Gerçək təhlükə, yoxsa parlament seçkilərinə hesablanmış gediş?
Məlum olduğu kimi, bu il iyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək. Ötən ildən proseslə bağlı bir sıra gərginlik elementləri müşahidə olunmaqdadır.
Ermənistandakı ayrı-ayrı müxalif qüvvələrin baş nazir Nikol Paşinyan iqtidarına qarşı erməni cəmiyyətini hərəkətə gətirməyə hesablanmış fikirlər səsləndirdiklərini görürük. Hətta, seçkisonrası gərginliklərin yarana biləcəyini də ehtimal etmək mümkündür. Bütün bunlar öz yerində. Amma Ermənistan Xarici Kəşfiyyat Xidmətinin bəyanatı nisbətən fərqli aspektlərin dövriyyəyə girəcəyindən xəbər verir. Qeyd edək ki, sözügedən dövlət qurumu bəyanatında başqa bir ölkədə Ermənistan vətəndaşlarına göstərilən təzyiq xüsusunda seçki prosesinə müdaxilə məsələsini qabardıb. Söhbət hansı başqa ölkədən gedir, təxmin etmək çətin deyil.
Əlbəttə, söz xarici təsirdən düşürsə, gözlər önündə Rusiya canlanır. O Rusiya ki, onun Prezidenti Vladimir Putinin bir neçə il əvvəl səsləndirdiyi fikri yada salmağa ehtiyac yaranır. Putin demişdi ki, Rusiyada Ermənistanda yaşayan ermənilərdən də çox erməni var. Həmin ermənilərin bir çoxu vətəndaş statusu daşısalar da, vətəndaşlığı olmayan hayların sayı az deyil. Elə isə Ermənistan Xarici Kəşfiyyat Xidmətinin bəyanatındakı nüanslara nəzər salaq.
Deməli, qurum bildirir ki, başqa ölkədə həmin ölkənin xüsusi xidmət orqanlarının adından çıxış edən müxtəlif aktorların milli mənsubiyyətinə görə erməni olan, Ermənistan Respublikasının vətəndaşı sayılan və iqtisadi fəaliyyətlə məşğul şəxslərə təzyiq göstərməyə çalışdıqlarına dair məlumata malikdir: “Məqsəd onları Ermənistanda keçiriləcəyi gözlənilən parlament seçkilərində iştirak üçün müraciət etmiş müəyyən siyasi qüvvələrin dəstəklənməsi istiqamətində addımlar atmağa sövq etməkdir”.
Qeyd edək ki, Ermənistan Xarici Kəşfiyyat Xidmətinin bəyanatında sözügedən addımların erməni sahibkarların siyasi qüvvələrə maliyyə və təşkilati xarakterli dəstək göstərmələrinə təhrik mahiyyətini əhatə etdiyi, lakin məsələnin bununla məhdudlaşmadığı açıqlanıb. Hərçənd, dövlət qurumu konkret ölkə adı çəkmir. Bəli, erməni dövlət qurumunun yaydığı bəyanat və sənəddə ifadəsini tapan motiv ciddi qarşılanmalıdır. Başqa ölkədəki iqtisadi fəaliyyətlə məşğul olan erməni əsilli şəxslərə təzyiq parametri qabardılırsa, Ermənistandan kənarda yaşayan ermənilərin səs hüququna malik olduqlarını da yada salmalıyıq. Axı seçki vaxtı onlar əvvəlcədən müəyyənləşdirilmiş məntəqələrə gəlib mövqelərini bildirəcəklər.
Deməli... Ermənilər Rusiyada əsasən ticarət fəaliyyəti ilə məşğuldurlar. Onların böyük qismi öz soydaşlarının yaratdıqları şirkətlərdə və ya müəssisələrdə çalışırlar. Belə nəticəyə gəlmək mümkündür ki, ticarət şəbəkəsinin erməni rəhbərinə təzyiq faktı qeydə alınacaqsa, bu, sıravi işçiləri də əhatə edəcək. Nəticədə, zəncirvari seçki sxematikası yaranacaq. Rusiyanın müəyyən dairələrində belə fikir var ki, əcnəbilər və ya vətəndaşı olmayan şəxslər Rusiyada çalışırlarsa və həyatlarını təmin edirlərsə, bu ölkənin maraq və mənafeləri naminə səy göstərməlidirlər. Kremlin Ermənistandakı maraq və mənafeləri aydındır.
Paşinyan iqtidarının bu baxımdan heç nəyə yaramadığı, əksinə, Kremlə qarşı zidd mövqe tutduğu da həmçinin. Üstəlik, Ermənistandakı Rusiyaya bağlı ayrı-ayrı çevrələrin ölkələrində hakimiyyəti devrimək planları hazırladıqlarını və bu barədə açıqlama verdiklərini bilirik. Onu da bilirik ki, hazırkı situasiyada bu planların səmərə verəcəyi şübhəlidir. Ona görə də həmin çevrələr siyasi qəsd reallaşdırmağa yox, bilavasitə seçkiyə kökləniblər. Ermənistanın Xarici Kəşfiyyat Xidməti bəyanat yayıb xəbərdarlıq edirsə, belə qənaət formalaşır ki, ölkə daxilini hərəkətə gətirmək niyyəti güdən xaricdəkilər fəallaşıblar.
Digər tərəfdən, Ermənistan Xarici Kəşfiyyat Xidmətinin, sadəcə, önləyici tədbir görmək məqsədini də söyləyə bilərik. Yəni, tam mümkündür ki, xidmət gələcəkdə sadaladığımız proseslərin gerçəkləşə bilmə ehtimalı üzərinə yatırım edir. Yatırım kənardakı qüvvələrin hayların iradəsinin əksinə addım atmağa çalışmaları təsəvvürünün formalaşmasına hesablanıb. Belə bir hesablanmanın məramı erməni cəmiyyətində immunitet yaratmaqdır. Görünür, Paşinyan iqtidarının təmsilçiləri Ermənistanda Rusiya əleyhinə antipatiyanı seçki prosesinə gətirməklə qalib gəlmək barədə düşünmək fikrindədirlər. Yeri gəlmişkən, bu düşüncə 2021-ci ilin yayında keçirilmiş seçkilərdə işə yaramış və müharibə məğlubu olan hakimiyyət düşərgəsi uğur qazanmışdı.
Sonda dediklərimiz fonunda ümumiləşdirmə apararaq bildirək ki, Ermənistanda seçkilərin adi siyasi proses kimi deyil, kəskin rəqabət və mümkün siyasi böhran fonunda keçiriləcəyi aydındır. Yəni hakimiyyətlə müxalifət arasında legitimlik və hakimiyyət uğrunda ciddi mübarizə gözlənilir. Ölkə iqtidarı seçkiyə təsir ehtimalını gündəmə gətirirsə, bu onun prosesin kampaniya dövründə “milli təhlükəsizlik” və “xarici müdaxilə” narrativindən yararlanacağının göstəricisidir.
Deməli, Paşinyan iqtidarının seçki strategiyasının bir qolunu ölkədəki anti-Rusiya emosiyalarını seçki resursuna çevirmək təşkil edir və heç şübhəsiz, qarşıdakı aylarda belə yanaşmanın başqa fərqli təzahürləri meydana çıxacaq. Əlbəttə, Ermənistanda seçki prosesinə ölkənin Xarici Kəşfiyyat Xidmətinin bəyanatında açıqlanan təsir cəhdlərinin başqa təmayülləri də aktuallaşa bilər.
Ə.RÜSTƏMOV
XQ

