Kremlin təşəbbüsü ilə keçirilən görüşdə narahatlıq doğuran məsələlərə aydınlıq gətirildi
Dünən Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü qarşılıqlı anlaşma, konstruktiv və işgüzar atmosferdə keçdi.
Söhbət zamanı AZAL-ın təyyarəsi ilə bağlı baş vermiş faciədən ötən 10 ay ərzində Azərbaycan rəhbərliyini və ictimaiyyətini narahat edən, bəzi qaranlıq məqamları ilə haqlı narazılığa səbəb olan mövzuya diqqət yetirildi. Axır ki, Azərbaycan vətəndaşları, məlum qəzada həlak olan soydaşlarımızın ailələri gündəmdə olan sualların cavabını birbaşa Rusiya Prezidenti Vladimir Putinin dilindən eşitdilər.
Rusiya liderinin qısa məlumatında qəza ilə bağlı hadisədən az sonra üzr istənildiyi xatırlandı, rəsmi Moskvanın baş vermiş faciəyə görə məsuliyyətdən boyun qaçırmaması açıq ifadəsini tapdı: “Görüşümüzə daha həssas mövzu - bizim hava məkanında baş verən aviasiya faciəsi ilə başlamaq istərdim. Artıq həmin vaxt bizim aramızda birinci telefon danışığı əsnasında mən faciənin məhz Rusiya səmasında baş verdiyinə görə üzr istədim, həm də həlak olanların ailələrinə ən səmimi başsağlığı verdim. İstərdim ki, bütün bunları təkrar edim, yenidən söyləyim və qeyd edim, biz sözsüz ki, razılaşdığımız kimi, istintaqa hər cür kömək göstəririk”.
Bu yüksəksəviyyəli izahat son bir ildə ikitərəfli münasibətləri müşayiət edən soyuqluğa son qoyulması üçün göstərilən təşəbbüslərin nəticəsi kimi qarşılandı. Rusiya liderinin belə müsbət çalarlarla zəngin açıqlaması Moskva–Bakı dialoqunun inamla davam etdirilməsinə, əlaqələrin əvvəlki məcraya qaytarılmasına meydan açır.
Rusiya liderinin Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdə söylədiklərinin siyasi tutumuna və diplomatik məna yükünə diqqət yetirsək, anlaşmanın hansı ruhda davam edəcəyini də başa düşmək olar: “Amma bizim borcumuz, bir daha təkrar edirəm, biz Sizinlə əvvəldən baş verənlərə obyektiv qiymət vermək və əsl səbəbləri üzə çıxarmaq barədə razılaşmışdıq. Ancaq bu, müəyyən vaxt tələb edir. Qəti nöqtəni qoymaq üçün yəqin ki, hələ bir az vaxt tələb olunacaq”.
Məlum təyyarə qəzasından sonra liderlərin ilk dəfə keçirilən üzbəüz görüşü təkcə iki ölkənin deyil, dünya mediasının da diqqət mərkəzində idi. Əsas gözləntilər isə məlum təyyarə qəzası ilə bağlı iki ölkə arasında yaşananlara Rusiya liderinin necə şərh verəcəyi idi. Prezident Vladimir Putin təyyarə qəzasına ölkəsinin münasibətini belə açıqladı: “Birincisi ondan ibarətdir ki, səmada Ukraynanın pilotsuz uçuş aparatı vardı. Biz faciə günü gecə Rusiya Federasiyasının sərhədini keçən üç belə pilotsuz aparatı eyni vaxtda izləyirdik. İkinci səbəb Rusiyanın hava müdafiə sisteminin özündə texniki nasazlığın olmasından ibarətdir”.
Rusiya rəhbərinin sözlərinə görə, buraxılan iki raket birbaşa təyyarəyə dəyməyib: “... Əgər bu baş versəydi, təyyarə yerindəcə məhv olardı, - raketlər partlayıb, ola bilər ki, bu, bir neçə metr məsafədə, təqribən 10 metrlik məsafədə özünü məhv etmək olub. Ona görə də təyyarə zədələnib”.
Moskvanın AZAL təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılmasına hər cür kömək göstərdiyini qeyd edən Rusiya Prezidenti, əvvəlcədən razılaşdırıldığı kimi, istintaqla əməkdaşlıq etdiklərini, onun yekunlaşmaq üzrə olduğunu da azərbaycanlı həmkarının nəzərinə çatdırdı.
Rusiya liderinin məlum insidentlə bağlı açıq və konkret mövqeyinin nümayişi sayılacaq bu açıqlama davam edən qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət etdiyini, məsələnin həlledilmə mərhələsində olduğunu göstərir.
Düşənbə görüşündə diqqətçəkən əsas məqamlardan biri də Vladimir Putinin Moskva ilə Bakı arasında münasibətlərin müttəfiqlik ruhunda davam edəcəyinə ümidvar olduğunu bildirməsi oldu: “Sizin bu mövzuya diqqətiniz sayəsində bizim humanitar əlaqələrimiz həmişə yüksək səviyyədə olub”.
Rusiya Prezidenti Moskvanın da, öz növbəsində, bu dinamikanı saxlamaq üçün əlindən gələni əsirgəməyəcəyini vurğuladı: “Ümidvaram ki, bu əməkdaşlıq, sadəcə, bərpa olunmayacaq, həm də bizim münasibətlərimizin, müttəfiqliyimizin ruhunda davam edəcək. Biz bunu heç vaxt unutmuruq, o qədər də uzaq olmayan keçmişdə imzalanan müqaviləni xatırlayırıq və öz tərəfimizdən hər şeyi edəcəyik ki, onun bütün əsas müddəaları həyata keçirilsin”.
Öz növbəsində, Azərbaycan Prezidenti İlham Əliyev AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyəti nəzarətdə saxladığına, istintaqın gedişinə şəxsən nəzarət ediyinə görə Rusiya Prezidenti Vladimir Putinə minnətdarlığımı bildirdi: “Siz şəxsən istintaqın gedişinə nəzarət edirsiniz və bizim heç bir şübhəmiz olmayıb ki, o, bütün məsələləri obyektiv araşdıracaq. Ona görə də bizim görüşümüzdə məhz bu məsələyə aydınlıq gətirməyi zəruri hesab etdiyiniz üçün Sizə bir daha minnətdarlığımı ifadə etmək istərdim”.
***
Sonda bir məsələni də qeyd etməyi vacib sayırıq. Bu, Azərbaycan cəmiyyətinə, xalqına, onun liderinə qarşı Rusiyada bu gün də kəsilməyən anti-Azərbaycan ritorikasının, ideoloji kampaniyanın və ermənipərəst qüvvələrin məqsədyönlü fəaliyyətinin ictimai rəydə, düşüncələrdə buraxdığı ciddi narahatlıqdır. Güman edirik ki, Vladimir Putinin Düşənbədən, faktiki olaraq, həm də dünyaya verdiyi açıqlamalar bu məsələyə də müəyyən aydınlıq gətirməklə bədxah kampaniyanın sona çatmasına verilən mesaj oldu.
Azərbaycanla Rusiya arasında münasibətləri pozmağa, ona xələl gətirməyə can-dildən çalışan qüvvələr – simonyanlar, solovyovlar, zatulinlər və bu qəbildən olan digərlərinin məkrli niyyətləri gözlərində qaldı. Başqa cür ola da bilməzdi. Çünki Rusiya rəhbərliyinin siyasi iradəsi, ikitərəfli münasibətlərin qonşuluq, qarşılıqlı anlaşma və strateji tərəfdaşlıq ruhuna söykənən praqmatik yanaşması sayəsində sağlam məntiq qalib gəldi.
Əlbəttə, dünən Düşənbədə liderlərin görüşündə eşitdiklərimiz və gördüklərimiz hər iki tərəfin gözləntisi idi. Dövlət başçılarının nümayiş etdirdikləri siyasi iradə və qətiyyət, cəmiyyətlərə ünvanladıqları açıq-dolayı diplomatik mesajlar sülh və əmin-amanlıq şəraitində əməkdaşlığın daha sürətlə davam etdiriləcəyindən xəbər verir.
Düşənbə görüşündən bir gün əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov maraqlı açqlama vermişdi: “Görüşün baş tutması faktının özü iki liderin bütün aktual məsələləri müzakirə etmək niyyətindən xəbər verir”.
Peskov haqlı imiş. Onun nikbin proqnozu xalqımızın “niyyətin hara, mənzilin də ora” kəlamının müdrikliyini bir daha təsdiqlədi. Bəli, niyyətimiz milli marağımızın qorunması, mənzilimiz tələbimizin qəbul edilməsi idi. Görüş isə göstərdi ki, niyyət saf, münasibətlər səmimi olanda anlaşma ilə başa çatır.
İmran BƏDİRXANLI
XQ