“Bulanıq suda balıq tutmaq” sevdasına düşənlər hələ də susmurlar
Rəsmi Bakı hər zaman bu məsələyə həssaslıqla və diqqətlə yanaşıb. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarında vurğulandığı kimi: “Biz Azərbaycan ilə İran arasında dövlətlərarası əlaqələrin hərtərəfli inkişafına xüsusi önəm veririk. Ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın ortaq tarixi, dini və mədəni dəyərlərinə əsaslanaraq möhkəmlənir”.
Azərbaycanı özünə yad ölkə saymayan, burada özünü qərib hesab etməyən İran Prezidenti Məsud Pezeşkian da eyni düşüncədədir: “Biz keçmişdə ortaq tarixi bölüşmüşük, ancaq bu gün aramızda sərhəd var. İki ölkənin xalqı kimi bir-birimizin qəmimizə, sevincimizə şərik olmuşuq. Biz keçmişdə çox yaxın qardaş olmuşuq. Bundan sonra da belə olacaq”. Bu fikirlər rəsmi Tehranın ölkəmizlə münasibətlərin inkişafında maraqlı olduğunu göstərir.
Azərbaycan–İran münasibətlərinin formalaşma dinamikası hamar olmasa da, yaxın qonşuluq, eyni coğrafiyanı bölüşmək və xalqlar arasındakı tarixi-dini bağlar iki ölkə arasında davamlı münasibətləri zəruri edib. Məhz, bunun nəticəsidir ki, Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi daim artan xətt üzrə inkişaf edir. Amma bu müsbət dinamikanı gözü götürməyən qüvvələr də var. Həmin qüvvələrin İranda hakimiyyətin müəyyən qollarında təmsil olunduqları sirr deyil. Onlar bəzən Azərbaycanı ağlasığmaz günahlarda ittiham etməyə qədər irəli gedirlər.
Belə iddialardan birinə İran Prezidenti Məsud Pezeşkian son qoyub. O, İsrailin, guya Azərbaycan ərazisindən istifadə edərək İrana hücumlar həyata keçirməsi ilə bağlı səsləndirilən iddiaları təkzib edib. Bu barədə o, amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibəsində danışıb: “Təhlükəsizlik orqanlarımız qonşu ölkələrlə İsrail rejimi arasında hərbi əməkdaşlıqla bağlı heç bir fakt qeydə almayıb. Bu söz-söhbətlərin əsası yoxdur”. Pezeşkian əlavə edib ki, əksinə, bəzi region ölkələri rəsmi şəkildə İrana dəstək göstərib və ərazilərinin Tehrana qarşı istifadə edilməsinə yol verməyəcəklərini bəyan ediblər.
Bundan əvvəl İran və Ermənistan mətbuatı İsrailin, guya, Azərbaycan ərazisindən pilotsuz uçuş aparatları və raketlər vasitəsilə İrana zərbələr endirdiyi barədə xəbərləri tirajlamışdı. Amma bu feyk-xəbərlər və iddialar İranın birinci şəxsi tərəfindən təkzib olundu. Yəni ilk baxışda bu açıqlaması ilə Məsud Pezeşkian Azərbaycanla bağlı təkcə daxildəki mühafizəkarların deyil, həm də ermənilərin həvəslə qoşulduğu diplomatik etikadan kənar və əsassız iftiralarına son qoydu. Amma ondan sonra qarayaxma kampaniyasının dayanacağını gözləmək sadəlövhlük olardı.
Görünən odur ki, bəzi rəsmilər, məlum dairələrə yaxın media qurumları və bəzi “ekspertlər” öz çirkin əməllərindən əl çəkmək fikrində deyillər. Bunun bariz nümunəsini İran parlamentinin milli təhlükəsizlik üzrə Komissiyasının sədri İbrahim Əzizinin iki gün əvvəlki açıqlamasında gördük. “Azərbaycan ərazisindən həqiqətən də İrana hücumlar üçün istifadə edildiyini” bildirən Əzizinin sözlərinə görə, sərhədçilər qəti şəkildə bəyan ediblər ki, İsrail Azərbaycan sərhədindən istifadə edərək İrana pilotsuz təyyarələr sızdırıb. Bundan daha irəli gedən İran parlamentinin rəsmisi Xarici İşlər Nazirliyinin “bu məsələni Azərbaycan Prezidenti qarşısında qaldırdığını, onun isə sənəd-sübut tələb etdidiyini bildirib.
***
Dövlətimizin başçısı Azərbaycan–İran əlaqələrinə xələl gətirmək istəyənlər barədə bir neçə dəfə danışıb. Misal üçün cari il iyunun 27-də İranın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunun etimadnaməsini qəbul edərkən Prezident İlham Əliyev vurğuladı ki, Məsud Pezeşkianın ölkəmizə səfəri zamanı səsləndirdiyi bəyanatlar və fikirlər Azərbaycan ictimaiyyəti tərəfindən çox müsbət qəbul olunub. Dövlət başçısı İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar Azərbaycanın öz mövqeyini ifadə edən ilk ölkələrdən biri olduğunu deyərək, bu gərginliyi qınadığını vurğulayıb və qarşıdurma zamanı həlak olan İran vətəndaşları ilə bağlı bir daha başsağlığını ifadə edib. İranla İsrail arasında bu gərginliklə əlaqədar bəzi dairələrin və media təmsilçilərinin Azərbaycan və İran arasında münasibətlərə xələl gətirmək üçün şayiələr və yalanlara əsaslanan məlumatlar yaydığını deyən Prezident İlham Əliyev bütün bunların tamamilə cəfəngiyyat olduğunu bildirib. Yeni səfir Müctəba Dəmirçilu, öz növbəsində Azərbaycanla İran arasındakı münasibətlərin dostluğa, qonşuluğa və qardaşlığa əsaslandığını qeyd edib: “İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar Azərbaycanın prinsipial və qəti mövqeyi İranda yüksək qiymətləndirildi. İran tərəfi tam əmindir ki, Azərbaycan ərazisindən İrana qarşı heç vaxt istifadə oluna bilməz, Azərbaycan dövləti buna heç zaman imkan verməz”.
Beləliklə, daim sülhpərvər və beynəlxalq hüquqa hörmətlə yanaşan Azərbaycan qonşu İranla heç bir məhdudiyyət olmadan, qarşılıqlı fayda və mehriban qonşuluq prinsipləri əsasında siyasi, iqtisadi və mədəni əlaqələrin dərinləşməsində maraqlı olduğunu deyir. İran Prezidenti də AzTv-yə müsahibəsində dediyi “...Birinci prioritetimiz qonşu ölkələrlə yaxın münasibətlərə malik olmaqdır” fikri Tehranın da Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini ifadə edir. Bakı bu münasibətləri qarşılıqlı etimada söykənərək, anlaşılmazlıqların dialoq yolu ilə aradan qaldırılmasını təklif edir.
Xəyal BƏŞİROV,
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədrı
İran Prezidenti Məsud Pezeşkianın öncə Bakıya, bir qədər sonra Xankəndiyə səfər etməsi və həmin səfərləri zamanı səsləndirdiyi fikirlər, etdiyi jestlər özü-özlüyündə həmin radikallara bir mesaj idi. Cənab Pezeşkian İrandakı bəzi qüvvələrin, onlara bağlı media orqanlarının və siyasətçilərin Azərbaycana qarşı ittihamlarının əsassız, absurd və böhtan olduğunu təsdiqləmiş oldu. Həmin ittihamlar və böhtanlar Azərbaycan tərəfindən daim rədd edilirdi və bəyan edilirdi ki, onlar tamamilə uydurmadır, bizim üçün əhəmiyyət kəsb etmir. İran Prezidenti məlum açıqlaması ilə rəsmi Bakının haqlı olduğunu təsdiqlədi ki, İrandakı həmin dairələrin ittihamlarının heç bir əsası və sübutu yoxdur, fakta söykənməyən iftiralardır. Lakin Prezidentin ədalətli və təqdirəlayiq fikirləri səslənəndən sonra da Azərbaycana qarşı iftiraları davam etdirən qüvvələr bu gün də öz işlərindədirlər. Onlar İranla Azərbaycan arasında münasibətlərin yaxşılaşmasını istəmir, bütün gücləri ilə münasibətlərin pozulmasına çalışırlar. Prezident Pezeşkianın Azərbaycana səfərləri, burada verdiyi açıqlamalar həmin qüvvələri qane etmir, onları narazı salır. Ona görə də, əslində, nümayiş etdirdikləri mövqe ilə prezidentin mövqeyinə qarşı çıxmış olurlar.
Onların susdurulması üçün gərəkən sərt addımlar atılmadıqca anti-Azərbaycan kampaniyasını bundan sonra da davam etdirəcəklər. İran Prezidenti Məsud Pezeşkian həmin araqarışdıran qüvvələrin öhdəsindən gələ bildiyini konkret addımları ilə nümayiş etdirməlidir. Bunu etməsə istər-istəməz belə bir fikir formalaşacaq ki, prezidentin həmin qüvvələrə gücü çatmır. Rəsmi Bakı İran–Azərbaycan münasibətlərini pozmağa çalışan, hətta bunun üçün Prezident Pezeşkianın ortaya qoyduğu siyasəti sabotaj edən qüvvələrin susdurulmasını gözləyir. Güman edirik ki, yaxın zamanlarda bu istiqamətdə addımların atılıb-atılmayacağını görəcəyik.
Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq
– İran parlamentində, ümumiyyətlə, bu ölkənin siyasi elitasında radikal qüvvələr kifayət qədər çoxdur. Bu siyasi elitanın parçalanmasını da müşahidə edirik. Ali dini rəhbərliyə yaxın mühafizəkarlar və Prezidentin ətrafında olan islahatçılar kimi iki siyasi düşərgədən danışa bilərik. Onların arasında müəyyən dərəcədə ideoloji-siyasi qarşıdurma gedir. Aydın məsələdir ki, biz həmişə rəsmi instansiyalara istinad edirik. Həm prezidentin, həm də xarici işlər nazirinin Azərbaycana yanaşması kifayət qədər pozitivdir. Guya müharibədə İsrailə kömək etməyimiz, dron məsələsi dediyimiz instansiyalarda heç vaxt qaldırılmayıb. Əksinə, bu feyk-məlumatları birmənalı şəkildə təkzib ediblər. İndi mühafizəkar radikalların yalanları o həddə gəlib çatıb ki, həmin dronların Azərbaycandan İran tərəfə uçanda öz gözləri ilə gördüklərini bəyan edirlər. Yəqin bu, onların yuxularında gördükləri fantastikanın əlamətləridir.
Axı, Axərbaycan ərazisindən heç bir dron, PUA İran ərazisinə göndərilməyib. Məgər müasir raketlərin, dronların İsraildən İrana qədər uçmasına hansısa maneə və ya məhdudiyyət mövcud idi? Bu mənada onların Azərbaycana ehtiyacları da yox idi. Bu versiyanı havaya üfürənlər fantaziyalarını deyil, reallığı düşünməlidirlər.
Düşünürəm ki, bu, son deyil. İrandakı Azərbaycanı gözləri götürməyən radikal dairələr belə yalan bəyanatları bundan sonra da səsləndirəcəklər. Təbii ki, Bakı bu cür iddiaları qətiyətlə rədd edəcək. Hazırda konkret bu məsələdə qəbul etdiyimiz mövqe rəsmi Tehranın mövqeyidir. Həmin radikallar prezidentlərinin açıqlamalarını diqqətlə dinləməli və ondan nəticə çıxartmalıdırlar.
İmran BƏDİRXANLI
XQ