdaşlıq və geosiyasi çeviklik eyni strateji xəttin hissələridir. Azərbaycan da məhz bu xətt üzərində öz regional rolunu möhkəmləndirməyə çalışır. Berlinlə aparılan dialoq isə göstərir ki, bu cəhd artıq Avropanın aparıcı mərkəzləri tərəfindən də ciddi şəkildə nəzərə alınan siyasi reallıqdır.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru



Siyasət