Aİ Cənubi Qafqazın qeydinə necə qalır?

post-img

Cənubi Qafqaz uzun illər beynəlxalq siyasətdə daha çox münaqişələr kontekstində xatırlanan region olub. Qarabağ münaqişəsi, böyük güclərin rəqabəti, enerji marşrutları uğrunda mübarizə və geosiyasi qeyri-müəyyənlik bu coğrafiyanı tez-tez “risk zonası” kimi təqdim edirdi. Lakin son illərdə beynəlxalq siyasi diskursda diqqətçəkən yeni tendensiya müşahidə olunur: region qlobal əlaqələndirici platforma kimi dəyərləndirilir.

Brüsseldə səfirlərin konfransında Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin Orta Dəhliz haqqında dediyi sözlər dəyişən yanaşmanın açıq ifadəsidir. Onun fikrincə, Asiya ilə Avropa arasında malların çatdırılma müddətini 30 gündən 15 günə qədər qısalda bilən bu marşrut əvvəllər qeyri-sabit sayılan Cənubi Qafqazda ticarət və əməkdaşlığı normaya çevirə biləcək mexanizm kimi təqdim olunur.

Avropa İttifaqı niyə məhz indi Cənubi Qafqaza bu qədər diqqət yetirir?

Sualın cavabını anlamaq üçün, ilk növbədə, qlobal iqtisadi və geosiyasi reallıqlara nəzər salmaq lazımdır. Son illərdə dünya ticarətinin infrastrukturu sayılan beynəlxalq nəqliyyat marşrutları əvvəlki dövrlərlə müqayisədə daha həssas və siyasi risklərə daha açıq vəziyyətə düşüb. Əgər bir neçə il əvvəl qlobal logistika əsasən iqtisadi səmərəlilik prinsipi ilə formalaşırdısa, bu gün həmin sistemin əsas parametrlərindən biri geosiyasi təhlükəsizlik faktoru hesab olunur.

Dəyişikliklərin əsas səbəblərindən biri, şübhəsiz ki, Rusiya–Ukrayna müharibəsidir. 2022-ci ildən sonra Avropa ilə Asiya arasında ənənəvi ticarət marşrutlarından biri sayılan Şimal dəhlizi, faktiki olaraq, geosiyasi risk zonasına çevrildi. Rusiya ərazisindən keçən logistika xəttləri sanksiyalar, siyasi gərginlik və təhlükəsizlik narahatlıqları səbəbindən əvvəlki etibarlılığını itirməyə başladı. Avropa şirkətləri və hökumətləri üçün bu marşrut artıq siyasi baxımdan riskli hesab olunur. Eyni zamanda digər alternativ istiqamətlər də tam sabit deyil. Yaxın Şərq regionunda davam edən gərginliklər, Qırmızı dəniz və Süveyş kanalı ətrafında baş verən təhlükəsizlik problemləri qlobal ticarətin mühüm hissəsinin keçdiyi marşrutları tez-tez qeyri-müəyyən vəziyyətə salır. Məhz bu kontekstdə Avropa İttifaqı son illərdə öz strateji yanaşmasını yenidən nəzərdən keçirməyə başlayıb. Brüsselin prioritetlərindən biri təchizat zəncirlərinin diversifikasiyası, yəni alternativ marşrutların yaradılmasıdır. Avropa üçün Asiya ilə əlaqələri qorumaq həyati əhəmiyyət daşıyır və bu əlaqələrin dayanıqlı olması üçün yeni logistika xətləri zəruridir. Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanı, Qafqazı və Türkiyə üzərindən Avropanı birləşdirən Orta Dəhliz məhz bu geosiyasi boşluğu doldura biləcək alternativ kimi ortaya çıxır. Digər tərəfdən, Orta Dəhliz Avropa üçün strateji muxtariyyət siyasətinin bir hissəsidir. Son illərdə Aİ rəhbərliyi tez-tez vurğulayır ki, qlobal iqtisadi sistemdə Avropa daha çox müstəqil qərarvermə imkanlarına malik olmalıdır. Bunun üçün isə enerji, texnologiya və logistika sahələrində alternativ tərəfdaşlıqlar qurmaq vacibdir. Cənubi Qafqaz və Mərkəzi Asiya məhz bu yeni strateji yanaşmanın mühüm elementinə çevrilir.

***

Ursula fon der Lyayen Orta Dəhliz haqqında danışarkən Avropa inteqrasiyasının başlanğıc mərhələsinə – İkinci Dünya müharibəsindən sonra yaradılan Avropa Kömür və Polad Birliyinə istinad etdi. Tarixi baxımdan bu təşkilatın əsas məqsədi Fransa və Almaniya kimi uzun illər bir-biri ilə rəqabət aparmış dövlətlər arasında qarşıdurma riskini minimuma endirmək idi. Kömür və polad kimi strateji sənaye sahələrinin birgə idarə olunması nəticəsində bu ölkələr arasında iqtisadi asılılıq formalaşdı və nəticədə, siyasi münasibətlər də dəyişməyə başladı.

Eyni mexanizmi Cənubi Qafqazda da işləmək olarmı?

Qeyd etməliyik ki, Cənubi Qafqaz, eyni zamanda, təhlükəsizlik və identitet faktorlarının güclü olduğu məkanlardan biridir. Uzun illər davam edən münaqişələr, tarixi etimadsızlıq və böyük güclərin maraqlarının toqquşması burada siyasi münasibətləri xeyli həssas edib. Bununla belə, iqtisadi inteqrasiya müəyyən dəyişikliklər üçün zəmin yarada bilər. Əgər region ölkələri eyni tranzit və ticarət sisteminin iştirakçısına çevrilərsə, bu zaman onların iqtisadi maraqları daha çox üst-üstə düşməyə başlayar. Orta Dəhliz ideyası region ölkələrini vahid iqtisadi və logistika sisteminə inteqrasiya etmək potensialına malikdir. Əgər belə bir sistem formalaşarsa, qarşılıqlı maraqların genişlənməsi siyasi münasibətlərə də təsir göstərə bilər.

Uzun illər ərzində regionun təhlükəsizlik arxitekturasında əsas rol Rusiyaya məxsus idi. Moskva həm hərbi mövcudluğu, həm də siyasi təsir alətləri vasitəsilə Cənubi Qafqazda mühüm aktor kimi çıxış edirdi. Ermənistanla hərbi ittifaq, regiondakı sülhməramlı kontingent və təhlükəsizlik mexanizmləri Rusiyanın bu təsirini uzun müddət qoruyub saxladı. Lakin son illərdə beynəlxalq proseslər göstərir ki, regiondakı qüvvələr balansı tədricən dəyişir. Ankara isə son onillikdə Cənubi Qafqazda iqtisadi və nəqliyyat layihələri vasitəsilə təsirini genişləndirməyə nail olub. Bakı–Tbilisi–Qars dəmir yolu, enerji kəmərləri və regional logistika layihələri Türkiyəni regionun əsas tranzit və strateji tərəfdaşlarından birinə çevirib. Digər tərəfdən, Çin faktoru da getdikcə daha görünən olur. Pekinin “Bir kəmər, bir yol” təşəbbüsü Avrasiya məkanında yeni logistika və ticarət şəbəkələrinin yaradılmasını nəzərdə tutur. Məhz bu kontekstdə Brüsselin layihəyə diqqəti Avropa İttifaqının Avrasiya məkanında daha aktiv geoiqtisadi mövqe tutmaq cəhdinin bir hissəsi kimi qiymətləndirilə bilər. Son illər Bakı Avrasiya məkanında mühüm logistika və nəqliyyat qovşağı kimi təqdim etməyə çalışır. Xəzər dənizi üzərindən Mərkəzi Asiyanı Qafqaz və Türkiyə vasitəsilə Avropaya bağlayan marşrutlar bu strategiyanın əsas elementlərindəndir.

Bəs Ermənistan yeni regional modeldə hansı yeri tuta bilər?

Sual Cənubi Qafqazın gələcək geosiyasi və geoiqtisadi arxitekturasını anlamaq baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki regionda formalaşmaqda olan yeni nəqliyyat və logistika sistemləri dövlətlərin strateji mövqeyini müəyyən edən amillərə çevrilir. Ermənistanın qarşısında duran əsas dilemma belə görünür: ölkə yeni regional əlaqə şəbəkələrinin bir hissəsinə çevriləcək, yoxsa geosiyasi təcrid riskini davam etdirəcək?

Ursula fon der Lyayenin çıxışında diqqətçəkən məqamlardan biri də məhz bu məsələ ilə bağlı idi. O qeyd etdi ki, Orta Dəhliz keçmiş düşmən ölkələri – Azərbaycan və Ermənistanı – bir-biri ilə və Avropa ilə əlaqələndirə bilər. Brüsselin düşüncəsinə görə, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası regionda davam edən sülh prosesinə əlavə stimul verə bilər. Əgər kommunikasiya xətləri açılar və region vahid tranzit platformaya çevrilərsə, bu yalnız ticarət dövriyyəsini artırmaqla məhdudlaşmayacaq. Eyni zamanda, ölkələr arasında yeni iqtisadi maraqlar formalaşdıracaq və bu maraqlar siyasi münasibətlərin tədricən dəyişməsinə təsir göstərə bilər.

Təbii ki, bu məntiq Ermənistan üçün xüsusilə vacibdir. Uzun illər ərzində ölkənin regional nəqliyyat sistemlərindən kənarda qalması iqtisadi inkişaf imkanlarını ciddi şəkildə məhdudlaşdırıb. Qapalı sərhədlər və məhdud tranzit imkanları Ermənistan iqtisadiyyatını daha çox daxili resurslara və məhdud ticarət marşrutlarına bağlayıb. Əgər yeni regional kommunikasiya xətləri açılarsa, Ermənistan üçün bu vəziyyət dəyişə bilər. Ölkə potensial olaraq Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında formalaşan yeni ticarət marşrutlarının bir hissəsinə çevrilə bilər. Lakin bu perspektivin reallaşması bir neçə vacib şərtdən asılıdır. İlk növbədə, regionda davam edən siyasi və təhlükəsizlik məsələlərinin həlli zəruridir. Kommunikasiya xətlərinin açılması siyasi etimadın formalaşmasını tələb edir. Əgər tərəflər arasında sabit və uzunmüddətli sülh mexanizmi formalaşarsa, o zaman regional layihələr real iqtisadi məzmun qazana bilər. Digər tərəfdən, Ermənistanın qarşısında strateji seçim də dayanır. Ölkə yeni regional əməkdaşlıq modelinə inteqrasiya edərək iqtisadi imkanlarını genişləndirə bilər. Lakin bu model həm də daha praqmatik və əməkdaşlığa əsaslanan regional siyasət tələb edir.

Son olaraq qeyd edək ki, tarix göstərir ki, iqtisadi layihələr bəzən siyasi qarşıdurmaları yumşalda bilir. Avropa inteqrasiyası bunun ən bariz nümunəsidir. Lakin Cənubi Qafqazın reallıqları daha mürəkkəbdir. Regionda tarixi etimadsızlıq, böyük güclərin rəqabəti və təhlükəsizlik dilemması hələ də qalmaqdadır. Bununla belə, bir məqam artıq aydın görünür: beynəlxalq siyasətin diqqəti yenidən Cənubi Qafqaza yönəlir. Bu dəfə isə səbəb münaqişələr deyil, qlobal logistika və geoiqtisadi perspektivlərdir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru



Siyasət