Sentyabrın 23-25-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə növbəti Nəsimi – şeir, mənəviyyat və incəsənət festivalı keçiriləcək.
Festival sentyabrın 23-də və 25-də Bakının bir sıra mədəniyyət ocaqlarını, o cümlədən Heydər Əliyev Mərkəzini, İçərişəhəri, Atəşgah məbədini əhatə edəcək. Festival günlərində müxtəlif ölkələrdən alimlərin iştirakı ilə beynəlxalq konfrans, Nəsimi yaradıcılığına dair elmi sessiyalar, müzakirələr, sərgilərin təşkili, tamaşaların nümayişi, ədəbi-bədii gecənin, musiqi təqdimatlarının keçirilməsi nəzərdə tutulub.
Sentyabrın 24-də isə festival Şamaxıda davam edəcək. İlk dəfə Nəsimi Bağları Kompleksində keçiriləcək festival bu ərazinin müxtəlif məkanlarında təşkil olunacaq.
2018-ci ildən ənənəvi təşkil olunan Nəsimi Festivalı mədəniyyətlər və nəsillər arasında yaradıcı dialoqu təşviq etməyi hədəfləyir. Həmçinin müasir incəsənət nümayəndələrinin Nəsiminin dərin irsi ilə əlaqə qurması, ənənəvi və müasir bədii təcrübələr arasında körpü yaratması üçün bir platforma rolunu oynayır.
XQ