ABŞ Avropanı Hindistanın üstünə qaldırır

post-img

ABŞ administrasiyası Avropa ölkələrinə müraciət edərək Hindistana qarşı daha sərt addımlar atmağa çağırıb. Axios və digər nüfuzlu mənbələrin məlu­matına görə, Vaşinqton Avropadan Hindistana neft və qaz tədarükünü tam dayandırmağı, həmçinin əlavə gömrük rüsumları tətbiq etməyi tələb edir. Ağ Ev hesab edir ki, Avropa Hindistan məsələsində kifayət qədər prinsipial mövqe nümayiş etdirmir və bu, ABŞ-ın səylərinin zəifləməsinə gətirib çıxarır. Vaşinqtondakı yüksək vəzifəli məmurlardan biri vəziyyəti belə izah edib ki, avropalılar açıq şəkildə müharibənin sona çatmasını dəstəkləsələr də, əslində, ABŞ-ın iqtisadi və siyasi yükü təkbaşına daşımasına imkan verən siyasət yü­rüdürlər.

ABŞ artıq bu istiqamətdə öz addımını atıb. Avqustun 27-dən Hindistandan idxal olunan məhsullara əlavə 25 faizlik göm­rük rüsumu tətbiq edilib və ümumi rüsum dərəcəsi 50 faizə yüksəlib. Bu qərar Hin­distanın Rusiya neft bazarında aktiv işti­rakına cavab kimi izah olunur. Ekspertlərə görə, rüsumların Hindistana iqtisadi təsir göstərməklə yanaşı, həm də Avropaya açıq mesajdır: Vaşinqton kompromis axtarmır və sərt mövqeyini müttəfiqlərindən də tələb edir.

Avropa İttifaqı isə hələlik bu çağırış­lara qoşulmaqda tərəddüd edir. Analitiklər bunun üç əsas səbəbini göstərirlər. Birinci­si, Avropa ilə Hindistan arasında son illər güclənən strateji əməkdaşlığın itirilməsi riski mövcuddur. İkincisi, Avropanın enerji bazarında vəziyyət hələ də həssas olaraq qalır və əlavə məhdudiyyətlər ciddi fə­sadlar törədə bilər. Üçüncüsü, Hindistanın sanksiyalar səbəbindən daha çox Rusiya və Çinlə yaxınlaşması Avropanın geosiyasi maraqlarına ziddir.

Bununla yanaşı, Avropa daxilində də yekdil mövqe yoxdur. Şərqi Avropa ölkələri ABŞ-ın xəttinə daha yaxın dayan­mağa meyillidirlər, çünki onlar Rusiyaya qarşı sərt sanksiyaları prioritet sayırlar. Al­maniya və Fransa kimi aparıcı ölkələr isə daha balanslı yanaşmanı üstün tutur, çünki Hindistanla əməkdaşlığı itirmək istəmirlər. Nəticədə Avropa İttifaqı daxilində ortaq qərara gəlmək çətinləşir. Müşahidəçilərin fikrincə, ABŞ-Avropa münasibətlərində bu məsələ yeni gərginlik ocağına çevrilə bilər. Əgər Brüssel Vaşinqtonun təzyiqlərinə tam qoşulsa, bu, Hindistanla əlaqələrin ciddi şəkildə soyumasına gətirəcək. Əks halda, ABŞ Avropanı qeyri-müttəfiq davranışda ittiham edə bilər. Hər iki halda transatlan­tik münasibətlərdə soyuqluq yaranması ehtimalı artır.

Hazırkı vəziyyət göstərir ki, Hindistan məsələsi təkcə iqtisadi deyil, həm də siya­si ölçülərə malikdir. ABŞ Avropadan tam həmrəylik gözləyir, Avropa isə öz maraqla­rı ilə müttəfiqlik öhdəlikləri arasında çətin seçim qarşısındadır. Yaxın aylarda verilə­cək qərarlar həm Qərbin daxili birliyini, həm də onun qlobal güc kimi mövqeyini müəyyənləşdirəcək.

Mümkün ssenarilər isə bir neçə is­tiqamətdə inkişaf edə bilər. Birinci sse­nariyə görə, Avropa ABŞ-ın xəttinə tam qoşulur və Hindistana qarşı sərt sanksi­yalar tətbiq edir. Bu halda Qərbin birliyi nümayiş etdirilsə də, Avropa ilə Hindistan arasındakı strateji münasibətlər ciddi zərbə ala bilər. İkinci ssenari Avropanın balans­laşdırılmış mövqeyi qoruyaraq yalnız qis­mən məhdudiyyətlərə razılaşmasıdır. Bu, Vaşinqtonla Brüssel arasında kompromis kimi görünə bilər, lakin ABŞ-ın gözlən­tilərini tam qarşılamaz. Üçüncü ssenari isə Avropanın ABŞ-ın təzyiqlərinə açıq şəkil­də qarşı çıxmasıdır ki, bu da transatlantik münasibətlərin zəifləməsinə, Avropanın daha müstəqil siyasət yürütməsinə gətirib çıxara bilər.

Səbuhi MƏMMƏDOV
XQ

Siyasət