Əsrlər boyu baş verən müharibələr heç bir xalqa, ölkəyə xoşbəxtlik gətirməyib, fəsadları illərlə davam edib. İkinci Dünya müharibəsindən 80 ildən artıq vaxt keçsə də, partlamayan minalara rast gəlinir. Azərbaycan da dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. Ermənistan 30 il ərzində işğalda saxladığı əraziləri xarabalığa çevirməklə və infrastrukturu məhv etməklə yanaşı, şəhər, kənd və qəsəbələrə aparan yolları, tarixi abidələrin yerləşdiyi yerləri, qəbiristanlıqları, əkin sahələrini qarış-qarış minalayıblar. Qarabağ işğaldan azad olunduqdan sonra ilk iş bu ərazilərin minalardan təmizlənməsi olub. Hazırda da təmizləmə işləri uğurla davam etdirilir. Minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət tərəfindən həyata keçirilir.
İşlərin sürətli və daha da təhlükəsiz aparılması üçün “İmprotex” Şirkətlər Qrupu tərəfindən bir neçə il öncə “Made in Azerbaijan” brendi adı altında istehsal olunan “Revival P” mexaniki minatəmizləmə maşınları Minatəmizləmə Agentliyinə təhvil verilib. Beynəlxalq minatəmizləmə standartlarına əsasən mexaniki minatəmizləmə vasitələri piyada və tank əleyhinə mina xətlərinin aşkar edilməsi, ərazilərin təmizlənməsi üçün sahələrin hazırlanması, minaaxtaran itlərin dəstəyi ilə şübhəli-təhlükəli ərazilərin qısaldılması məqsədilə istifadə edilir. Minatəmizləmə metodologiyalarından biri olan mexaniki minatəmizləmə vasitələri əməliyyatların səmərəli və təhlükəsiz yerinə yetirilməsi baxımından ən başlıca vasitələrindən biridir. “Revival P” piyada əleyhinə mexaniki minatəmizləmə vasitələri 7 kiloqramlıq TNT partlayışlarına qarşı dayanıqlıdır. Müəyyən edilmiş standartlar əsasında mexaniki vasitələrin ön hissəsində yerləşdirilən toxmaqlar vasitəsilə torpağın döyəclənməsi çətin ərazi relyefində əməliyyatların aparılmasını təmin edir. Maşınların uzaqdan idarə olunması heyətin təhlükəsizliyinə zəmanət verir. “Revival P” minatəmizləmə vasitələri ”Böyük Qayıdış” proqramı çərçivəsində icra edilən bərpa-quruculuq, habelə keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz geridönüşü məqsədilə həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə böyük töhfədir.
Müharibədən zərər çəkmiş rayonlarda ANAMA tərəfindən mütəmadi olaraq mina və partlayıcı qurğuların təhlükəsinə dair maarifləndirmə tədbirləri icra edilir. Əhalinin bu kimi risklərdən qorunması, partlayıcı sursatların törədə biləcəyi fəsadlardan müdafiə olunması, eləcə də təhlükəsiz mühitinin yaradılması məsələlərinə Agentlik xüsusi önəm verir. Bu məqsədlə, kənd sakinləri, fərdi sahibkarlıq, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan sakinlər arasında bu istiqamətdə maarifləndirmə təbliğatı aparılır.
Bu il yanvarın 7-də Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən özəl şirkətlərdən birinin əməkdaşı 1985-ci il təvəllüdlü Məmmədov Rəşad Nəriman oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyadaəleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində zərərçəkən ayaq nahiyəsindən yüngül xəsarətlər alıb. Eləcə də yanvarın 11-də Ağdərə rayonunun Qızıloba kəndi ərazisində qeyri-hökumət təşkilatının əməkdaşı 1988-ci il təvəllüdlü Kərimov Elvin Həmiddin oğlu da xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb. Həmin şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya olunub.
Minatəmizləmə Agentliyi işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən 2025-ci ildə icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatında bildirilir ki, ötən il Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 4 min 963, tankəleyhinə 1861 mina və 52 min 392, 2021–2025-ci illər ərzində isə ümumilikdə 248 391,6 hektar ərazi mina və partladılmamış hərbi sursatlardan təmizlənib. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın tədbirlər planına əsasən, 2026-cı ilin sonunadək 280 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulub. Beləliklə, Dövlət Proqramının icra müddətinin başa çatmasına təxminən bir il qalmış, nəzərdə tutulan ümumi ərazinin 81,5 faizi artıq minalardan tam təmizlənib.
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov XQ-yə açıqlamasında bildirib ki, bütün hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində aparıldığı üçün bu gün Azərbaycan dünyada mina və PHS ilə ən çox çirklənmiş ölkələrdəndir. Bu, məcburi köçkünlərin öz ərazilərinə qayıtmasına böyük problem yaradır. Ermənistanın basdırdığı minalar təxminən 800 min məcburi köçkünün öz yerlərinə qayıtması və yaşaması baxımından böyük problemdir. Vətən müharibəsindən sonra məlum oldu ki, Azərbaycanın 12 faizdən artıq ərazisi minalarla çirkləndirilib. İşğaldan azad edilmiş 1 166 702 hektar ərazidə minaların olması güman edilir, bunun da 211 800 hektar yüksək və 954 902 hektar orta və aşağı çirklənmə səviyyəsindədir. “Minalar üzrə ekspertlərin Beynəlxalq Böhran Qrupuna verdikləri ilkin məlumatlara görə azad edilmiş ərazinin təxminən beşdə biri yüksək dərəcədə çirklənmiş və təxminən üçdə ikisi humanitar minatəmizləmə üçün prioritet sahə kimi təsnif edilir”.
H.Səfixanov qeyd etdi ki, təşkilatın apardığı tədqiqat zamanı keçmiş təmas xəttinin və onun ətrafında yerləşən bağların, meşələrin, üzüm bağlarının, dağıdılmış yaşayış məntəqələrinin, çay sahillərinin və qəbiristanlıqların minalarla ciddi şəkildə çirkləndiyi aşkar edilib. Minalara habelə kənd təsərrüfatına yararlı torpaqlarda və ətraflarında, otlaqlarda, yollarda, körpülərdə, məktəblərdə, su mənbələrində rast gəlinib. Bütün bunları nəzərə alaraq işğaldan azad olunmuş rayon ərazilərində xəbərdaredici maarifləndirici lövhələr quraşdırılmış, çoxlu sayda çap materialları (poster, broşür və s.) hazırlanaraq paylanılır. Maarifləndirmə işləri əsasən bu qruplarla aparılır: işğaldan azad edilmiş ərazilərə köç edənlər, azad edilmiş ərazilərdə fəaliyyət göstərən dövlət və özəl qurumun əməkdaşları, müharibənin təsirinə məruz qalmış digər əhali qrupu.
Bundan başqa, işğaldan azad edilmiş ərazilərə səfər edən insanlara nəzarət-buraxılış məntəqələrində maarifləndirici-məlumatlandırıcı tövsiyələr verilir. Azərbaycandakı mina probleminin miqyasını nəzərə alan sədr daha sonra bildirdi ki, bu problemin bir dəfəlik həll olunması üçün uzun müddət lazımdır, bu səbəbdən biz yalnız maarifləndirmə yolu ilə əhalinin mina qurbanı olmasından qurtara bilərik, burada əsas cəhətlərdən bəlkə də ən əsası isə əhalinin maarifləndirmə proqramlarında verilmiş təlimatlara ciddi əməl etməsi olmalıdır. Aparılan mina təmizləmə əməliyyatları, maarifləndirmə proqramları və digər tədbirlər nəticəsində 2021-ci illə müqayisədə zərərçəkmişlərin sayında 73 faiz, mina hadisələrin sayında isə 69 faiz azalma qeydə alınmışdır.
Hazırda əzəli torpaqlarımızın sürətlə minalardan təmizlənməsi bu ərazilərdə yeni həyatın tezliklə tam bərqərar olunacağından xəbər verir.
Müşfiq MİRZƏ
XQ


