Bakı–Bratislava tərəfdaşlığında dönüş nöqtəsi

post-img

Slovakiya Azərbaycan üçün yalnız dost ölkə deyil, həmçinin strateji tərəfdaşdır. Ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə münasibətləri yeni səviyyəyə yüksəldib və bir çox sahələrdə əməkdaşlığın inkişafına, möhkəmlənməsinə yeni məzmun qazandırıb. Bu isə Azərbaycanın öz xarici siyasət kursunu düzgün qurmasının bariz göstəricisidir. Bunun məntiqi davamı olaraq ölkəmiz Şərq ilə Qərb arasında körpü rolunu oynayır. 

Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Slovakiyaya işgüzar səfəri də iki ölkə arasında strateji əməkdaşlığın daha da genişlənməsi baxımından mühüm töhfə oldu.

Azərbaycan liderinin Slovakiyaya rəsmi səfəri iki ölkə arasında siyasi etimadın möhkəmləndiyini ortaya qoydu. Tərəflərin danışıqları göstərdi ki, Bratislava və Bakı münasibətləri formal çərçivədən çıxararaq real əməkdaşlıq məzmunu ilə doldurmaq niyyətindədir. Son illər imzalanmış sənədlər və genişlənən iqtisadi gündəlik bu xəttin davamlı olduğunu təsdiqləyir.

Bununla yanaşı enerji sahəsi əməkdaşlığın əsas sütunlarından biridir. Azərbaycanın qaz ixracındakı artan rolu və Avropaya yönəlmiş təchizat marşrutları Slovakiyanın enerji təhlükəsizliyi üçün yeni alternativlər açır. Bundan başqa müdafiə sənayesi, nəqliyyat dəhlizləri və rəqəmsal texnologiyalar üzrə aparılan müzakirələr tərəflərin əməkdaşlığı təkcə ənənəvi sahələrlə məhdudlaşdırmadığını göstərir. Azərbaycanın Şərq-Qərb nəqliyyat xəttində vacib mövqeyi, eləcə də ölkənin enerji potensialı fonunda data mərkəzləri və yeni texnoloji layihələr üzrə əməkdaşlıq xüsusi perspektiv vəd edir. Slovakiya rəsmilərinin regionda Azərbaycanla həmrəylik nümayiş etdirməsi isə siyasi münasibətlərdə qarşılıqlı hörmətin gücləndiyini göstərən amildir.

Deputat yekunda bildirib ki, Prezident İlham Əliyevin Slovakiyaya səfəri iki ölkənin əməkdaşlıq iradəsinin təsdiqi kimi yadda qaldı və gələcək birgə addımlar üçün aydın yol xəritəsi formalaşdırdı. Şübhəsiz ki, uğurlu xarici siyasət xəttimizin ardıcıl və prinsipial şəkildə həyata keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı Azərbaycanın regional və qlobal müstəvidə mövqelərini daha da möhkəmləndirir və tərəfdaşlığın yeni mərhələsinə şərait yaradır. Prezidentin Slovakiyaya səfəri bir daha bu siyasi xəttin səmərəli nəticələr verdiyini nümayiş etdirdi.

Siyasət