Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri son illər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu əməkdaşlıq artıq yalnız iqtisadi məzmunla məhdudlaşmır, həm də siyasi xarakter daşıyır. C6 Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan üçün regiondaxili siyasi koordinasiya, təhlükəsizlik dialoquna çevrilib.
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin gücü yalnız onların hərbi arsenalı və ya ümumi daxili məhsul göstəriciləri ilə deyil, həm də daxil olduqları şəbəkələr və strateji koordinasiya qabiliyyətləri ilə ölçülür. Bu çərçivədə Azərbaycanın son illərdəki xarici siyasət kursu geosiyasi realizmə əsaslanan daha aktiv mərhələyə qədəm qoyub. Bu transformasiyanın ən bariz təzahürü kimi meydana çıxan C6 formatı Avrasiyada yeni bir geosiyasi ağırlıq mərkəzinin formalaşdığından xəbər verir. Şübhəsiz ki, bu ölkələr arasında müasir şəraitdə bağlantı, nəqliyyat marşrutları və infrastruktur layihələri təkcə iqtisadi inkişaf vasitəsi deyil, eyni zamanda, siyasi dayanıqlıq və milli təhlükəsizliyin təməl elementidir.
Avrasiya məkanında kəskinləşən rəqabət, sanksiya rejimləri, regional münaqişələr, enerji və ərzaq təhlükəsizliyi ilə bağlı çağırışlar göstərir ki, alternativ marşrutlara və koordinasiyalı siyasi mövqeyə malik olmaq dövlətlərin strateji arxitekturasının ayrılmaz hissəsinə çevrilib. Bu çərçivədə Orta Dəhliz və onun müxtəlif qolları yalnız logistika xətti deyil, həm də geniş geosiyasi manevr imkanları yaradan strateji alətdir. Marşrutların şaxələndirilməsi siyasi asılılığın minimuma endirilməsi, xarici təzyiq rıçaqlarının zəiflədilməsi və seçim imkanlarının genişləndirilməsi deməkdir.
C6 formatı məhz bu strateji zərurətdən doğub. Bu platforma region ölkələrinə beynəlxalq proseslərə fərdi deyil, koordinasiyalı və sistemli yanaşmaq imkanı verir. Söhbət formal hərbi blokdan getməsə də, onun formatında ortaq təhlükəsizlik baxışı, siyasi məsləhətləşmə və strateji risklərin kollektiv qiymətləndirilməsi mexanizmi formalaşır. C6 dövlətləri qlobal güc mərkəzlərinin kəsişən maraqları arasında passiv manevr edən periferiya deyil, öz maraqlarını diktə edən vahid subyekt kimi çıxış etməyi hədəfləyirlər. Bu format regionun böyük güclərin rəqabət meydanına və ya proksimünaqişə zonasına çevrilməməsi üçün preventiv mexanizm rolunu oynayır. Ona görə də siyasi koordinasiya nə qədər dərinləşərsə, xarici müdaxilə imkanları bir o qədər məhdudlaşar. Çünki yüksək səviyyəli koordinasiya dövlət institutları arasında strateji uzlaşmanı, qərarvermə mexanizmlərinin çevikliyini və milli maraqlar ətrafında sarsılmaz konsensusun formalaşmasını təmin edir. Bu isə xarici aktorların daxili ziddiyyətlərdən və institusional boşluqlardan istifadə etmək cəhdlərini minimuma endirir.
Əslində, xarici müdaxilə riskləri adətən üç əsas zəiflik üzərində qurulur: siyasi parçalanma, institusional qeyri-sabitlik və informasiya boşluğu. C6 formatında siyasi koordinasiya isə bu üç mənfi elementi paralel şəkildə neytrallaşdırır. Çünki hakimiyyət qolları və əsas siyasi subyektlər arasında strateji məqsədlər üzrə ortaq mövqenin mövcudluğu daxili siyasi manipulyasiyaların qarşısını alır; qanunverici, icraedici və təhlükəsizlik strukturları arasında funksional sinxronluq qərarların operativ icrasını təmin edir. Həmçinin koordinasiyalı kommunikasiya siyasəti dezinformasiya və xarici təsir əməliyyatlarının effektivliyini kəskin azaldır. Beynəlxalq münasibətlər nəzəriyyəsi prizmasından yanaşdıqda isə güclü daxili koordinasiya dövlətin “rezilyentlik” səviyyəsini artırır. Rezilyentlik isə yalnız hərbi və iqtisadi potensialla deyil, həm də siyasi institutların legitimliyi və ictimai dəstəyin sabitliyi ilə ölçülür. Bu baxımdan koordinasiya milli təhlükəsizlik arxitekturasının ayrılmaz tərkib hissəsinə çevrilir. Beləliklə, xarici aktorlar üçün ən əlverişli müdaxilə mühiti daxili parçalanmanın mövcud olduğu situasiyadır. Strateji konsolidasiya şəraitində isə müdaxilənin səmərəliliyi azalır.
Azərbaycanın bu formatdakı rolu coğrafi “qapı” funksiyası ilə məhdudlaşmır. Həm də mühüm bir təcrübə mərkəzidir. Bakı illərdir NATO kimi beynəlxalq qurumlarla işləyərək topladığı hərbi və strateji bilikləri indi Mərkəzi Asiya ölkələri ilə bölüşür. Ölkəmizin müasir döyüş təcrübəsi, ordunu yeniləmə modeli və öz silahlarını istehsal etmək gücü C6 formatının təhlükəsizlik planlarını daha real və effektiv edir. Müasir dövrün hibrid müharibələrində təhlükə yalnız sərhədlərdə deyil, həm də rəqəmsal məkandadır. Enerji kəmərləri, qatarlar, limanlar və bank sistemləri həm fiziki, həm də kiberhücumlara məruz qala bilər. C6 ölkələrinin texnologiya sahəsində birləşməsi və məlumat paylaşması regionu həm kiberhücumlardan, həm də dezinformasiya kampaniyalarından qoruyan güclü bir sipər yaratmaqla onların təhlükəsizliyinə xidmət edir.
Mövzu ilə bağlı Qazaxıstanın Asiya Araşdırmalar İnstitutunun direktoru Sultan Akimbekov bildirib: “Geosiyasi ziddiyyətlərin getdikcə daha proqnozlaşdırılmaz xarakter aldığı şəraitdə ümumi maraqlara malik olmaq, onları müdafiə etməyi bacarmaq və ən əsası, mövcud geosiyasi sarsıntılar fonunda yaranan imkanlardan istifadə etmək vacibdir. Bu, o cümlədən Orta Dəhliz çərçivəsində həm ölkəmizin, həm də Mərkəzi Asiya və Cənubi Qafqazın digər dövlətlərinin təhlükəsizliyinə aid olan əsas məsələdir”.
Deməli, Azərbaycanın son illərdə apardığı xarici siyasət, sadəcə, balans saxlamağa deyil, öz coğrafiyasını aktiv gücə çevirməyə yönəlib. Bakı artıq Avrasiya məkanında yalnız tranzit ölkə deyil, həm də regional sabitliyi quran və təhlükəsizlik ideyaları ixrac edən strateji aktordur. Bakının Mərkəzi Asiya ölkələri ilə siyasi koordinasiyanın güclənməsi isə birlikdə həm daxili sabitliyi möhkəmləndirir, həm də beynəlxalq aləmdə müstəqil qərarlar vermək imkanlarını genişləndirir. Beləliklə, C6 platforması Avrasiyanın mərkəzində həm iqtisadiyyatı, həm də suverenliyi qoruyan yeni “geosiyasi qalxan” rolunu oynayır. Bu əməkdaşlıq epizodik deyil, davamlı və sistemlidir, müntəzəm siyasi dialoqa və bizneslərin davamlı və proqnozlaşdırıla bilən əməkdaşlıq kanallarına artan praktik marağına əsaslanır. Region ölkələrinin öz imkanlarını daha səmərəli şəkildə reallaşdırmasına, rəqabət qabiliyyətinin artırılmasına və birgə strateji mövqelərin formalaşdırılmasına xidmət edir. Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin aparıcı mütəxəssisi Roza Bayramlının qeyd etdiyi kimi, bu əməkdaşlıq epizodik deyil, davamlı və sistemlidir, müntəzəm siyasi dialoqa və biznesin davamlı və proqnozlaşdırıla bilən əməkdaşlıq kanallarına artan praktik marağına əsaslanır.
Ümumiyyətlə, Azərbaycan C6 formatında Avrasiya məkanında yalnız tranzit ölkə deyil, həm də regional sabitliyin formalaşmasında iştirak edən, yeni konfiqurasiyasının qurulmasına töhfə verən strateji aktordur. Qarşılıqlı siyasi koordinasiya milli təhlükəsizliyin passiv müdafiə vasitəsi deyil, aktiv strateji alətdir. O, daxili sabitliyi möhkəmləndirməklə yanaşı, beynəlxalq sistemdə dövlətin müstəqil qərarvermə imkanlarını genişləndirir və xarici müdaxilə üçün potensial platformaları daraldır. Bu mənada, C6 platforması yalnız idarəetmə mexanizmi deyil, suverenliyin institusional təminatı və Avrasiyanın mərkəzində sabitlik ixrac edən strateji qalxandır. Bu format çərçivəsində əldə olunan nailiyyətlər region ölkələrinin öz imkanlarını daha səmərəli şəkildə reallaşdırmasına, rəqabət qabiliyyətinin artırılmasına və birgə strateji mövqelərin formalaşdırılmasına xidmət edir.
Pünhan ƏFƏNDİYEV
XQ


