Bu həssas mövzu Bakıda qlobal müzakirəyə çevrildi
Dünən Bakıda – Gülüstan sarayında Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda növbəti beynəlxalq konfrans keçirilib.
Dünyanın müxtəlif ölkələrində və ölkəmizdə müvafiq sahədə fəaliyyət göstərən təsisatların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri general-polkovnik Əli Nağıyev Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub, sonra isə açılış nitqi söyləyib.
Xidmət rəisi itkin düşmüş şəxslərlə bağlı artıq üçüncü ildir təşkil olunan beynəlxalq tədbirin məqsəd və əhəmiyyəti barədə məlumat verərək Prezident İlham Əliyevə hər il olduğu kimi konfransın keçirilməsində göstərdiyi dəstəyə və bu həssas mövzuya verdiyi önəmə görə təşəkkürünü bildirdi. İtkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşdırılması məsələsində dövlətimizin başçısının qətiyyətli və prinsipial mövqeyini qeyd etdi.
Əli Nağıyev bildirdi ki, Dövlət Komissiyasında 3990 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb: “Onlardan 3984 nəfəri XX əsrin 90-cı illərində, yəni I Qarabağ müharibəsində, 6 nəfəri isə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində itkin düşmüşlər. 3990 nəfərdən 3211 nəfəri hərbçi, 779 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 284 nəfəri qadın, 316 nəfəri qocalardır. Dövlət Komissiyası ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vaxtilə Azərbaycan Respublikasında fəaliyyət göstərmiş nümayəndəliyi arasında 2008-ci ildə imzalanmış “İtkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” çərçivə Sazişinə uyğun olaraq, 2014-cü ildən etibarən itkin düşmüş Azərbaycan vətəndaşlarının yaxın qohumlarından bioloji nümunələrin toplanılmasına başlanılmışdır. Hazırda 3800-dən çox itkin şəxslə bağlı 11 mindən artıq donordan bioloji nümunələr toplanılıb sistemləşdirilmişdir. Mütəxəssislər itkin düşmüş şəxslərin böyük əksəriyyətinə aid bioloji nümunələrin toplanılmasını müsbət qiymətləndirir. Vurğulamalıyam ki, itkin düşmüş vətəndaşlarımıza aid məzar yerlərinin müəyyən olunması, zəruri qazıntı və ekshumasiya işlərinin aparılması Dövlət Komissiyasının qarşısında duran ən ümdə vəzifələrdəndir. Bu fonda 2020-ci ilin noyabr ayında başa çatmış II Qarabağ müharibəsindən sonra, daha dəqiq desək, 2021-ci ilin fevral ayından etibarən intensiv şəkildə itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən məzar yerlərinin axtarışı, qazıntı, ekshumasiya və aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesinə başlanılıb. 2025-ci il oktyabrın 1-nə olan məlumata əsasən, 800-ə yaxın itkin düşmüş şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq işğaldan azad edilmiş ərazilərdən götürülüb. Bu kontekstdə həmin ərazilərdə aparılmış qazıntılar zamanı aşkarlanmış 29 kütləvi məzarlıqdan 218 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən olunaraq istintaq orqanları nümayəndələrinin iştirakı ilə ekshumasiya edilib”.
Dövlət Komissiyasının sədri diqqətə çatdırdı ki, sözügedən ərazilərdə aparılmış genişmiqyaslı tikinti-quruculuq işləri və həyata keçirilmiş digər təxirəsalınmaz tədbirlər nəticəsində 342 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkar olunaraq ekshumasiya edilib. Bundan başqa, I Qarabağ müharibəsində həlak olmuş və respublikanın 20 şəhər və rayonunun ərazisində yerləşən 31 qəbiristanlıqda tanınmadan dəfn edilmiş naməlum şəhid məzarlarından 210 nəfərə aid meyit qalığı ekshumasiya edilib.
Əli Nağıyev bildirdi ki, Prezident İlham Əliyevin müvafiq tapşırığı və ayrılmış vəsait hesabına 2022-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb Baş idarəsində Genetik araşdırmalar mərkəzinin yaradılması ölkə rəhbərinin bu sahəyə böyük önəm verdiyini bir daha təsdiqləyir. Qısa müddətdə adıçəkilən mərkəz müasir avadanlıqlarla təmin edilib və bacarıqlı kadr potensialı işə cəlb olunub: “Sadalananlar fonunda aşkarlanmış meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, I Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 187 nəfərin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanmış, ailələrinə təhvil verilmiş, qanunvericiliyin tələblərinə və milli-dini ənənələrə uyğun dəfn edilmişlər”.
Natiq qeyd etdi ki, qazıntılarda aşkarlanmış meyit qalıqları ilə bağlı aparılmış ilkin təqdiqatlar və antropoloji müayinələr bu şəxslərin I Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlılara aid olduğunu sübut edib. Hazırda aşkar edilmiş digər meyit qalıqlarının eyniləşdirilməsi istiqamətində Dövlət Komissiyası tərəfindən zəruri işlər davam etdirilir.
Əli Nağıyev onu da bildirdi ki, işğaldan azad edilmiş ərazilərdə itkin düşmüş şəxslərə aid meyit qalıqlarının axtarışı, qazıntı və ekshumasiya sahəsində Dövlət Komissiyası tərəfindən qısa müddətdə müəyyən işlər həyata keçirilsə də, işğal dövründə ərazilərin mina və partlamamış sursatlarla həddindən artıq çirkləndirilməsi, infrastrukturun, yaşayış məntəqələrinin, qəbiristanlıqların, o cümlədən itkinlərə aid məzar yerlərinin dağıdılması prosesə ciddi əngəl yaradır: “Qeyd etdiyim səbəblərə görə hətta məzar yerləri barədə Dövlət Komissiyasına məlumat verən hadisə şahidləri belə, ərazilərə aparılarkən onlara məlum olan dəfn yerlərini dəqiq göstərə bilmirlər. Bütün çətinliklərə baxmayaraq, 2025-ci ildə Dövlət Komissiyası aidiyyəti dövlət qurumlarının mütəxəssis heyəti ilə birlikdə üç dəfə ən çətin relyefə və kəskin hava şəraitinə malik Kəlbəcər rayonundakı Murovdağ silsiləsində axtarış və qazıntı işlərini həyata keçirib. Əvvəlki illərdə Kəlbəcər istiqamətində axtarış-qazıntı işləri aparılsa da, bu il artıq bu proses sistemli şəkildə, dron texnologiyası tətbiq edilməklə həyata keçirilib və müsbət nəticə əldə edilib. Həmçinin diqqətinizə çatdırıram ki, hazırda mütəxəssislərdən ibarət heyət Ağdərə rayonunda axtarış qazıntı işlərini davam etdirir. Mənə verilmiş məlumata əsasən, keçmiş döyüş mövqeyi olmuş yüksəklikdə növbəti kütləvi məzarlıq aşkarlanıb. İlkin məlumata əsasən, kütləvi məzarlıqda 10-dan çox Azərbaycan hərbçisinə aid meyit qalıqları müəyyən edilib. Tədbirin proqramına əsasən, sabah (bu gün – red.) konfrans iştirakçılarının həmin əraziyə səfəri reallaşdırılacaq”.
İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) Baş direktoru Katrin Bomberger bildirdi ki, son 10 ildə dünyada itkin düşənlərin sayı xeyli artıb. Onun sözlərinə görə, hazırda dünyada silahlı münaqişələrin sayı ən yüksək həddə çatıb. Bunun nəticəsində itkin düşənlərin sayı da artmaqdadır.
Baş direktor əlavə etdi ki, itkin düşmə hallarının digər səbəbi də qlobal istiləşmədir: “Meşə yanğınları, qasırğalar, daşqınlar dünyada itkinlərin sayını artırır. Bununla bağlı digər mühüm məsələ miqrantların itkin düşməsidir. Hazırda dünyada təxminən 1 milyard insan köç halındadır və onların bir çoxu itkin düşür.
Katrin Bomberger, həmçinin bildirdi ki, əməkdaşlıq həqiqətən də itkin düşmüş şəxslərin taleyinin araşdırılmasında çox vacibdir: “Konfransın açar sözlərindən biri də əməkdaşlıqdır. Ailələrin bu məsələlərlə bağlı yüzlərlə sualı var. Onlarla işləmək çox önəmlidir. Qurumlararası əməkdaşlıq da xüsusi əhəmiyyət kəsb edir”.
Türkiyənin ədliyyə nazirinin müavini Hurşit Yıldırım Azərbaycan və Türkiyənin bütün sahələrdə birgə hərəkət etdiklərini dedi: “İtkin düşmüş şəxslərlə bağlı bu beynəlxalq tədbirin bütün iştirakçı ölkələr üçün vacib əhəmiyyət daşıdığını düşünürəm. Məcburi itkin düşmənin nəticəsi bəzi hallarda ölüm olmasa da, bu hadisənin həmin şəxslər, onların yaxınları üzərində mənfi təsirləri, psixoloji travmaları qaçılmazdır. İtkin düşmüş şəxslər problemi sadəcə keçmişin yox, həm də bu günün problemidir”. H.Yıldırımın fikrincə, həmin şəxslərin yerini və şəxsiyyətini müəyyənləşdirmək üçün texnoloji yeniliklərdən faydalanmaq vacibdir.
Böyük Britaniya parlamentinin sabiq deputatı və ölkənin Xarici İşlər Ofisində sabiq nazir Rəhman Çişti Azərbaycan və Ermənistan liderləri Vaşinqtonda əldə etdikləri tarixi nailiyyət itkin düşmüş azərbaycanlıların taleyini müəyyənləşdirmək yönündə mühüm irəliləyişdir. Bu, həm də xalqların yaxınlaşması baxımından önəmlidir: “Mən Pakistanda doğulmuşam. 2005-ci ildə baş verən Kəşmir zəlzələsində 26 qohumumu itirmişəm. O zaman dünya ölkələrindən insanlar bizə köməyə tələsdilər. Türkiyə çətin vəziyyətdə qalan insanlara, mənim ailə üzvlərimə çox böyük köməklik göstərdi. Mən bu konfransdakı Türkiyə təmsilçilərinə həmin köməyə görə bir daha təşəkkürümü bildirirəm. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə itkin düşmüş şəxslərin talelərinin müəyyənləşdirilməsi ilə bağlı beynəlxalq platformalarda göstərdiyi səylərə görə minnətdarlığımı bildirirəm”.
Beynəlxalq konfransda İtaliyanın Sanremo şəhərindəki Beynəlxalq Humanitar Hüquq İnstitutunun prezidenti Giorgio Battistinin, Gürcüstanın Barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri, İtkin düşmüş şəxslərin qalıqlarının tapılması və ötürülməsi üzrə Qurumlararası Komissiyanın rəhbəri Tea Axvledianinin, Xorvatiyanın sabiq prezidenti Stepan Mesiçin, Moldovanın sabiq baş naziri Kiril Qaburiçinin, Uqandanın Gender, əmək və sosial inkişaf üzrə dövlət naziri Ester Anyakun Davinianın, Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Komissarı (Ombudsman) Dmitro Lubinetsin, Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Zəfər Tarıkdaroğlunun və digər şəxslərin maraqlı çıxışları dinlənildi.
Daha sonra Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə Bosniya və Herseqovinanın İtkin düşmüş şəxslər İnstitutu arasında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirildi. Beynəlxalq konfrans öz işini panel sessiyalarla davam etdirdi.
Bu gün və sabah iştirakçıların Ağdərə, Şuşa, Cəbrayıl və Zəngilan rayonlarına səfərləri gerçəkləşdiriləcək.
Səxavət HƏMİD
XQ